NUHÇIXAN xəbər verir ki, ötən illərdə olduğu kimi, bu il də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı Naxçıvan Muxtar Respublikasında yüksək coşqunluq və bayram atəşfəşanlığı şəraitində qeyd ediləcək.
Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki mərkəzi meydanda bir neçə gün əvvəldən bayram yolkası qurulub, şəhər al-əlvan bayram libası geyinib, küçə və ağaclar rəngli işıqlarla bəzədilib.
Dekabrın 31-də gecə saat 12:00-da şəhərin mərkəzində bayram atəşfəşanlığı olacaq, yanvarın 1-2-də isə konsert və əyləncəli proqramlar, ictimai-iaşə xidməti təşkil ediləcək.
Bayram atəşfəşanlığından sonra Yeni il şənlikləri, müxtəlif proqramlar Naxçıvanın ən yaxşı turizm məkanları və otellərində davam edəcək. Belə ki, Duzdağ oteldə, Təbriz oteldə, “Əyləncə Mərkəzi”ndə unudulmaz bayram gecəsi təşkil olunacaq. Naxçıvanda ilk dəfə olaraq “Saat Meydanı” Turistik İstirahət Mərkəzində gecə saat 12-dən sonra pulsuz olaraq “After Party” adlı proqram və lazer şou hazırlanıb. Burada Vinyamin şou, Panda şou, Robot şou öz maraqlı repertuarları ilə çıxış edəcəklər. Həmçinin bayram şənlikləri Ağbulaq İstirahət Mərkəzində və “Batabat” restoranında da davam edəcək.