Dünya Naxçıvandan danışır...

A- A A+

Gözəl diyarım Naxçıvan, istəyirəm, yenə səndən danışam. Amma bu dəfə haqqında dünyada danışılanlardan söhbət açmaq istəyirəm. Deyirlər, musiqinin dili yoxdur, onu ayrı-ayrı dillərdə danışan bütün insanlar eyni cür duyur. Deyərdim ki, möcüzə də belədir. Bunu hamı olduğu kimi görür, sadəcə, ondan hər kəs öz dilində danışır...

Yaranışı, tarixi, təbiəti, mədəniyyəti, ədəbiyyatı, sənətkarlığı ilə möcüzə Naxçıvan. Bütün dünya səndən danışır. Torpağına qədəm qoyan, hüsnünə heyran qalan, muzeylərindən tarixin o başına boylanan, keçmişinə nəzər salan, dünəninə bələd, bu gününə valeh olan hər kəs səndən bəhs edir. Gözdağı olduqlarına bu söhbətlər xoş gəlmir, bəli. Amma hamı yaxşı bilir və görür ki, dünya səndən danışır. Artıq tarixin illər qalereyasına verilməkdə olan bir 365-in də hər günü dünyanın səndən danışdığına şahid kimi bu gözəl diyarla vidalaşır. O şahidlər söyləyir ki...
...Özbəkistan səndən danışır. Bu ölkənin “uchildiz.uz” portalı rus dilində Naxçıvan yallısının Azərbaycanın musiqi mədəniyyətindəki yerindən, qədim tarixin, zəngin mədəniyyətin göstəricisi olduğundan yazır. Yallımızın Gəmiqaya arxeoloji abidələrində də əks etdirildiyindən, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan yallısını “Naxçıvanın tacı” adlandırdığından bəhs edir. Hazırda Naxçıvan toylarında ifa edilən yallının bu diyarda 100-dən çox növündən, “Qazı-qazı”, “Qaladan-­qalaya”, “Köçəri”, “Çınqı-çınqı”, “Ağıryallı”, “Xalq yallısı”, “Şəruri”, “İki ayaq”, “Üç ayaq”, “Urfani”, “Xələfi”, “Ərzumani”dən danışır.
Bu möcüzələr məkanından Pakistan söhbət açır. “Daily Times” qəzetində yerləşdirilən məqalə ilə qədim yurdun tarixindən, keçmişindən, blokadalı həyatından, bu günündən – son 25 ilinin inkişaf və tərəqqisindən danışır.
Naxçıvandan – bu füsunkar diyardan Türkiyə danışır. Buraya ilk dəfə 1993-cü ildə, bu il isə yenidən gələn Həmzə Səngər “gazetekars.com”da təəssüratlarını yazır. Heydər Əliyev Muzeyindən, Dövlət Bayrağı Meydanından, Xan sarayından, Açıq Səma Altında Muzeydən, Möminə xatın məqbərəsindən, Naxçıvan teatrından danışır, bu gözəl və cazibədar şəhərin onu valeh etməsindən söz açır. Yurddaşlarına bir gün yolları Naxçıvana düşərsə, mütləq bu məkanları görməyi tövsiyə edir. Türkiyə Dağçılıq Federasiyasının 14 nəfərlik heyətinin tərkibində Xocalı soyqırımının ildönümü ilə əlaqədar bu il fevralın 25-də Haçadağa yürüş edən həvəskar dağçı Səlma Güvənin təəssüratlarında “Zamanın durdurulduğu Qaf Dağı ölkəsi... Naxçıvan Muxtar Respublikası”san, onun ölkəsinə qayıtdıqdan sonra ­ “guncelkadin.com.tr” saytında yerləşdirilən məqaləsində doyumsuz gözəlliklərindən bəhs edilən möcüzələr diyarısan, Naxçıvan.
“Serhad Birikim” qəzetinin əməkdaşı Muhammed Akkuşun səndən yazan qələmində Mərkəzi Asiyaya açılan qapısan, gözəl diyar. İlk dəfə buraya 1998-ci ildə gəldiyində muxtar respublikanın paytaxtı Naxçıvan şəhərinin prospekt və küçələrinin indiki kimi olmadığını, elektrik enerjisinin yoxluğunu, şəhərin daha çox kəndi xatırlatdığını yazan Muhammed bugünkü Naxçıvanın isə gömrük-keçid məntəqəsindən başlayaraq bir Avropa məkanına bənzədiyindən söhbət açır.
Türkiyənin 70 milyon insan tərəfindən oxunan “Skylife” turizm jurnalı Naxçıvandan danışır, Büşranur Kocaer “Mədəniyyətlər beşiyi Naxçıvan” adlı məqaləsi, Məsudə Bülbülə fotoşəkillərlə Naxçıvandan – yer üzündə varlığı Nuh Peyğəmbər dövründən başlayan və Böyük İpək Yolunun üzərində yerləşən, Övliya Çələbinin “Səyahətnamə”sində “Nəqşi-cahan” adlandırdığı qədim diyardan danışırlar.
