Yola saldığımız 2019-cu ili Culfa rayonun sakinləri genişmiqyaslı tikinti-quruculuq işlərinin aparıldığı il kimi xatırlayacaqlar.
Belə ki, bu il Culfa şəhərində bir neçə çoxmərtəbəli yaşayış binası əsaslı şəkildə təmir olunub, yollar çəkilib, yaşıllıq zolaqları salınıb, hazırda ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektdə, Rabitə evində quruculuq işləri davam etdirilir.
Tikintisinə noyabr ayının ikinci yarısından başlanmış rayon Təhsil Şöbəsinin inzibati binası 2 mərtəbədən və 3 korpusdan ibarət olacaqdır. Binanın birinci mərtəbəsində rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəbdənkənar müəssisələr: Texniki yaradıcılıq və Uşaq Yaradıcılıq Mərkəzləri, ikinci mərtəbəsində isə Təhsil Şöbəsinin iş otaqları yerləşəcəkdir. Havaların mülayim keçməsindən istifadə edən inşaatçılar obyektdə beton və hörgü işlərini yerinə yetirirlər.
Tikintidə əsasən yerli tikinti materiallarından istifadə olunur. Burada yardımçı binalar da quraşdırılacaq, işıqlandırma sistemi, yaşıllıq zolağı və gülzarlıq yaradılacaqdır. Bundan əlavə binanın qızdırılması üçün istilik sisteminin də quraşdırılması nəzərdə tutulub.
“Arazın səsi” qəzeti