Muxtar respublika əhalisinin 140 min nəfərdən çoxu gənclərdir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 25 illiyi, “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il bayramı münasibətilə könüllü gənclərlə görüş təşkil olunub.

Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov ölkəmizdə gənclərlə aparılan işlər, onların fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsindən danışıb. Vurğulayıb ki,  bu siyasətin banisi ümummilli liderimiz Heydər Əliyevdir və bu gün də uğurla davam etdirilir. 

Ümummilli liderimizin təşəbbüsü ilə 1994-cü il iyulun 26-da  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradıldı. Həmçinin, muxtar respublikada da gənclərlə iş sahəsini təkmilləşdirmək, ayrı-ayrı dövlət orqanlarının bu sahədə fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ilin dekabr ayının 30-da Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi fəaliyyətə başladı. Bu muxtar respublika gəncliyi üçün ən önəmli tarixi hadisələrdən biridir. Belə ki, keçdiyi 25 illik fəaliyyət yolunda Nazirlik muxtar respublikada gənclərin hərtərəfli inkişafı, asudə vaxtlarının səmərəli təşkili, vətənpərvərlik tərbiyələrinin yüksəldilməsi, intellektual səviyyələrinin və dünyagörüşlərinin artırılması, onlarda ətraf mühitə qayğının formalaşdırılması istiqamətində bir sıra işlərə və yeniliklərə imza atdı. Muxtar respublikada gənclərlə bağlı bir neçə layihənin, həmçinin könüllülük hərəkatının əsasını qoydu.

Hazırda muxtar respublika əhalisinin 140 min nəfərdən çoxunu, yaxud 30 faizini 14-29 yaşda olan gənclər təşkil edir. Həmin gənclərin hərtərəfli inkişafı, sosiallaşması, maraqlarının təmin olunması daim dövlətimizin diqqətində olan əsas məsələlərdəndir. Bu məsələni muxtar respublikada həyata keçirən əsas icraedici orqan olaraq Gənclər və İdman Nazirliyi gəncləri daim ətrafında toplayaraq, ölkəmiz və muxtar respublikamız üçün onları bir araya gətirərək birlikdə böyük işlər həyata keçirir. Hələ 2018-ci ildə siz gənclərin də dəstəyi ilə biz muxtar respublikamızın paytaxtı Naxçıvan şəhəri ölkəmizin Gənclər Paytaxtı etdik. Bu Naxçıvan gəncliyinin gücünün, birliyinin, eyni zamanda aktivliyinin böyük təcəssümü idi. Naxçıvan şəhəri ətrafında “Gənclər Bağı”nın salınması, gənclərimizin ətraf mühitin qorunmasına, ahıllara və fiziki imkanları məhdud uşaqlara yönəlmiş layihələr irəli sürməsi, muxtar respublika gəncliyinin qayğıkeşliyini, vətənpərvərliyini sübut edən amillərdəndir.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin 25 illik fəaliyyət tarixində imza atdığı yeniliklərdən biri də könüllülük hərəkatı oldu. Bu hərəkat bu gün ölkə səviyyəsində genişlənir. Ölkə başçısının Sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib.

Qeyd edək ki,  16 iyun 2018-ci il tarixdə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş futbol üzrə “Heydər Əliyev Kuboku” turnirində könüllü gənclərin iştirak və fəaliyyətlərinin təmin edilməsi ilə muxtar respublikada gənclər sahəsində yeni bir istiqamətin əsası qoyuldu. Könüllülərlə işi daha da rəsmiləşdirmək və təkmilləşdirmək məqsədilə isə 2019-cu ilin oktyabr ayında “Könüllü ol” layihəsinə start verildi. Bu gün layihə ətrafında 100-ə yaxın gənc birləşib.

Fəal könüllü gənclərə fərqlənməyə görə diplom təqdim olunduqdan sonra gənclər tərəfindən hazırlanmış vətənpərvərlik mövzusunda kompozisiya və rəqs nömrələri nümayiş olunub və tədbir konsert proqramı ilə davam edib. Tədbirə 100-ə yaxın gənc qatılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: