Bu gündən muxtar respublikada icbari tibbi sığortanın tətbiqinə başlanıldı

A- A A+

Bu gün dünyada  geniş yayılan  sığorta növlərindən biri də icbari tibbi sığortadır. Bu  sığorta növünün əsas prinsipi  həmrəyliyə əsaslanır və  dünyanın əksər orta və yüksək inkişaf etmiş ölkələrində tətbiq edilir. Bu sığorta növü hər bir insanın sağlamlığının qorunmasında əhəmiyyətli dərəcədə rol oynayır. Həmçinin icbari tibbi sığorta tibbi xidmətlərin keyfiyyətinə nəzarət edilməsinə, tibbi heyətin  məsuliyyətinin artırılmasına, insanların səhiyyə xidmətlərinə əlçatanlılığının daha yüksək səviyyədə  təmin edilməsinə şərait yaradır.

Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri də əhali arasında icbari tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan işlərdir. Bu sahədə görülən işlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 7 aprel tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasi Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasında, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəldilməsində icbari tibbi sığorta sisteminin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.  

Mərhələli olaraq muxtar respublikada icbari tibbi sığorta sisteminin tətbiq olunması və bu gündən  etibarən  muxtar respublikanın bütün ərazisini əhatə edəcək bu sistem tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədi daşıyır.

Bu sistemin tətbiqi çərçivəsində  Naxçıvan Muxtar Respublikası Ali Məclisi  Sədrinin müvafiq fərman və sərəncamlarından sonra şəhər və rayonlarda yerləşən tibb müəssisələri publik hüquqi şəxs statusu alaraq burada xidmət göstərən tibb işçilərinin əməkhaqları 50 % nisbətində artırıldı   ki, bu da  yerli əhali üçün  dəyəri yüksək olan tibbi xidmətlərin əlçatanlığını təmin etdi. Bunun da nəticəsində icbari tibbi sığortanın tətbiq olunduğu gündən bu günə kimi vətəndaşlardan heç bir sığorta haqqı tutulmadı.

Nəzərə alsaq ki, bu  sığorta növünün  tətbiqi vətəndaşların maliyyə yükünü azaltmaqla bərabər, daha az sığorta haqqı  ödəməklə bu kateqoriyadan olan insanların, icbari tibbi sığortanın xidmətlər zərfində olan tibbi xidmətlərdən yararlana bilmələrinə imkan yaradacaq. Bu sistemin tətbiq olunmasın daha bir üstünlüyü  isə xəstəliklərin daha erkən mərhələdə aşkarlanıb, onların daha ağır mərhələyə keçməsinin qarşısını almaqla həm sağlam vətəndaş cəmiyyətinin formalaşmasına, həm də maliyyə vəsaitlərinə qənaət edilməsinə imkan verir.

Əgər biz bu  gün icbari tibbi sığorta çərçivəsində vətəndaşın  hansı xidmətlərdən yararlana biləcəyini araşdırsaq bu zaman məlum olar ki, bu sistemin tətbiq olunması ilə sığortaolunanlara icbari tibbi sığortanın xidmətlər zərfinə uyğun tibbi xidmətlər göstərilir.

Bunlar hansılardır? Bu zərfə 18 ilkin səhiyyə, 5 təcili və təxirəsalınmaz, 471 ambulator, 285 laborator müayinə, 23 fizioterapevtik, 600 stasionar və 123 həyati vacib tibbi xidmət olmaqla ümumilikdə 1525  tibbi  xidmət daxildir.  

Bəs gəlin görək vətəndaşlarımız bu tibbi xidmətlərdən yararlanmaq üçün nə etməlidirlər?  Bunun üçün hər bir vətəndaş ilkin səhiyyə  yəni qəbul həkiminin  xidmətindən yararlanmalıdır.  Qeyd edim ki, ilkin səhiyyə xidmətinə uyğun olaraq qəbul həkimi xəstənin şikayətinə uyğun olaraq sığortaolunanı ixtisaslı həkimə yönləndirir. İxtisaslı həkim tərəfindən müvafiq müayinələr həyata keçirildikdən sonra, ehtiyac olduğu təqdirdə  xəstəyə uyğun olaraq diaqnostik və laborator tibbi xidmətlər tətbiq edilir. Bu müayinələrdən sonra stasionarda yatışa, əməliyyata və fizioterapevtik müalicələrə göstəriş vardırsa sığortaolunana həmin tibbi xidmətlər göstərilir. Xatırladaq ki,  ötən dövr ərzində icbari tibbi sığortanın tətbiq olunduğu rayonlarda yaşayan 418 nəfərə 148 ürək əməliyyatı və invaziv müdaxilə, 55 göz əməliyyatı, 17 ginekoloji əməliyyat, 55 doğum, 15 keysəriyə əməliyyatı, 15 travmatoloji əməliyyat, 141 ümumi cərrahi əməliyyat, 54 terapevtik stasionar müalicə olmaqla ümumilikdə 500 həyatı vacib dəyəri yüksək tibbi müdaxilə icra edilib və tibbi xidmətlərin  dəyəri  Agentlik tərəfindən ödənilib.

Bu sistemin tətbiq olunmasından sonra ən mühüm məsələ səhiyyədə   keyfiyyət dəyişikliklərinə  nail olunmasıdır. Belə ki, agentlik tərəfindən tələb olunan və nəzarəti həyata keçirilən məsələlərdən biri də xəstəliklərin müayinə və diaqnostikasının ən son  tibbi  yeniliklərlə aparılması,  müalicələrin  isə ən son farmakoloji üsullarla hazırlanan dərman maddələrinə, yeni cərrahi metodlarla həyata keçirilməsidir. Agentliyin əsas tələblərindən biri də odur ki, həkimlərimiz öz fəaliyyət dövrlərində göstərdikləri tibbi xidmətləri beynəlxalq standartlara uyğunlaşdırsın əlavə diaqnostik proseduralar, ehtiyac  olmayan  müayinə  üsullarının, artıq  dərman  maddələrinin  təyin olunması  kimi  mənfi halların  qarşısı alınsın. 

Bu gün hər bir vətəndaş artıq agentliyin its.naxcivan.az internet saytından da yararlana bilər. Saytda onlayn sığortalanma, müraciət və qeydiyyat bölmələri istifadəyə verilib ki, bu da əhalinin, internet üzərindən birbaşa elektron qaydada sığortalanmasına, qeydiyyatdan keçməsinə və onlayn müraciətlərin aparılmasına imkan verir. Sığorta olunan vətəndaş burada müayinə tarixçəsi, müayinənin gedişi və nəticələrinə dair məlumatları əldə edəcəkdir. Həmçinin portalda əhalini icbari tibbi sığorta haqqında məlumatlandırmaq məqsədi ilə xüsusi bölmə yaradılaraq zəngin məlumat bazası yerləşdirilib və bu məlumatlar mütəmadi olaraq yenilənir.

Hər birimizi maraqlandıran əsas məsələlərdən biri də sığorta haqqlarınn tutulması qaydasıdır.  Son dəyişiklilərə əsasən bütün əhali üçün 2020-ci ilin yanvar ayının 1-dən  hər adambaşına görə dövlət vəsaiti hesabına 90 manat məbləğində icbari tibbi sığorta haqqı ayrılacaq.  Yalnız rəsmi gəliri olan şəxslər  öz əmək haqlarından 2020-ci ilin aprelin 1-dən etibarən icbari tibbi sığorta haqqı ödəməli olacaqlar.  İşləməyən və rəsmi gəliri olmayan şəxslər isə icbari tibbi sığorta haqqı ödəməyəcək, lakin bu şəxslər xidmətlər zərfinə daxil olan bütün xidmətlərdən istifadə edə biləcəklər.

Bəs gəlin görək kimlər icbari tibbi sığorta haqqlarını ödəməkdən  azaddırlar?

İlk əvvəl onu qeyd edək ki, tibbi sığorta haqlarından ölkə əhalisinin demək olar ki, 47%-i azaddır. Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşınadək şəxslər,  peşə təhsili, orta ixtisas və ya ali təhsil müəssisələrində əyani təhsil alan tələbələr,  növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər, sosial müavinət almaq hüququna malik olub əmək qabiliyyəti olmayan şəxslər, ünvanlı dövlət sosial yardım alan ailələrin üzvləri, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçən hamilə qadınlar,  Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq qismən ödənişli məzuniyyətdə olan qadınlar.  Bu qeyd  olunan şəxslər heç bir ödəniş etmədən  icbari tibbi sığortanın əhatə etdiyi xidmətlər zərfinə daxil olan xidmətlərdən yararlana bilərlər.

Bəli, bu gün Azərbaycanda  müasir səhiyyə sisteminin yaradılması və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması ölkəmizdə sosial sahəyə dövlət tərəfindən göstərilən   daha bir diqqətın və  səhiyyənin davamlı inkişafının nəticəsidir. Naxçıvan Muxtar Respublikasında da icbari tibbi sığortanın tətbiqi və bu sahədə idarəetmə sisteminin müasir tələblər səviyyəsidə formalaşdırılması da görülən işlərin davamıdır. Gələcəkdə bu sistemin uğurlu tətbiqi ilə vətəndaşlar tibbi xidmətlərdn daha səmərəli istifadə edəcək, səhiyyədə yeni bir dövrün əsası qoyulacaq.

 

                                                                         Ramal Məmişov

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: