Bu il 507 milyon 641 min manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasından irəli gələn vəzifələr, nazirliyin 2019-cu ildə gördüyü işlər və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov bildirib ki, 2019-cu ildə muxtar respublikada 507 milyon 641 min manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxdur. 2019-cu ilin məhsulu üçün muxtar respublikada 62 min 970 hektar sahədə əkin keçirilib. Strateji əhəmiyyəti nəzərə alınaraq 33 min 308 hektar sahədə taxıl səpini aparılıb, 102 min 984 ton məhsul yığılıb.
Ötən il muxtar respublika üzrə 3228 hektar sahədə kartof, 50,5 hektar sahədə tütün, 6 min 246 hektar sahədə tərəvəz, 2 min 778 hektar sahədə bostan əkinləri həyata keçirilib, yeni meyvə bağlarının salınması davam etdirilib. Hazırda muxtar respublikanın iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik aborigen meyvə-tərəvəz sortlarının bərpa və tətbiq olunması üçün elmi-tədqiqat işlərinin aparılması da davam etdirilir. “Araz” Elm İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində aparılan tədqiqat işləri nəticəsində 372 meyvə sortunun genetik fondu toplanıb.
Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə aparmaq məqsədilə muxtar respublikaya dərman preparatları da gətirilərək ödənişsiz olaraq sahibkarlara çatdırılıb. Toxumçuluq və bitkilərin mühafizəsi idarəsinin laboratoriyasında toxum nümunələri götürülərək analiz olunub.
2019-cu ilin ötən dövründə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 319 müxtəlif adda kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq, 2020-ci ildə əkinlərə verilməsi üçün 6 min ton karbamit gübrəsi alınıb. Məhsul istehsalçılarına il ərzində 7 min 174 ton mineral gübrə verilib.
Ötən il 520 hektar torpaq sahəsində qapalı suvarma şəbəkəsi qurulub.
Heyvandarlığın inkişafı ilə əlaqədar cari ilin ötən dövründə fermerlərə 9 milyon 468 min manatdan çox kredit verilib. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaqla məhsuldarlığın yüksəldilməsi üçün əsaslı tədbirlər həyata keçirilib. Babək rayonunda Süni Mayalanma Mərkəzinin tikintisi də davam etdirilir.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası cari ildə də davam etdirilib, ötən dövr ərzində arıçılıqla məşğul olanlara 601 min manat kredit verilib. Muxtar respublikada “Arıçılıq məhsulları-bal” festivalının ardıcıl olaraq keçirilməsi bu sahəyə marağın artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərib. Artıq ikinci ildir ki, arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiyaların verilməsi bu sahəyə marağı artırıb, 2019-cu ilin sonuna muxtar respublikada arı ailələrinin sayı 99 min 798-ə çatdırılıb.
87 ailə təsərrüfatına 820 min manata yaxın güzəştli kredit verilib, ailə təsərrüfatları tərəfindən istehsal olunan məhsulların satışına dəstək göstərilməsi məqsədilə “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib.
Məruzə ətrafında Kənd Təsərrüfatı Nazirinin müavini “Araz Elm İstehsalat Birliyinin” baş direktoru Fikrət Həsənov, nazirliyin şöbə müdirləri Xaliq Abbasov, Əyyub Abdullayev, toxumçuluq və bitkilərin mühafizə idarəsinin müdiri Niyamət İsayev çıxış ediblər .
Sonda 2020-ci ilin iş planı təsdiq edilib .
Novruz Məmmədov