NUHÇIXAN xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar kollegiya iclası keçirilib.
İclasda Hava limanının direktoru Mənşur Gülməmmədli bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında qeyd olunduğu kimi, cari dövrdə Şahbuz şəhərində aviakassa binası tikilərək istifadəyə verilib. Naxçıvan Beynəlxalq Hava Limanında yeni uçuş-enmə zolağının qurulması davam etdirilib. Həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən avqust ayının 15-dən etibarən Naxçıvan Muxtar Respublikasının Türkiyə üzərindən birbaşa hava dəhlizi açılıb.
Hava limanının direktoru Mənşur Gülməmmədli 2019-cu ildə görülən işləri ətraflı təhlil edib. Bu ildə Hava Limanı üçün ən vacib və səmərəli layihələrdən biri köhnə asfalt örtüklü uçuş-enmə zolağının yenidən qurulması və tikintisi olub. Uzunluğu 3300 metr, eni 60 metr olan uçuş enmə zolağı enmə sistemləri, işıq-siqnal sistemi, yan təhlükəsizlik, son tormozlama zolaqları, meteoroloji avadanlıqlar və başqa qurğularla təmin olunub. Yeni uçuş enmə zolağında uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yeni quşqovucu sistemin quraşdırılması nəzərdə tutulur. Aviasiya və uçuşların təhlükəsizliyinin təmin olunması istiqamətində ayrı-ayrı xidmət sahələrinin maddi-texniki bazası möhkəmləndirilib. Belə ki, xüsusi avtonəqliyyat xidmətinə 1 Man markalı yanğınsöndürən avtomobil, MTZ markalı yarımqoşqulu 2 traktor alınıb və istifadəyə verilib, Aviasiya Təhlükəsizlik tədbirləri çərçivəsində Karqo terminalına yeni şəbəkə videoqeydedici qurğular, Nəzarət Buraxılış Məntəqəsinə rentgen təftiş sistemi quraşdırılıb, hava limanı ərazisinə perimetr boyu 36 ən son texnologiya ilə çalışan termal kameralar quraşdırılması işləri davam etdirilir.
Vurğulanıb ki, xidmətlərarası radioəlaqənin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Motorolla tipli yeni radiostansiyalar, qış avtomobilləri üçün 6 radiostansiya alınaraq texniki istismar qaydalarına uyğun xidmətlərə təhvil verilib. Hava Gəmisini işə salmaq üçün istifadə olunan 1 hava starteri, baqaj daşınmalarını daha da yaxşılaşdırmaq üçün 10 baqaj arabası alınıb istifadəyə verilib. Hava limanının xidmət sahələrinin əməkdaşları Milli Aviasiya Akademiyasının Pilotların Hazırlığı Mərkəzində kurslarda iştirak ediblər. Bununla belə, müəssisədə sərnişinlərlə sıx əlaqədə olan şəxsi heyət üçün xarici dil kursları təşkil olunub.
Diqqətə çatdırılıb ki, sərnişin daşımalarda, il ərzində yerli hava xətləri ilə 2146 reys 308 min 249 sərnişin, 4 milyon 899 min 681 kiloqram baqaj, 912 min 629 kiloqram yük, 53 min 892 kiloqram poçt daşınıb. Beynəlxalq daşımalarda isə 140 reys həyata keçirilib. Naxçıvan–İstanbul istiqamətində 4 min 249 sərnişin, eləcə də, 58 min 496 kiloqram baqaj, Naxçıvan-Moskva istiqamətində 4 min 128 sərnişin, 77 min 249 kiloqram baqaj daşınıb.
Mənşur Gülməmmədli qeyd edib ki, 2020-ci ildə də hava limanının istismarının daim saz saxlanması istiqamətində kollektiv səy göstərəcək və var qüvvəsi ilə çalışacaq.
Məruzə ətrafında xidmət və sahə rəisləri çıxış edərək 2019-cu ildə görülən işlər və qarşıda duran vəzifələrlə əlaqədar məlumat veriblər.
Turab Hacızadə