Hüseyn Cavidin bəzi şeirlərinin ilk variantı haqqında

A- A A+

Mütəfəkkir ədibimiz Hüseyn Cavid (1882-1941) bədii yaradıcılığa böyük məsuliyyətlə yanaşmış, əsərləri üzərində dönə-dönə işləmişdir. Onun bəzi şeirlərinin ilk və son variantlarının müqayisəli təhlili də bunu yəqinləşdirir. Bu məqalədə ustad sənətkarın “Məktəb” jurnalında dərc olunmuş bir neçə şeirini kitablarında oxuduğumuz təkmil variantlarla müqayisədə nəzərdən keçirəcəyik.

Bakıda çıxan “Məktəb” jurnalının 21 aprel 1912-ci il tarixli 11-ci sayında Hüseyn Cavidin “İlk bahar”  şeiri veril­ib. Şairin 1913-cü ildə Tiflisdə (Tbi­li­sidə) “Şərq” mətbəəsində çapdan çıxmış “Keçmiş gün­lər” adlı ilk kitabında yer alan şeirlərdən biri də məhz bu bədii nümunədir. “İlk bahar” romantik sənətkarın son­ra­lar müx­təlif illərdə nəşr olunmuş “Əsər­ləri”nə də daxil edil­ib. Müqayisələrimiz göstərir ki, Hüseyn Cavidin  hə­min şeirinin ilk nəşri olan “Məktəb” jurnalındakı variantı ilə ədibin müxtəlif vaxtlarda çapdan çıxmış ki­tab­la­rın­dakı mətn arasında bəzi fərqlər vardır. Aydınlıq üçün ilk variantı H. Cavidin “Əsər­lə­ri”­nin ən təkmil nəşri sayılan 2005-ci il çapındakı  mü­va­fiq mətnlə tu­tuşdurduq. Bəlli oldu ki, sonrakı nəşrlərdə əsərin adından sonra “kiçik bir məktəbliyə” qeydi verilib, bəzi misralarda isə dəyi­şik­lik nəzərə çarpır:

Əsərin ilk misrası -  “Məktəb” jurnalındakı “İlk bahar” şeirində:

 Bahar, bahar, başlayınca ilk bahar.

Hüseyn Cavidin “Əsərləri”ndə:

Bahar, bahar, gəlmiş yenə  ilk bahar.

Səkkizinci misra -  “Məktəb” jurnalında:

                           Güllüklərdə toy məclisi qururlar.

Hüseyn Cavidin “Əsərləri”ndə:

 Güllüklərdə düyün, dərnək qururlar.

Şeirin on ikinci misrası – “Məktəb”də:

 Oynar, qoşar, mələr, yenə toplaşır.

Hüseyn Cavidin “Əsərləri”ndə:

Oynar, mələr, qoşar, yenə toplaşır.

Sonuncu iki misra - “Məktəb” jurnalında:

Əl-ələ, qol-qola seyran edirlər,

Tanrıya şükür olsun, -deyib gedirlər.

Hüseyn Cavidin “Əsərləri”ndə: 

Əl-ələ, qol-qola şadan olurlar,

Haqqın qüdrətinə hеyran olurlar.

Yuxarıda göstərilən dəyişikliklər “İlk bahar” şe­i­rinin daha da dolğunlaşmasına, cilalanmasına xidmət göstərmişdir. Çox güman ki, bu redaktəni H. Cavid əsə­ri 1913-cü ildə “Keçmiş günlər” kitabına daxil edərkən apar­ıb. Bütövlükdə Hüseyn Cavidin  “İlk bahar” şeiri yük­sək dəyərə malik poetik nümunədir. Burada şair ba­laca oxucular üçün bahar fəslinin xarakterik mən­zə­rə­sini dolğun bədii biçimdə canlandıra bilmiş, cazibədar peyzaj yaratmışdır. Güllərin, çiçəklərin gülməsi, quş­ların oynaması, günəşin şəfəq saçaraq insanların  kön­lünü aç­ması, çəmənlərin al-yaşıl ge­yinməsi, hər tərəfin parıldaması, ötüşən bül­büllərin cəh-cəhi - bütün bun­lar mükəmməl peyzajın kom­po­nentləri kimi ədəbi müstə­vi­yə gətirilib. Xoş ov­qat yaradan belə təsvirlərlə yanaşı, müəllif  başqa bir məqama da diqqət yö­nəldir, xəstə uşağını təmiz bahar havasına çıxaran dul qadının halını da nəzərə çatdırır. Şeir məktəbli oğlan və qızların oynayıb-oxu­ya­raq şənlənməsi, ulu yaradana şükür etmələri ilə bitir. Beləliklə, şair  oxucuları həm tə­bi­ət, həm cəmiyyət mənzərələri ilə tanış edir, həm də düşündürür.

“Məktəb” jur­na­lının 22 may 1912-ci il tarixli 13-cü sayında Hüseyn Cavidin “Bir qız” şeiri oxu­culara çat­dı­rılır. Mətnlə tanışlıq və müqayisəli tutuş­durmalarımız gös­tərir ki, həmin “Bir qız” əsəri son­ralar şairin kitablarında “Qız məktə­bin­də” adıyla, həm də bəzi də­yi­şikliklərlə təqdim olun­ub. Şairin “Keçmiş günlər” adlı ilk kitabında (1913) yer alan şeirlərdən biri də bu əsərdir. Ədibin 1958-ci ildə çap olunmuş “Seçilmiş əsərləri”ndə və bir sıra sonrakı nəşrlərdə də (1968, 1982, 2005 və s.) hə­min bədii nümunə “Qız məktəbində” adıyla verilib (güman ki, müəllif 1913-cü ildə ilk kita­bı­na daxil edər­kən şeir üzərində ye­ni­dən işləyib).

Bəs aparılmış dəyişikliklər nədən iba­rətdir? “Bir qız” şeirini Hüsеyn Cavidin “Əsərləri”ndəki (2005) “Qız mək­tə­bində” şeiri ilə tutuş­dur­duq. Aşa­ğı­dakı fərq­lər müşahidə olunur:

Qeyd etdiyimiz kimi, “Məktəb” jurnalındakı “Bir qız” şeiri Hüseyn Cavidin kitablarında “Qız mək­təbində” adıyla verilib. Fikrimizcə, bu ad əsərin  möv­zu və problematikasına, didaktik qayəsinə daha uyğun olmaqla mükali­mə­nin baş tutduğu məkanı da məxsusi nəzərə çatdırır. Ən çox dəyişiklik şeirin ilk misralarındadır. Əya­ni təsəvvür üçün hər iki variantdan müvafiq parçalara nəzər salaq:

“Məktəb” jurnalındakı  “Bir qız”  şeirində:

-Yavrum, quzum! Adın nədir?

- Gülbahar.

- Pəki, sənin atan, anan varmı?

- Var.

- Nasıl, zənginmidir atan?

- Əvət, zəngin, mülkədar.

- Öylə isə neyçin böylə sadə,

                              Geydigin paltar?

           Hüseyn Cavidin “Əsərləri”ndəki “Qız mək­tə­bində” şeirində:

- Quzum, yavrum! Adın nədir?

 - Gülbahar.

 - Pəki, sənin anan, baban varmı?

 - Var.

- Nasıl, zənginmidir baban?

 - Əvət, zəngin, bəyzadə...

                             - Öylə isə, gеydiyin gеyim niçin

  böylə sadə?...

“Göründüyü kimi, “Yavrum, quzum” xitabında sözlərin yerləri dəyişdirilərək  “Quzum, yavrum” kimi verilib;  “atan, anan”  əvəzinə  “anan, baban” işlənib. Yə­­­­­­­ni maraqlıdır ki, şeirin ilk variantındakı “ata” sözü mü­əllifin redaktəsi zamanı Tür­kiyə türkcəsindəki eyni mənalı “ba­ba” sözüylə əvəz­lə­nib.  “Əvət, zəngin, mülkədar” misrasında sonuncu sö­zün yerinə “bəyzadə”nin iş­lən­məsi də, fikrimizcə, po­etiklik baxımından gərəkli sayıl­malıdır: “Əvət, zən­gin, bəyzadə”. Buna uyğun ola­raq: “Öylə isə neyçin böy­lə sadə, geydigin paltar?” yerinə “Öylə isə, gеy­diyin gеyim niçin böylə sadə?” misrasının  mətnə gəti­ril­məsi ilə yeni qafiyələnmə yaradıl­mış­dır: “bəy­za­də-sa­də”. Həmin misrada inversiya ilə ya­naşı, “paltar” sö­zü­nün “geyim”lə əvəzlən­mə­si də diqqəti çəkir. Nəhayət, “Bir qız” şeirinin sonundakı “atam, anam” sözləri də “Qız məktəbində”nin mətnində “anam, babam” şəklindədir.

           Hüseyn Cavidin “Bir qız” (Qız məktəbində”) şei­ri də uşaqlar üçün yazılmış dəyərli didaktik nümunədir. Əsər dialoq əsasında qurulmuşdur. Burada sadə ge­yimli, bəzək-düzəksiz məktəbli qızın - Gülbaharın  su­al­lara verdiyi cavablar timsalında müəllif uşaq və ye­ni­yetmələrdə görməyi vacib saydığı mənəvi keyfiyyətləri önə çəkib. Bu dialoq məktəbli qız Gülbaharın təmiz qəlb aləmini, həyata sağlam ba­xı­şını üzə çıxarmaqla digər uşaq­ları da onun kimi mə­nəvi ucalığa, kamilliyə səs­ləyir. Zinətdən, dəbdə­bə­dən uzaq olan sadə geyimli Gül­bahar bunun səbəbini soruşan şəx­sə bildirir ki, o, im­kanlı, zəngin ailədəndir, la­kin za­hi­ri təmtərağa ehti­yac duymur. Çünki müəl­li­məsi ona təl­qin edib ki, əsl zi­nət bilikdə və təmizlik­də­dir. Dialoqun davamından bəlli olur ki,  Gülbahar həm də saf dini eti­qada malikdir, Ulu Tanrıya, onun peyğəmbərlərinə bö­yük məhəbbət bəsləyir. Məktəbli qızın sevdiklərinin əha­təsi valideynləri, doğmaları ilə də məhdudlaşmır. Ro­mantik ədəbiyyatın qayəsinə uyğun olaraq bəşəri mə­­həbbət ideyası da bu­rada özünəməxsus tərzdə təqdim edilib.

 Təsəvvür tamlığı üçün onu da deyək ki, Hüseyn Cavidin “Məktəb” jurnalında balaca oxu­­­­­culara çatdırılmış üçüncü şeiri “İsmayıl bəy” ad­la­nır. Jurnalın 21 oktyabr 1914-cü il tarixli 15-ci sa­yın­da verilmiş həmin bədii nümunə türk dün­ya­sı­nın bö­yük oğlu, məşhur ədib, “Tərcüman” qəzeti­nin naşiri və redaktoru İsmayıl bəy Qaspıralının (1851-1914) və­fatı ilə əlaqədar yazılıb. Altı bəndlik bu əsərdə İsma­yıl bəyin şəxsiyyəti və xidmətləri barədə müfəssəl mə­lu­mat verilməsi ilə yanaşı, həm də balaca oxucuların türk­çülük ruhunda tərbiyəsi də bir bədii məram olaraq önəm­li yer tutur.    “İsmayıl bəy” şeiri Hüseyn Cavidin sovet dövründə nəşr olunmuş kitablarında yer alma­yıb. Son illərdə bu bədii nümunə müxtəlif kitablarda bir neçə dəfə oxuculara təqdim olunub... Şairin beş cildlik  “Əsərləri”nin 2005-ci ildə çıxmış birinci cildində isə şeirin aşağıdakı ikinci bəndi verilməyib (yəqin ki, texniki xətadır):

İsmayıl bəy, o sarsılmaz qəhrəman,

O böyük müəllim, o böyük insan,

Həp çalışdı, rahat durmadı bir an,

Həp yol açdı, yol göstərdi hər zaman.

İsmayıl bəy türk yurduna şan vеrdi,

Öksüz, ölgün millətinə can vеrdi.

Ümumiyyətlə, məşhur romantik ədibimiz Hüseyn Cavidin “Məktəb” jurnalında dərc etdirdiyi şeirlər Azərbaycan uşaq ədəbiyyatının dəyərli örnəkləri sırasına daxildir. Deyilənlər göstərir ki, bu  əsərlər üzərində şair sonralar yenidən işləyib, bəzi dəyişikliklər edərək daha da dolğunlaşdırıb.                               

                                                                                                       Hüseyn  Həşimli

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat  İnstitutunun direktor  müavini,

  Əməkdar elm xadimi, professor

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: