Orta İxtisas Polis Məktəbində bayram tədbiri keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir təşkil olunub.
Çay süfrəsi arxasında təşkil olunan tədbiri polis məktəbinin rəisi, polis polkovnik-leytenantı Kamil Məmmədəliyev açaraq, müəllim kollektivini və kursantları bayramlar münasibətilə təbrik edib.
Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis-polkovniki Rəşad Seyidov Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərovun təbrikini şəxsi heyətə çatdırıb.
Daxili İşlər Nazirliyi Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov, polis məktəbinin müəllimləri Səadət Qasımova, Şükür Məmmədov, kursantlardan Həsən Yusifov, Miribrahim Qasımov çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan həmrəylik gününün tarixindən və əhəmiyyətindən danışıb, yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.
Vurğulanıb ki, dünya azərbaycanlılarını vahid milli ideologiya və həmrəylik ideyaları ətrafında birləşdirən, Azərbaycan xalqının müstəqillik arzularını gerçəkləşdirən və onu həyata keçirən ulu öndər Heydər Əliyev dünənimiz, bu günümüz və gələcəyimiz üçün böyük siyasi irs qoyub. 1991-ci il dekabrın 16-da Ulu öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü” haqqında qərar qəbul olunub. Bu gün milli birlik, həmrəylik və azərbaycançılıq ideologiyası Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir, milli-mənəvi dəyərlər sistemində mühüm və diqqətəlayiq işlər görülür.
Tədbir çay süfrəsi ilə davam edib.
Turab Hacızadə