Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına bayram sovqatı aparılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına bayram sovqatı gətirib.
Əsgər və zabitlərlə keçirilən görüşdə muxtar respublikanın Baş naziri Əlövsət Baxşiyev qarşıdan gələn bayramlar və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 14-cü, Mülki Müdafiə Alayının yaradılmasının 13-cü ildönümü münasibətilə əsgər və zabitləri təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində nazirliyin tabeliyində olan Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun 6 rayon şöbəsi üçün yeni inzibati binalar və texniki qarajlar tikilərək müasir iş şəraiti yaradılıb, ən müasir yanğınsöndürmə avtomobilləri, yanğın texniki ləvazimatları alınıb. Mülkü Müdafiə Alayının maddi-tədris bazası əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Nazirlik üçün tikilib istifadəyə verilmiş yeni inzibati binada xidmətin aparılması üçün müasir iş şəraiti yaradılıb.
Nazirlik əməkdaşlarının əməyi dövlət tərəfindən daim yüksək qiymətləndirilir,- deyən baş nazir Əlövsət Baxşiyev qeyd edib ki, xidməti vəzifələrini layiqincə yerinə yetirən iki zabitə ali hərbi rütbə verilib, 25 nəfər dövlət mükafatına layiq görülüb, 31 nəfər “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub, şəxsi heyətin aylıq vəzifə maaşı orta hesabla 50 faiz artırılıb və Naxçıvan şəhərində 7 mərtəbəli 48 mənzilli yaşayış binası tikilərək zabit-gizir ailələrin istifadəsinə verilib.
Əsgərlərdən Fərid Qoçəliyev, Allahverdi Allahverdiyev və Mülki Müdafiə Alayının komandiri, polkovnik-leytenant Azadil Hüseynov diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra gətirilən bayram sovqatı əsgərlərə təhvil verilib.
ƏbülfəzDünyamalıyev