Naxçıvanın qış turizminin ideal məkanı-Ağbulaq - FOTOLAR

A- A A+

Qeyri-neft sektorunun inkişafına mühüm töhfə olan “Şahdağ” Turizm Kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. 2012--ci ildən fəaliyyətə başlayan mərkəzə üz tutan turistlərin sayı ilbəil artır. Hər bir ölkənin iqtisadi tərəqqisi həm də həmin ölkədə turizmin inkişaf göstəricisi ilə ölçülə bilər. Bəs bu göstərici nədir? Həmin ölkəyə turist axınının ilbəil artması, otellərin və istirahət mərkəzlərinin tikintisi və ən əsası bu sektorun  gəlir gətirən sahələrdən birinə çevrilməsi. Bu mənada gəlir gətirən sahələrdən birinə çevrilən “Şahdağ” Turizm Mərkəzinin fəaliyyət istiqamətlərinin və xidmət çeşidlərinin artırılması dövlətin diqqət mərkəzindədir. Dekabrın 27-də ölkə başçısının “Şahdağ” Turizm Mərkəzində görülən işlərlə maraqlanması və Mərkəzin üçüncü mərhələsi üzrə layihə işləri ilə bağlı tapşırıqlarını verməsi dediklərimizin əyani sübutudur. Ağbulaq Xizək Mərkəzinin də yaradılması muxtar respublikanın turizm sektoruna mühüm töhfə olacaq. Naxçıvan Muxtar Respublikasında turizm sektorunun inkişaf tarixi çox da keçmişə dayanmasa da, qısa zaman kəsiyində uğurlara nail olunub.

Muxtar respublika geniş turizm imkanlarına malikdir. 5 min illik şəhər mədəniyyəti olan Naxçıvan hər şeydən öncə Nuhun vətəni kimi turistləri cəlb edir. Bəşər sivilizasiyasının beşiyi olan bu qədim yurd yeri özündə Möminə xatın, Qarabağlar Türbə Kompleksi kimi dünya əhəmiyyətli abidələri hifz edir. 14 il Əmir Teymur kimi fatehə baş əyməyən Əlincə qala, Nəsiminin müəllimi Fəzlullah Nəiminin uyuduğu Xanəgah Türbə Kompleksi, XII əsrin yadigarları Yusif Küseyr oğlu və Gülüstan türbələri, Naxçıvan xanlığının yadigarı olan “Xan Sarayı” Dövlət Tarix- Memarlıq Muzeyi turizm həvəskarları üçün cəlbedicidir. Bu mənada tarixi yerləri görmək, gəzmək, tarixlə baş-başa qalmaq üçün Naxçıvan zəngin bir yerdir. Digər tərəfdən sağlamlığın təbii ünvanları olan Duzdağ möcuzəsi, Darıdağ Arsenli su müalicəxanası, insanların inanc yeri Əshabi-Kəhf ziyarətgahı, təbiət gözəli Batabat və sadalamadığımız onlarla məkan Naxçıvanın zamanla formalaşan tarixi-mədəni, sağlamlıq, dini, ekoturizm imkanlarını sərgiləyir. Xizək Mərkəzinin yaradılması isə bir ilkdir. Əgər bu günə qədər turistlər daha çox yaz və yay aylarında Naxçıvana gəlirdilərsə, artıq Xizək Mərkəzi istifadəyə verildikdən sonra qış fəslini burada keçirmək onlar üçün maraqlı olacaq. Təbii ki, bu yalnız xarici turistlərin deyil, yerli əhalinin də diqqətində olacaq və beləcə Ağbulaqda kənd turizmi ilə yanaşı, yeni  turizm növünün də inkişafına zəmin yaranacaq. Eyni zamanda yeni dağ-xizək turizminin təklif olunması bu məqsədlə başqa yerlərə gedən turistləri yerli xidmətlərdən istifadəyə yönəltmiş olacaq.

Ağbulaq Şahbuz rayonunun ucqar dağ kəndidir. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə  Dərələyəz və Zəngəzur dağ silsilələri arasında yerləşir. Büllur kimi saf, təmiz bulağın adından götürülən Ağbulaq gözəl təbiəti ilə fərqlənir. Təsadüfi deyil ki, ötən əsrin 70-ci illərində burada “Araz” pioner düşərgəsi fəaliyyət göstərib. Dörd bir tərəfdən kəndi əhatələmiş dağlarının qoynunu-kəklikotu, dazotu, həmərsün, çobanyastığı, böyrəkotu kimi   min bir dərdə şəfa bitkilər bəzəyər. Buz bulaqlari, təmiz havası ilə tanınan Ağbulaq  kənd turizminin ən yaxşı ünvanı kimi diqqətdə olub. 2013-cü ildə kənddə aparılan kompleks quruculuq işləri, yollarının abadlaşması, eləcə də turistləri qarşılaya biləcək xidmət obyektinin-Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi yeni mərhələnin başlanğıcı oldu. 2 yaşayış korpusundan və 1 yeməkxana binasından ibarət olan mərkəzdə ikimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə, 38 otaq mövcuddur. İstirahət mərkəzində kənd məhsullarının satışı mağazası da fəaliyyət göstərir. Artıq mərkəzdə hər il gənclərin “Yay məktəbi”, eləcə də dövlət qulluqçularının şənbə, bazar günləri mənalı istirahəti təşkil olunur. Zamanla yerli və xarici turistlərin diqqətini cəlb edən mərkəzin fəaliyyət istiqamətlərinin genişləndirilməsi zərurəti yarandı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il  noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülür. Xizək mərkəzinin yaradılmasına 2018-ci ilin iyul ayından başlanılıb. Mərkəzdə ziqzaq şəklində ümumi uzunluğu 1590, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, xizəksürmə məktəbi, əyləncə və uşaq parkları turistlərin xidmətində olacaq. Kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılacaqdır ki, bu da saatda 1000-dən artıq insana xidmət etməyə imkan verəcəkdir.