Ayten Alkaşı mədəniyyətlər diyarı Naxçıvandan Türkiyəyə salam göndərir, “www.siyasalbirikim.org” saytında bu diyara siz də gəlin, mütləq gəlin, mədəniyyəti, təmizliyi görün, restoranların gözəlliyinə, xüsusən səliqə-sahmana, qonaqpərvərliyə şahid olun və bu diyarın özünəməxsus yeməklərindən dadın, o vaxt mənə haqq verəcəksiniz, – deyir.
Amerika səndən danışır, Naxçıvan. Tədqiqatçı Peter Tase “Eurasia Dairy” saytında “Ermənistanın Azərbaycana qarşı faşist təbliğatı” sərlövhəli məqaləsində “The Guardian” və “Hyperallergic” qəzetlərində ermənilər tərəfindən Naxçıvan barədə yazılan uydurma yalanlardan, oxuculara yanlış məlumat verməklə qədim tarixi ilə bağlı faktları məhv etmək və ləkələmək cəhdlərindən danışır. Erməni saxtakarlığını beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağın və şovinizmin bir forması hesab edir. Tək bununla deyil, Peter Tase digər müsahibə və yazılarında səndən, təbiətindən, gözəlliyindən danışır.
Ukraynanın “mega-polis.in.ua” saytında yerləşdirilən məqalə ilə səni Azərbaycanda Avropa şəhərlərini xatırladan bir məkan kimi oxuculara təqdim edir. Burada olan təmizlik və səliqə-sahmanın Avropanın İsveçrə, Avstriya, Almaniya kimi ölkələrin şəhərləri ilə müqayisə oluna biləcəyindən danışır. Məqalədə Naxçıvanın müasir görüntülərinin və yenidən bərpa edilən qədim abidələrinin fotolarını da verməklə bu diyarın gözəlliklərindən canlı olaraq danışır. Ukraynanın “Kanal-5” tele­viziyası Naxçıvanla bağlı çəkilmiş ikihissəli verilişdə də yenə bu diyardan bəhs edir. Buradakı tarixi abidələrdən, mədəniyyət və səhiyyə müəssisələrindən, həmçinin muxtar respublikanın iqtisadi potensialından, istehsal edilən keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsullardan, sənaye və kənd təsərrüfatı sahəsində qazanılan uğurlardan, Duzdağ Fizioterapiya Mərkəzində təkcə yerli sakinlərin deyil, həmçinin əcnəbi ölkələrdən gələn insanların müalicə olunmasından söz açır. “Naxçıvan” mahnısının sədasını Ukraynaya yayır.
Səudiyyə Ərəbistanı Naxçıvanın Qafqazın incisi, İslam Mədəniyyətinin Paytaxtı olmasından danışır. Krallığın Turizm və İrs Komitəsinin nəzdində fəaliyyət göstərən turizm media orqanlarının “arabtourist.net” və “ac4mt.net” internet saytlarında ərəb dilində yerləşdirilən məlumatla, Naxçıvan şəhərinin və muxtar respublikanın təbiət mənzərələrini əks etdirən fotoşəkillərlə Ərəbistan bu diyarın 1200-dən artıq dünya və yerli əhəmiyyətli tarixi abidəsindən, qədim tarixə malik olan Naxçıvan şəhərinin güclü dövlətlərin, o cümlədən Atabəylər dövlətinin paytaxtı olmasından, burada elm, mədəniyyət və sənətkarlığın geniş inkişaf etməsindən, islami dəyərlərin yaşadılmasından söhbət açır. Yaxın Şərqdəki ərəbdilli ölkələrdə milyonlarla insan tərəfindən izlənilən “CNN arabic” telekanalının rəsmi internet saytı da Naxçıvandan danışır. Əshabi-Kəhf ziyarətgahının Naxçıvan Muxtar Respublikasında yerləşən bir məbəd olduğundan, əvvəllər bu müqəddəs ocağa gediş-gəlişin həddindən artıq çətinliyindən, 1998-ci ildə dövlət tərəfindən aparılan quruculuq və bərpa işləri nəticəsində Əshabi-Kəhfə yolların çəkilməsindən, ziyarətgahın abadlaşdırılmasından, əhəmiyyətli turizm mərkəzinə çevrilməsindən, hər il buranı dünyanın müxtəlif yerlərindən on minlərlə insanın ziyarət etməsindən söz açır.
Çili öz vətəndaşlarına Naxçıvandan bəhs edir. Ölkənin geniş oxucu kütləsinə malik “epicentrochile.com” xəbər saytı Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “Azərbaycanın tarixi şəhəri Naxçıvan” başlıqlı məqalə ilə Naxçıvanın tarixən qədim İpək Yolu üzərində yerləşdiyindən, Şərq və Qərb arasında ticarət yollarını və sivilizasiyaları birləşdirdiyindən, “Şərqin qapısı” adlandırıldığını izləyicilərinə çatdırır. Bu il 95 illik yubileyini qeyd edən diyarın zəngin mədəniyyətini əks etdirən qədim tarixi abidələrindən, o cümlədən əzəmətinə və bənzərliyinə görə Azərbaycanın “Maçu Piçu”su adlandırılan, qəhrəmanlıq simvolu hesab edilən Əlincə qalasından, xalqın inanc və toponimləri ilə yanaşı, Qafqazın bir çox tədqiqatçılarının əsərlərində də bəhs olunan Nuh Peyğəmbərin türbəsinin burada yerləşdiyindən danışır.
Yaponiya səndən bəhs edir, Naxçıvan. “World Investors TV” internet televiziyası xüsusi yayımladığı verilişlə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının 95, böyük Azərbaycan mütəfəkkirləri İmadəddin Nəsiminin anadan olmasının 650 və Cəlil Məmmədquluzadənin 150 illik yubileyləri haqqında tamaşaçılarına məlumat verir.
Hindistan Naxçıvandan danışır. Ölkəsinə dövlət televiziyasında “Dünyanın yaradılış yeri, Nuhun vətəni – Naxçıvan” adlı süjetlə bu bənzərsiz diyar haqqında xəbər verir. Və beləliklə də, hindistanlılar bu möcüzələr diyarını görmək istəyirlər. Naxçıvan da Adityya Şaltari kimi ailəsi ilə Hindistandan burayadək gələn qonaqlarını qarşılayır, ağırlayır, əzizləyir. Hindistanlı digər qonağımız Debarçan Bisvas isə buraya “İsti ürəkli muxtar respublika”, – deyir. Təəssüratlarında qədimliyinin toxunulmaz qaldığına, eyni zamanda belə müasir görünüşünə görə çox heyrətləndiyini, blokadada yaşamaqla yanaşı, həm də inkişaf etdiyini, turistlərə qarşı çox istiqanlı olduğunu vurğulayır: “İnsanlar çox səmimidir. Dost qazanmaq bir gülümsəmə kimidir. Mən bura paranoyak səyahətçi kimi gəldim, amma çox gözəl xatirələr və ürəyimdə sevgi ilə geri döndüm. Qısa zamanda Naxçıvana yenidən səfər etməyi düşünürəm. Qədim, müasir və gözəl Naxçıvanı möhtəşəm insanların yaşadığı diyar olaraq dünyaya tanıtmaq üçün səylərimi əsirgəməyəcəyəm”.
İsveçrə bu gözəl məkan haqqında “Naxçıvanı gəzmək, şəfəqsaçan gözəlliklərə tamaşa etmək insanın ruhunu dincəldir”, – deyir. Dünyanın bir çox ölkələrini gəzən və Naxçıvanın da qonağı olan Duri Roner və Lie Roner, Andre Enqetşuler və xanım İnqrit Kundert gözəl Qafqazın bu kiçik məmləkətinin böyük heyranlıqla öz yaşadıqları yerə bənzədiyindən bəhs edirlər.
Daim iqtisadi və mədəni əlaqələrimiz olan qonşu İran İslam Respublikası da Naxçıvandan danışır. Təbriz şəhərində nəşr olunan “Ərk” qəzeti muxtar respublikanın zəngin turizm imkanlarına malik olmasından, bu il 95 illiyi qeyd olunan muxtariyyətindən söz açır.
Kanada Naxçıvanın öz tarixi, müasirliyi və tolerantlığı ilə unikal və cazibədar bir məkan olduğundan danışır. Bu qədim diyara əkiz qızları – Melisa və Mina ilə birlikdə tanışlıq məqsədilə gələn kanadalı turist Emily Hansen xoş təəssüratlarından söhbət açır.
Və nəhayət, Böyük Britaniya Naxçıvanı kəşf etdiyindən danışır. Azərbaycan barədə bələdçi kitabının müəllifi Mark Elliott ölkəsində “Wanderlust” jurnalında Azərbaycanın turizm potensialını təbliğ edən “Bakıdan kənara səfər etmək üçün ən yaxşı yerlər” sərlövhəli məqaləsində Naxçıvandan söhbət açır. Bu il yenidən Naxçıvanda səfərdə olduqdan sonra isə buranı kəşf etdiyindən nüfuzlu “Experience Azerbaijan” jurnalında dərc olunan məqaləsində bəhs edir: “Nuh Peyğəmbərin məzarı və “Avrasiyanın Maçu Piçu”su Naxçıvandadır. Çox güman ki, bu ərazi barədə eşitməmisiniz. Mədəni və siyasi baxımdan Azərbaycan Respublikasının bir hissəsi olmasına baxmayaraq, coğrafi baxımdan Azərbaycandan ayrı düşmüşdür. Bura eksklavlar və fərqli məkanlara səfər etməkdən zövq alanlar üçün ziyarət həyəcanı ­təqdim edir”.
Bəli, saatlar sonra qarşısında yeni bir 365 gün açılacaq Naxçıvan, həqiqətən, bir möcüzədir. Dünyanın söylədikləri bu möcüzənin yalnız bir hissəsidir. Bu gözəl diyarda kəşf olunası çox məqamlar var. Hələ 2020-ci ildə dünya Naxçıvandan nələr danışacaq, bunu yaşayarıq, görərik, dinləyərik…

Mətanət MƏMMƏDOVA

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: