Muxtar respublikada ordu-xalq birliyinin növbəti nümunəsi - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, “Naxçıvan Şərab” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Fərda Şirniyyat” istehsal müəssisəsinin bir qrup əməkdaşı Naxçıvan şəhərindəki hərbi hissədə olublar.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov əsgərlərlə söhbət zamanı bildirib ki, bayram günlərində hərbi hissələrə sovqatların aparılması, əsgərlərlə həmrəylik nümayiş etdirilməsi xalq-ordu birliyinin daha bir ifadəsidir. Qeyd olunub ki, son illər ordu quruculuğu istiqamətində görülən işlər silahlı qüvvələrin regionun ən qüdrətli ordusu olması ilə nəticələnib. Əlahiddə Ümumqoşun Ordunun hazırkı inkişaf tempi buna bariz nümunədir. Azərbaycan əsgərinin heç nəyə ehtiyacı yoxdur, belə görüşlərin məqsədi əsgərlərlə bir araya gəlmək, onlara mənəvi dayaq olmaqdır. Ordumuzun maddi-texniki bazasının hər il daha da güncləndirildiyini və hərbi qulluqçuların mənzil məişət şəraitinin diqqətdə saxlanıldığını deyən icra başçısı bayramlar münasibətilə hərbi qulluqçuları təbrik edib, xidməti vəzifələrində uğurlar arzulayıb.
Hərbi qulluqçular adından çıxış edən zabit İsa Məmmədov və əsgər Orxan İsmayılov göstərilən qayğının onlarda ruh yüksəkliyi yaratdığını qeyd edib və bütün şəxsi heyət adından minnətdarlıqlarını bildiriblər. Gətirilən yerli istehsal olan müxtəlif növ ərzaq məhsulları hərbi hissəyə təhvil verilib.
Vüsal Muradov