Ərazinin relyefi və iqlim xüsusiyyətləri dağ xizəkçiliyinin inkişafı üçün geniş imkanlar açır. Burada Ağbulaq Xizək Mərkəzi üçün inzibati bina inşa olunub, həmçinin yeni xidmət sahələri yaradılıb. Mərkəzdə turistlərə ayaqüstü (fastfood) və təndir yeməkləri təklif olunacaqdır. Ərazidə hər biri iki nəfərlik olmaqla 3 kottec də  tikilib.

Azərbaycan Turizm və Menecment universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı, turizm sahəsi üzrə ekspert Bahadur Bilalov Ağbulaq Xizək Mərkəzinin yaradılmasını Naxçıvan turizmi üçün yeni perspektivlər vəd etdiyini bildirir: “Müxtəlif tədbirlərlə əlaqədar dəfələrlə muxtar respublikada olmuşam. Hər səfərimdə Naxçıvanın müstəqillik illərində sürətlə abadlaşdığının şahidinə çevrilmişəm. Ölkə Prezidenti İlham Əliyev cənablarının turizmə verdiyi xüsusi önəm Naxçıvanda əməli işlərlə həyata keçirilir. Muxtar respublika öz füsunkar təbiəti və landşaftı ilə ekoturistləri, möhtəşəm Möminə xatın türbəsi və digər memarlıq nümunələri, həmçinin əyilməzliyin simvolu olan Əlincə qalası ilə tarixi-mədəni abidələrə maraq göstərənləri, Duzdağ və Darıdağı ilə müalicə həvəskarlarını, Əshabi-Kəhf mağarası və İmamzadələri ilə inanclı insanları özünə cəlb edir. Ağbulaq xizəkçilik mərkəzinin yaradılması isə Naxçıvan turizmi üçün yeni perspektivlər vəd edir. Faktiki olaraq bununla muxtar respublikada turizmin ilboyu olacağına əminəm. Qonşu İran və Türkiyədən turistlər qış mövsümündə Naxçıvana axın edəcək, bu isə yerli büdcəyə xeyli valyutanın daxıl olmasına səbəb olacaqdır”.

Azərbaycan Sağlamlıq və Termal turizminə Dəstək Assosiasiyasının Sədri, turizm üzrə beynəlxalq ekspert Ruslan Quliyev:  “Çox sevindirici haldır. Artıq 3-cü dağ-xizək mərkəzinin yaradılması  təbii ki, ölkəyə gələn turistlərin sayına da çox müsbət təsirini göstərəcəkdir. Əsas məsələlərdən biri də mövsümilik məsələsinin aradan qaldırılmasıdır. Bilirsiniz ki, digər ölkələrlə müqayisədə bizdə dağ-xizək turizmi son illər yaradılıb. Belə bir təcrübə var ki, turistlər açılan yeni mərkəzlərə səyahət etməyə daha çox üstünlük verirlər və bir neçə il həmin yer onların ənənəvi istirahət mərkəzinə çevrilir. Ümumilikdə, Naxçıvan turizm üçün olduqca əlverişlidir. Biz inanırıq ki, açıq səma konsepsiyası da Naxçıvana gələn turistlərin sayına öz təsirini göstərəcəkdir. Naxçıvan illərdir ki, sağlamlıq, ekoturizim, dini, işgüzar baxımından ildən-ilə daha çox turist qəbul edir. Naxçıvan festivallar və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi mərkəz kimi də turizm şirkətlərinin diqqətindədir”.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının icraçı direktoru Tərlan Quliyev fikirlərini belə çatdırdı: “Naxçıvan bildiyimiz kimi məşhur sağlamlıq mərkəzi kimi tanınır. Duz mağaralarına dünya ölkələrindən, xüsusən də MDB-dən pasientlərin axını müşahidə olunur. Naxçıvan bölgə olaraq çox maraqlı bir diyardır. İstər yay fəslində, istərsə də qış fəslində Naxçıvan turistlərə öz qucağını aça bilər. Ağbulaq Xizək Mərkəzinə gəlincə, bilirsiniz ki, Şahdağ və Tufandağda  dağ-xizək mərkəzləri vardır və kifayət qədər də turistlər üçün populyar yerlərdir. Naxçıvanda yeni yaradılmış xizək mərkəzi isə Naxçıvana yeni imkan gətirmiş olur ki, bu da bölgəyə sadəcə yaz-yay fəslində deyil, həmçinin qış fəslində də turistlərin axını deməkdir”.

Bəli, Ağbulaq Xizək Mərkəzinin yaxın zamanda istifadəyə verilməsi yalnız turistlərin deyil, yerli əhalinin də maraqlarını təmin etmiş olacaq. Turizmin yeni istiqaməti-qış turizmi burada da genişlənəcək. Dağ xizəkçiliyi həvəskarları üçün: “Qış fəslində istirahətimi necə təşkil edə bilərəm?” sualına cavab -Ağbulaq Xizək Mərkəzi olacaq.

Ruhiyyə Rəsulova

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: