Türkiyə KİV-ləri TANAP-ın reallaşmasını Türkiyə-Azərbaycan qardaşlığının təzahürü kimi dəyərləndirir

A- A A+

Trans-Anadolu (TANAP) təbii qaz boru kəmərinin istifadəyə verilməsi münasibətilə iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində keçirilən təntənəli mərasim qardaş ölkənin KİV-lərinin diqqət mərkəzində olan əsas mövzudur.

NUHÇIXAN xəbər verir ki, ölkənin aparıcı televiziya kanalları, qəzetləri, xəbər agentlikləri TANAP-ın əhəmiyyəti və rolu barədə məlumatlar, analitik materiallar və reportajlar yayıblar.

TRT HABER, NTV, HABER TURK, CNN TÜRK və digər televiziya kanalları reportajlarında TANAP-ı strateji qaz xətti kimi dəyərləndirib.

Anadolu Agentliyi açılış mərasimindəki çıxışlardan, o cümlədən dövlət və hökumət başçılarının ikitərəfli görüşlərindən informasiyalar yayıb. Agentlik dövlətimizin başçısının mərasimdəki çıxışını “Azərbaycan Prezidenti Əliyev: TANAP Türkiyə ilə Azərbaycanın zəfəridir” sərlövhəsi ilə təqdim edib.

“Sabah” qəzetində dərc olunmuş analitik yazıda layihənin əhəmiyyəti, TANAP-ın texniki göstəriciləri, boru xəttinin keçdiyi ərazilərin inkişafına təsir imkanı barədə ətraflı məlumat verilir. Qəzet TANAP-ı əsrin layihəsi kimi təqdim edir.

“Milliyyət” qəzeti “Tarixi gün! TANAP-dan ilk qaz axını başladı” sərlövhəsi ilə yaydığı xəbərdə Prezident İlham Əliyevin çıxışına geniş yer ayırıb.

“Yeni Şəfəq” qəzetində dərc olunmuş “Enerjinin ipək yolu” adlı məqalədə “nəhəng layihələrin halqası”, “TANAP sərmayələrin önündədir”, “qardaşlığın təzahürü”, “güclü liderliyin nəticəsi”, “enerji körpüsü” və s. kimi yarımbaşlıqlar yer alıb.

“Hüriyyət”, “Yeni akıt”, “Axşam”, “Türkiyə” və digər qəzetlərdə dərc olunan informasiya və məqalələrdə TANAP sülh, inkişaf, təhlükəsizlik, sosial rifah layihəsi kimi təqdim olunur. Əsaslandırılır ki, bu ideyanın ortaya çıxması və gerçəkləşməsi Azərbaycanın və Türkiyənin tarixi qardaşlığının, qurub-yaratmaq istəyinin nəticəsidir.

DHA, İHA və digər xəbər agentlikləri TANAP-ın gerçəkləşməsi istiqamətində qəbul edilən siyasi qərarların əhəmiyyətini, bu layihənin iqtisadi gücünü, onun enerji təhlükəsizliyindəki rolunu diqqətə çatdırıblar.

Türkiyə KİV-lərinin böyük əksəriyyəti TANAP-ın reallaşmasını Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının təzahürü kimi dəyərləndirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: