Sədərək rayonu Şərur-Sədərək düzənliyində, dörd bir tərəfi dağlarla əhatələnmiş ərazidə, demək olar ki, bu ərazilərin ən hündür dağı sayılan Ağrı dağının bir addımlığında yerləşir. Zirvəsi hər zaman qarla örtülü olan bu əzəmətli dağın yaxınlığında yerləşmək təbii olaraq soyuq havanında əsas mərkəzində olmaq deməkdir. Hələ payızın son aylarından başlayaraq bu əzəmətli dağda qar səviyyəsi aşağıya doğru “irəliləyir”. Rayonun istənilən yerindən durub bu gözəl mənzərəni seyr etmək mümkündür. Rəvayətə görə Nuhun gəmisinin, sular çəkildikdən sonra, torpaqla ilk təması bu dağa olub. Tarixin bir çox məqamlarına şahidlik edən Ağrı dağının möhtəşəm və gözəl görüntüsü həqiqətən məhz bizim bölgədən daha gözəl və daha ecazkar görünür. Əlbətdəki xoş məqamlarla yanaşı ərazinin qış aylarının sərt şaxtalı keçməsi istər-istəməz bəzi çətinliklər yaratmaya bilməz.
Kənd adamları belədir ki, uşaqlıqdan hər fəslə tez uyğunlaşırlar. Uşaqlıqdan qar yağan kimi qartopu oynamaq, buzda sürüşmək ən böyük sevincləri olur. Amma biz onlardan fərqli bir həyat yaşamışıq. Çox böyük əziyyətlər çəkmişik. Bizim gəncliyimiz müharibəli, ağrılı-acılı günlərə təsadüf edib. Ona görə də qurulanları, yaradılanları qorumalıyıq. Bizim vaxtımızda məktəbə gəlmək çətin məsələ idi. Kəndin aşağısından üzüyuxarı zığ-palçıqlı, qarlı-buzlu yollarla yıxıla-dura çatdırdıq. Məktəbdə soyuq sinif otaqlarında qanımız damarlarımızda sanki donurdu. Buz bağlamış canımızı evimizdə də yaxşı isidə bilmirdik. Ona görə də çöldə-bayırda oynamaq, qarda sürüşmək bizim üçün daha xoş idi, nəinki məktəbə getmək, evdə oynamaq. Çətin dövr uşaqlığımızın şirin günlərini əlimizdən almışdı. Bugünkü uşaqlara həsədlə baxıram. Çünki nə evdə, nə də məktəbdə heç bir çətinlik çəkmirlər. Təhsil ocaqları isti və müasir avadanlıqlarla təchiz olunub.
Rayonda əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və arıçılıqdır. Rayonumuz düzənlik ərazidə yerləşdiyinə görə əkinçilik üçün çox əlverişlidir. Həyətyanı sahələrdə də tərəvəz bitkiləri əkilir və yaxşı məhsul əldə olunur. Buna görə də əhali qış azuqəsinin bir çoxunu öz həyətyanı sahəsindən topladığı məhsullarla hazırlayır.
Heyvandarlıq da rayonumuzda daha çox maraq göstərilən sahədir. Çünki kəndin geniş ərazisində örüş yerinin çox olması heyvandarlığın inkişafı üçün əlverişlidir.
Sakinlərin belə rahat yaşayışını görmək, onların ürəkdolusu sözlərini eşitmək, təbiətin əsrarəngiz mənzərəsini seyr etmək çox xoş idi. Üzlərdə gördüyüm təbəssüm və insanların mehribanlığı elə bil ki, məni soyuqdan qoruyurdu, üşümürdüm. Yaradılan gözəlliklər yurd sevgisinin, qayğının və quruculuq siyasətinin bəhrəsidir. Vətəni sev deməklə bu sevgi yaranmaz. Uzun illərdir ki, yurdumuzda sanki bir rəsm əsəri yaradılır. Gözəlliyin bütün çalarları öz əksini tapan həmin tabloda şəhərlərimizin, kəndlərimizin, qəsəbələrimizin adları həkk olunur. Bunlar müstəqilliyimizin, ümummilli liderimizin millətimizə, dövlətimizə, vətənimizə bəxşişidir. Muxtar respublikamızda Ulu öndərin yoluna sədaqət kəndimizi də, şəhərimizi də gülüstana çevirib.
Nadir Məmmədov
“Oğuz yurdu” qəzeti