Naxçıvan Dövlət Universitetində bayram tədbiri

A- A A+

Naxçıvan Dövlət Universitetində (NDU) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil edilib.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a bildirilib ki, əvvəlcə universitetin İncəsənət fakültəsinin sərgi salonunda sərgiyə baxış olub. Təsviri incəsənət kafedrasının müdiri, Əməkdar rəssam Həbibə Allahverdiyeva bildirib ki, sərgidə kafedranın müəllim və tələbələrinin birgə hazırladığı 40-dan çox rəsm əsəri, boyakarlıq, dekorativ tətbiqi sənət nümunələri sərgilənir. Burada Texnologiya müəllimliyi ixtisası tələbələrinin hazırladığı 15-ə yaxın əl işi də yer alıb.

NDU-nun rektoru Elbrus İsayev kreativ ideyalarla zəngin əl işlərinin əhəmiyyətli yaradıcılıq məhsulu olduğunu vurğulayıb, tələbələrə uğurlar arzulayıb.

Fakültənin akt zalında təşkil edilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Universitetin rektoru bildirib ki, 1991-ci il dekabrın 16-da ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr – Dünya Azərbaycan türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunub. Qərara əsasən, 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd edilib. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram sonrakı dövrlərdə bu sahədə həyata keçirilən tədbirlərin daha kütləvi xarakter almasında, xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynayıb.

Elbrus İsayev çıxışının sonunda universitet kollektivini bayramlar münasibəti ilə təbrik edib, hər bir gəncin əsl Azərbaycan vətəndaşı kimi milli-mənəvi dəyərlərimizin fəal təbliğatçısı olmağı arzulayıb.

Universitetin İncəsənət fakültəsinin tələbələri bir-birindən maraqlı musiqi, rəqs nömrələri ilə tədbiri daha da şənləndiriblər. NDU-da təhsil alan əcnəbi tələbələrin bədii qiraəti, musiqi və rəqs nümunələri ilə çıxışları, Yeni ilin rəmzi sayılan Şaxta baba və Qar qızın gəlişi tədbirə rəngarənglik qatıb.

Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: