Yurdumun insanının qış mətbəxi - FOTOLAR

A- A A+

Milli mətbəx hər bir xalqın mədəniyyətinin əsas göstəricilərindəndir. Belə bir fikir də var ki, mədəniyyət elə mətbəxdən başlayır. Səliqəli, göz oxşayan mətbəxdə hazırlanan yeməklər öz ləzzəti, dadı ilə seçilir.

Xalqımızın bu baxımdan zəngin mətbəxi var. Buna görə də heç vaxt yemək hazırlayanda çətinlik çəkmirik. Kulinariyamızda o qədər yemək növləri var ki, hamısı da bir-birindən dadlı. Yeməklərimizin bir çoxu mövsümlə əlaqədar olaraq bişirilir. Bu da təbii ki, insanların təbiətlə vəhdəti ilə yanaşı, həm də sağlamlıq üçün vacib qidaları yaxşı tanıması ilə bağlıdır. Belə ki, havalar soyuyandan sonra mətbəximizdə kalorili yeməklərə üz tutulur. Yayda hazırlanan yarma, payızda kəsilib-qovrulan əriştə, yazda hörülüb qurudulmuş ələyəz, əvəlik, kəvər ortalığa gətirilir, onlardan çeşid-çeşid yeməklər hazırlanır.

Məişətimizdə yığım, ehtiyat saxlamaq, adəti həmişə olub. Gecənin bir yarısıda olsa hansı qapını döysən o evdə qonaq ehtiyatı olur. Şaxtalı, boranlı qış günlərinin  insan bədəninə hərarət, ruhuna qüvvət verən  özünəməxsus yeməkləri var. Qış mətbəxində tez-tez bişirilən yeməklərdən biri də əriştə aşıdır. Su ilə undan duzlu xəmir yoğrulur. Kündələr açılır, əriştə kəsənlə kəsilir.

Əriştə aşını hazırlamaq üçün lobya və ya noxud qaynadılır. Qovurma ilə soğan qovrulur. Azacıq sarıkök vurulur. Bəzən yeməyə sarıkök əvəzinə tağalagül və ya zəfəran vurulur. Tağalagül həm xörəyin rəngini, həm də dadını dəyişir. Qış mövsümü sarıkök, zəfəran, tağalagül insan orqanizmində olan virusları məhv edir. Su əlavə olunandan sonra içərisinə lobya, quru ərik, alça, soğan, kartof əlavə olunur. Qaynara düşəndən sonra içərisinə kəsilmiş əriştə salınır, duz, istiot vurulur. Zövqə görə əriştə aşına ələyəz, əvəlik, nanə, məzrə, quru lavaşa əlavə olunur.

Yarmadan da mətbəximizdə tez-tez istifadə olunur. Yarma və ələyizdən, əvəlikdən bişirilən yeməklər insanın ağız dadına dad qatır. Qovrulmuş soğana su əlavə olunur. İçərisinə yarma, ələyəz, soğan, kartof, ərik, alça, salınır. Bəzən alça əvəzinə yeməyə zirinc vurulur.

Qışda balqabaqdan da müxtəlif yeməklər bişirilir. Xalq arasında ona boranı aşı, boranı plovu deyirlər.  O isə insan orqanızmini qışın soyuğundan, şaxtasından qoruyur, insana bir gümrahlıq bəxş edir. Dədə-babadan hesab edilir ki, səhər tezdən boranı suyu ilə bal içmək insan orqanizmini möhkəmləndirir, onu xəstəliklərə yoluxmaqdan qoruyur. Boranı ilə bal mədə ağrılarının əsas dərmanı sayılır.

Boranı plovu bişirmək üçün  düyü ayrı süzülür, boranı doğranılır, kök bişirilib dilimlənir. Təmizlənmiş kişmiş qaynar suya salınır. Qovurma ilə soğan yağda qovrulur, sarıkök vurulur. Azacıq su əlavə olunur. Boranı, kök, kişmiş içərisinə əlavə olunur. Azacıq duz vurulur. Suyu çəkiləndən sonra plovun üstünə qoyularaq dəm üçün zəif od üzərinə qoyulur. Boranı plovu ən çox turşu ilə yeyilir.

Qış yeməklərini kələcisiz, qaysavasız, xəşilsiz, quymaqsız təsəvvür etmək olmaz. Bunlar bizim  qədim yeməklərimizdir. Hərəsi bir dərdin dərmanı olan bu yeməklər süfrələrimizə xüsusi bəzək verir.

 Kələci qurutdan hazırlanan yeməkdir. Qurut isladılır, su ilə ovulur. Soğan yağda qızardılır, oraya dad üçün kəklikotu, maralotu vurulur. Qovrulmuş cəviz yeməyə məxsusi dad verir. Adətən kələci doğranmış halda yeyilir.

Qurudulmuş dənəsiz ərik isladılır. Dağ olmuş yağın içərisində qovrulur, su əlavə olunur. Bişəndən sonra qaysavanın üstü cəvizlə, badamla bəzədilir, üzərinə hind qozu səpilir. Qaysava ürək xəstəliyinin dərmanıdır.

Xəşil un və suyun qarışığından hazırlanır. Hazırlanan bulamac suyunu çəkənə qədər bişirilir. Ayrı qabda yağ dağ olunur. Qaba çəkilən xəşilin üzəri açılır, arasına qaynadılmış şirə və dağ olmuş yağ əlavə olunur.

Quymaq bişirmək üçün un və sudan istifadə olunur. Su şirə ilə qarışdırılır un ilə çalınaraq bərk qarışıq hazırlanır. Yağda qızardılır. Quymağın yağı üzərinə çıxanda bişmiş sayılır. Xəşil, quymaq, çaşır, acıqabaq, baldırğan turşusu ilə yeyilir.

Qışda həmçinin iydə unu ilə süd-bal qarışığı xəstəlikdən qorunmaqda əsas vasitələrdən biri sayılır. İydə unu qışda soyuqlamanın, iltihabın əsas dərmanıdır. İydə unu südə qatılıb duru bişirilir. Soyuyana yaxın içərisinə bir qaşıq bal qatılır. Qarışıq acqarına içilir.

Sağlamlıq bizim öz əlimizdədir. Təbii yeməklər insan orqanizmini möhkəmləndirir, bədənin müqavimətini qüvvətləndirir. Bizə bəxş edilən ömür payını gözəl və mənalı yaşamaq öz əlimizdədir. Çalışın bu günləri sağlam yaşamaq üçün qışın mövsümü yeməklərindən nuşcanlıqla istifadə edin.

Tərlan Məhəmmədqızı

“Arazın səsi”qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: