Şərqlə Qərbi birləşdirən qapı-Culfa gömrüyü - FOTOLAR

A- A A+

Ordu və sərhəd xidməti əgər ölkənin  toxunulmazılığı, bütövlüyünün simvoludursa, gömrük xidməti də daxili bazarın, şəffaf  xarici ticarətin, vətəndaşların sağlamlığının, iqtisadiyyatın başqa ölkələrin təsirindən qorumaq üçün  bir qalxanıdır.

Coğrafi cəhətdən Azərbaycanın sərhədində yerləşən Naxçıvan Muxtar Respublikasında gömrük ənənəsinin rəsmi  tarixi 190 il əvvələ gedib çıxır. Bu isə nəinki ölkədə, Yaxın Şərqdə yaxşı tanınan  Culfa gömrüyünün adı ilə bağlıdır. 200 ilə yaxın bir müddətdə rəsmi şəkildə fəaliyyət göstərən Culfa gömrük –keçidi tarixinə görə qədim, fəaliyyətinə görə isə müasirdir.

Tarixə nəzər salaq...

Bu gün Azərbaycanı, onun bir hissəsi olan  Naxçıvanı Yaxın Şərqlə birləşdirən Culfa gömrüyü 1829-cu ildə fəaliyyətə başlayıb. Belə ki, 19-cu əsrin əvvəlində Rusiya ilə İran arasında bağlanan və Azərbaycanın tarixi taleyində onun ikiyə bölünməsi ilə yadda qalan  “Gülüstan” və “Türkmənçay” sülh müqavilələrindən sonra – 1829-cu ildən etibarən Culfa şəhəri ərazisində – Araz çayı üzərindəki gediş-gəliş körpüsündə Rusiya və İran tərəfindən gömrük nəzarəti təşkil edilib. Culfa Gömrük İdarəsinin əsası məhz həmin ildə qoyulub. 1831-ci il iyun ayının 3-də Rusiya Senatı tərəfindən qəbul edilən “Cənubi Qafqaz ölkəsində ticarət və gömrük işlərinin təşkili haqqında” Əsasnaməyə uyğun olaraq Azərbaycan ərazisində gömrük sahələri, o cümlədən Naxçıvan gömrük sahəsi yaradılıb, Xarici Ticarət Departamentinin 1831-ci ilin 1 sentyabr tarixli əmri ilə Azərbaycan ərazisində fəaliyyət göstərən gömrük orqanları Zaqafqaziya Gömrük Dairəsinə tabe etdirilib. Gömrük nəzarətinin məhz Culfada salınması isə heç də təsadüfü deyildi. Çünki qədim İpək Yolunun üzərində yerləşən, Şərqlə Qərbi birləşdirən Naxçıvan ərazisi coğrafi baxımdan ticarət əlaqələri üçün çox rahat idi. Həm də bu şəhərdə gömrük, ticarət işlərinin tarixi  daha qədimə gedirdi. Vaxtilə Yaxın Şərqdən, Hindistandan, İrandan Gürcüstana, Şirvana və Dağıstana gedən karvan yolları Culfadan keçirdi. Hətta , bu şəhər orta əsrlərdə dünya ipək ticarətinin mərkəzlərindən sayılırdı. XVI əsrin II yarısında Culfa tacirlərinin Avropanın böyük sənaye və ticarət mərkəzləri sayılan Venesiya, Marsel, Amsterdam kimi şəhərlərlə  geniş əlaqələri haqda tarixdə yetərincə faktlar var. Məhz buna görə də, Səfəvi şahı I Təhmasib tərəfindən Culfa tacirlərinə xarici ölkələrlə ipək ticarəti aparmaq üçün inhisar hüququ verilmişdi. Bu isə o demək idi ki,  ticarət hüququ olan tacirlər Avropa ölkələri ilə münasibətlərdə şahın xüsusi nümayəndəsi kimi çıxış edirdilər.

Culfa gömrüyü 19-cu əsrdə...

Çar Rusiyası Naxçıvanda gömrük işlərini daha da inkişaf etdirməkdə maraqlı idi. Təbii ki, buna ilk növbədə qədim ənənə və coğrafi məkan imkan verirdi. Elə buna görə də, hələ 1861-ci ildə Mehridən İran sərhədinin qurtaracağına və Osmanlı imperiyası ilə sərhəd olan Ağrı dağına qədər olan  məntəqələr Naxçıvan gömrükxanasının ixtiyarına verildi. Tarixi fotolarda o zaman hətta Araz çayı üzərində gəmilərin və bərələrin fəaliyyət göstərməsi də var. Təbii ki, bu nəqliyyat vasitələri ilk dəfə olaraq məhz Culfa gömrüyünün fəaliyyətinin həcmi və əhəmiyyəti ilə işə salınmışdı.

1885-ci ildə Naxçıvan Karantin-Gömrük Kontorunun  Culfa şəhərinə köçürülməsi də gömrük işinin inkişafına təsir edən amillərdən idi. Bu Kontor  1920-ci illərə qədər burada fəaliyyət göstərirdi.
Maraqlı faktlardan biri də Culfaya dəmir yolunun çəkilişi idi. Çünki, həmin dövrlərdə çayı keçmək üçün istifadə edilən su nəqliyyatı və yük heyvanları artan ticarət dövriyyəsinin tələblərinə cavab vermirdi. Bu məsələnin həlli üçün  1908-ci ildən Culfa dəmiryol qovşağının Zaqafqaziya dəmir yolları şəbəkəsinə qoşulması ilə Rusiya ilə İran arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artdı. 1915-ci ildə isə Culfadan Təbrizə ilk dəmir yolu çəkildi. Beləliklə , Naxçıvan dəmir yolu ticarətində mühüm mərkəzə çevrildi.

Culfa gömrüyü həm də işaxtaran vətəndaşlar üçün münasibi idi. Artıq fəaliyyət sahəsi genişlənən gömrükxana  sayılıb –seçilən  ziyalıların, zəmanəsinə görə tanınmış adamların iş yerinə çevrilirdi.  
Naxçıvanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayan Kəngərlilər nəslinin nümayəndələri, o cümlədən Əsgər ağa Kəngərli, Əmirsuvar bəy Kəngərli, Baxşəli ağa Şahtaxtinski, Naxçıvan Vilayət Komitəsinin İşlər müdiri olmuş Nəcəfqulu Nəcəfov, mollanəsrəddinçi Rzaqulu Nəcəfov müxtəlif illərdə Culfa gömrükxanasında xidmət ediblər.

İkinci Dünya müharibəsi illərində və  sonrakı illərdə də Culfa gömrükxanası xarici ticarət dövriyyəsində və tranzitdə öz əhəmiyyətli mövqeyini qoruyub saxlayıb.

Culfa gömrüyü 1970-80-ci illərdə...

Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra xarici ticarət əlaqələrinin genişləndirilməsi, gömrük nəzarəti və dövlət sərhədinin mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Ulu öndər 1970-1980-ci illərdə böyük uzaqgörənliklə Azərbaycanda gömrük işinin inkişafına, bu sahədə ixtisaslı milli kadrların hazırlanmasına diqqətlə yanaşır, milli kadrlar SSRİ-nin müxtəlif ali təhsil ocaqlarına oxumağa göndərilirdi. Dahi rəhbər Heydər Əliyev 1980-ci ildə Azərbaycanın bütün cənub dövlət sərhədi boyu yerləşən sərhəd və gömrük-buraxılış məntəqələrinə səfəri çərçivəsində Culfa gömrükxanasının əməkdaşları ilə də görüşdü. Bu heç də məqsədsiz deyildi. Çünki, tarixən rəsmi şəkildə yaranandan sonra  Culfa gömrükxanasında əsas vəzifələrdə azərbaycanlılar yox idi. Buna ciddi cəhdlə istər  çar Rusiyası, istərsə də SSRİ dönəmində imkan verilmirdi. Amma Ulu öndərin təşəbbüsü ilə 1970-ci ildən başlayaraq azərbaycanlı məmurlar Culfa gömrükxanasında yüksək vəzifələrə irəli çəkildilər.
190 yaşlı Culfa sərhəd-keçid məntəqəsi əsl inkişaf dövrünü məhz Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən və ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə inkişaf və tərəqqi yoluna qədəm qoyduqdan sonra yaşadı.

Gömrük müstəqillik illərində...

Ümummilli liderimiz Heydər Əliyevin 1992-ci il 24 fevral tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi yaradıldı.  O dövrdə Ali Məclisin Sədri işləyən Ulu öndərimiz muxtar respublikamızın iqtisadi maraqlarının və mənafelərinin qorunması, ­səmərəli xarici iqtisadi fəaliyyətin təşkili, idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması, sərhədlərimizin iqtisadi təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirdi. İran ərazisindən keçməklə Azərbaycanın digər bölgələri ilə nəqliyyat əlaqəsinin qurulması, Sədərək-Dilucu və Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqələrinin yaradılması blokadada olan Naxçıvanın böhranlı vəziyyətdən çıxarılmasında, gömrük və ticarət əlaqələrinin inkişafında mühüm rol oynadı.

1992-ci ildən bu günə qədər də  muxtar respublikada digər sahələrlə yanaşı gömrük sistemi da  böyük inkişaf yolu keçib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun gömrük xidmətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər öz bəhrəsini verib. Qonşu Türkiyə Respublikası və İran İslam Respublikası ilə imzalanmış sazişlər, həyata keçirilən rəsmi səfərlər sayəsində xarici əlaqələrin əhatə dairəsi xeyli genişlənib. Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinə beynəlxalq status verilib, Sədərək və Culfa gömrük sərhəd-buraxılış məntəqələrinin iş rejimi 24 saata çatdırılıb.

Təbii ki, bu gün Naxçıvanın Ermənistan tərəfindən zorla salındığı blokadanın yarılmasından sonra, yəni İran İslam Respublikasından tranzit olaraq keçməklə  ölkənin digər bölgələrinə avtomobil yolu ilə getmək üçün Culfa gömrüyünün  rolu artıb.

2007-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə Culfa gömrük sərhəd-buraxılış məntəqəsi üçün yeni kompleks istifadəyə verildi, yüksək iş və xidmət şəraiti yaradıldı. İnzibati bina ilə sərhəd-keçid məntəqəsinin vahid kompleks halında inşa olunması nəticəsində idarəetmə təkmilləşdirildi.  Sərnişinlər üçün giriş-çıxış zalları, yük xətti, platforma və anbar binaları müasir formada qurulub. Naxçıvandan Bakıya və əks-istiqamətdə hərəkət edən sərnişin avtobuslarının və minik nəqliyyat vasitələrinin qeydiyyatı və gömrük baxışı üçün ayrıca xətt formalaşdırılıb.

Culfa gömrüyünün bugünkü müasirliyini, rahatlığını və xidmətini  buradan istifadə edən hər bir vətəndaş təsdiq edə bilər. Ən müasir avadanlıq, infrastruktur ilə bu gömrük keçid-məntəqəsi dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisə olunacaq səviyyədədir. Bir də gömrük ölkənin giriş qapısıdır. Oradan keçən və respublikaya ayaq basan hər bir əcnəbi vətəndaş, turist ölkəmiz haqqında ilk təəssüratları da məhz burda alır. Etiraf edək ki, bizim də hər birimiz hansısa xarici ölkəyə gedəndə bunu yaşayırıq. Ona görə də, həm qədim ənənəsi ilə müasir tələbləri özündə birləşdirən Culfa Gömrük İdarəsi bu baxımdan öz üzərinə düşən işin öhdəsindən layiqincə gəlir.

Bu günün faktları. Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi mütəmadi olaraq geniş ictimaiyyəti görülən işlərlə bağlı məlumatlandırır. Culfa gömrüyü ilə bağlı məlumatda son illər buranın ən müasir səviyyədə qurulduğu bildirilir. Bir də bu istiqamətdən mütəmadi istifadə edən hər bir vətəndaş gömrük xidmətinin səviyyəsini çox yaxşı bilir. Son illərdə   gömrük infrastrukturunun yenilənməsi üçün işlər görülüb, maddi-texniki baza daha da möhkəmləndirilib. Gömrük sahəsində hüquqpozmalara qarşı daha effektiv mübarizə aparılmasına nail olmaqdan ötrü ən müasir texniki nəzarət vasitələri, o cümlədən əl yüklərinin və avtonəqliyyat vasitələrinin yoxlanılması üçün rentgen-nəzarət qurğuları, şübhəli şəxslərin müayinəsi üçün “body-scan” quraşdırılıb. Kinoloji xidmətin fəaliyyəti təmin olunub.
Muxtar respublikamızın digər gömrük orqanları kimi, Culfa gömrük sərhəd-buraxılış məntəqəsində də iş prosesi “bir pəncərə” prinsipi əsasında tamamilə avtomatlaşdırılmış, avtonəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması üçün “Sərhədkeçmə vaxtının ölçülməsi sistemi”, yoluxucu xəstəliklərin qarşısının alınması üçün dezinfeksiya baryeri və radiasiya əleyhinə qurğular quraşdırılıb.  Culfa gömrük sərhəd-buraxılış məntəqəsinin ərazisində rüsumsuz ticarət mağazasının da fəaliyyəti təmin olunub.
Muxtar respublikanın xarici ticarət əlaqələrində Araz çayı üzərindəki Culfa-Culfa körpüsünün müstəsna rolu və əhəmiyyəti nəzərə alınaraq yeni körpü tikilib və 2011-ci ilin iyun ayında istifadəyə verilib.
Bu gün muxtar respublikamızın iqtisadi və milli təhlükəsizliyinin qorunmasında, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarına qarşı mübarizədə, ticarət və tranzitin artmasında, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının əsas ərazi vahidi arasında yük və sərnişin dövriyyəsinin həyata keçirilməsində Culfa gömrük sərhəd-buraxılış məntəqəsinin xüsusi rolu vardır. Muxtar respublikamızın İran İslam Respublikası ilə yanaşı, Çin, Birləşmiş Ərəb Əmirlikləri və digər Asiya ölkələri ilə ticarət əlaqələri də 24 saatlıq iş rejimində fəaliyyət göstərən bu gömrük orqanı vasitəsilə aparılır.
190 illik tarixə malik olan Culfa Gömrük İdarəsi müstəqil ölkənin milli gömrük orqanı kimi özünün əsl inkişaf və tərəqqi dövrünü yaşayır. Dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunan bu sərhəd-keçid məntəqəsi Azərbaycanın ən qocaman gömrük orqanlarından biri kimi həm də Naxçıvanın son ikiəsrlik tarixinin şahididir.

Səməd Canbaxşiyev

Yazı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçündür

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: