Xoş gəlmisən, Yeni il

A- A A+

İllər də insanlar kimidir, gəlir,  xoş üzlə, şənliklə qarşılayırsan, özünü necə aparırsa o cür də yola salırsan. İllər var ki, problemlər, çətinliklərlə, illər də var ki, xoş və əhəmiyyətli günlərlə yadda qalır. Amma insanlar hər gələn ili həmişə yaxşı təəssüratlar, ümidlərlə qarşılayır. Çünki sabaha inam, gələcək üçün bu gün atılan addımların bəhrəsinin məhz hər gələn ildə reallaşacağına inanırıq.

2019-cu ili artıq yola saldıq. Naxçıvanda bu yolasalma atəşfəşanlıq və müxtəlif əyləncəli tədbirlərlə həyata keçirildi. Bəlkə də, mənimlə razılaşmayanlar olacaq. Yəni 2019-cu ili yola salmaq üçün deyil, bu mərasimlərin 2020-ci ili qarşılamaq üçün təşkil edildiyini deyəcəklər. Onlar da haqlıdır. Bizdə yaxşı qonağı təmtəraqla  qarşılamaq və yola salmaq min ilin ənənəsidir. Burada bəzi faktları sadalasaq keçən ilin doğurdan da təmtəraqla yola salmağa layiq olduğunu hər kəs təsdiq edəcək.

İl təkcə insanların-fərdlərin taleyində qoyduğu izlərdən başqa, ölkələrin ictimai-siyasi həyatında oynadığı mühüm hadisələrlə daha təsirli və əhəmiyyəti ilə fərqlənir. Məncə bu il son gününə qədər Azərbaycanımız üçün yadda qalan oldu. Həyata keçirilən əhəmiyyətli beynəlxalq layihələr, ev sahibliyi etdiyimiz mühüm tədbirlər   dünyada Azərbaycanın tanıdılması ilə yanaşı, onun nüfuzunun  ildən ilə artdığını  və regionda söz sahibi olmasını bir daha təsdiqlədi. Ölkə başçısının dediyi kimi, artıq Azərbaycan bir sıra məsələlərdə dünya dövlətlərinə diqtə edən tərəf kimi çıxış edir və bizimlə hesablaşırlar. Bütün bunlar isə bu günə qədər ölkədə uğurla həyata keçirilən ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə hesabladığı uğurlu siyasətin nəticəsidir. Bu siyasət elə bir istiqamətdə həyata keçirilir ki, onun bəhrələri hər il xalqa  ötən ildəkindən daha çox  fayda verir. 

Doğma Naxçıvanımız üçün də ötən 2019-cu il yadda qalan hadisələr, əhəmiyyətli günlərlə xatırlanacaq. Bu il ən əhəmiyyətli hadisə kimi Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi il boyu muxtar respublikada, ölkədə, hətta bir sıra xarici dövlətlərdə belə diplomatik nümyəndəliklərimizin təşkilatçılığı ilə  qeyd edildi. İlin əvvəlində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən  elan edilən “Ailə təsərrüfatları ili” muxtar respublikada bu sahənin inkişafına təkan verməklə,  iqtisadiyyatın güclənməsi üçün yeni bir stimul oldu. İl boyu keçirilən müxtəlif festivalların əksəriyyətində sərgilənən məhsullar  birbaşa və ya dolayısı ilə məhz bu  addımın nəticəsi kimi ortaya   çıxdı.

2019- cu ildə görülən işlərin siyahısında Ordubad Su Elektrik Stansiyasının tikintisi, çoxmənzilli binaların dam örtüklərinin təmiri və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, Şərur Sənaye Məhəlləsinin yaradılması, əhalinin içməli suya tələbatının ödənilməsi və əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün subartezian quyularının layihələndirilməsi, əkin sahələrində müasir suvarma sistemlərinin quraşdırılması, Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması, Süni Mayalanma Mərkəzinin yaradılması, əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi var. Məhz bu işlərin reallaşması üçün isə Ölkə başçısı  Naxçıvan Muxtar Respublikasına ümumilikdə 77 milyon manatdan artıq vəsait ayırdı. Bu isə  muxtar respublikanın inkişaf dinamikasına daha bir töhfə kimi mühüm əhəmiyyət daşıyır.

2019-cu il muxtar respublikada  ümumi daxili məhsulun həcmi 2 milyard 839 milyon manatdan çox oldu.  Onun bir nəfərə düşən həcmi 6202 manat təşkil etdi. Bu isə artıq yetərincə ciddi rəqəmdir. Maraqlıdır ki, reallaşdırılan uğurlu iqtisadi siyasətin göstəricisi kimi  ümumi daxili məhsulun 58 faizdən çoxu istehsalın payına düşüb.

Naxçıvan Muxtar Respublikasında 2019-cu il üçün daha bir maraqlı fakt:  Sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.
İstehsal edilən sənaye məhsulunun həcmi isə  ötən illə müqayisədə artaraq 1 milyard 15 milyon manata yaxındır. 

2019-cu ildə həyata keçirilən turizm potensialının düzgün tənzimlənməsi və təbliği bura gələn yerli və əcnəbi turistlərin sayını xeyli artırdı. Yüz minlərlə əcnəbi turist Naxçıvanın bu imkanlarını öz sosial hesablarında, təmsil etdikləri ölkələrin media qurumlarında geniş ictimaiyyətə çatdırdılar.

Biz hələ təhsil, səhiyyə, mədəniyyət, gənclərlə iş, idman, ekologiya, kəndlərin yeniləşən infrastrukturu, şəhərlə kənd arasında fərqin aradan qaldırılması, yeni inşa edilən xəstəxanalar, icbari tibbi sığortanın tətbiqi,  nəqliyyat, rabitə, yol, körpü çəkilişi və bütün sahələrlə bağlı əldə edilən uğurları saymırıq. Bunların hamısı  2019-cu ildə də davam etdi. Yaddan çıxarmaq  olmaz ki,  Naxçıvan Muxtar Respublikası uzun illərdir ki, blokada şəraitində yaşayır və  muxtar respublika rəhbərliyinin həyata keçirdiyi bu cür iqtisadi-sosial siyasət artıq naxçıvanlılara çoxdan “blokada” kəlməsini unutdurub. Hətta ekspertlərin rəyinə görə, Naxçıvanın bir ildə qazandığı nailiyyətlər bir sıra ölkələrin illərlə əldə edə bilmədiyi göstəricilərə bərabərdir. Bütün bunlar isə onu göstərir ki, 2019-cu ili doğurdan da təmtəraqla yola salmağa dəyərdi. Təbii ki, 2020-ci ildən isə  gözlədiklərimiz daha çoxdur!

Səməd Canbaxşiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: