Əhalinin təbii qazla təminatında heç bir problem yoxdur

A- A A+

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin müvəffəqiyyətlə həyata keçirildiyi Şərur rayonu sürətlə  inkişaf edir.  Burada güclənən iqtisadiyyatla paralel olaraq sosial problemlər də uğurla həll olunur, bölgə əhalisinin rifahı yüksəlir, həyat şəraiti ilbəil yaxşılaşır.

Şərur şəhərində və kəndlərdə geniş miqyas alan abadlıq, quruculuq işləri rayon sakinlərində yüksək əhval-ruhiyyə yaradır.

Şərur Rayon Qaz İstismar İdarəsi də bütün səy və bacarığını səfərbər edərək çalışır ki, bölgədə vüsət alan sürətli quruculuq işləri ilə ayaqlaşa bilsin. Qaz İstismar İdarəsinin əsas məqsədi rayonda ailələrin məişət rahatlığını təmin etməkdir.

Rayon üzrə 65 yaşayış məntəqəsi təbii qazla təmin olunub, 18 min 452 fərdi abonent təbii qazdan istifadə edir. Ümumilikdə, 465-ə yaxın təhsil müəssisəsinə, idarə və təşkilata, çoxmərtəbəli yaşayış binasına, kommersiya obyektlərinə mavi yanacaq verilir. Ötən il ərzində rayonda daha 183 mənzilə yeni qaz xətti çəkilib.

Ərazidə müasir tipli 242 qazpaylayıcı şkaf quraşdırılıb ki, onların da hamısı istismardadır. Təbii qazın fasiləsiz verilməsi üçün müəyyən ehtiyat hissələri Naxçıvan Qaz İstismar Xidmətinin anbarından alınaraq idarədə saxlanılır.

İstehlakçılar qaz avadanlıqlarını təlimata uyğun işlədirlər. Çünki onlar təhlükəsizlik texnikası qaydaları üzrə tam təlimatlandırılmışlar. Qəza-dispetçer xidmətinə daxil olan məlumatlara əsasən nasazlıqlar dərhal aradan qaldırılır. Daşıyıcı və ötürücü qaz kəmərləri idarənin xüsusi qəza briqadası tərəfindən vaxtaşırı yoxlanılır, əyri dirəklər düzəldilir, siyirtmələr təmir edilir və yağlanır, qaz sızmalarının qarşısı alınır.

İstehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi sahəsində əldə edilən nəticə də ürəkaçandır. İstər elektron qaydada, yəni onlayn ödəmə və ya terminallardan, istərsə də poçt bölmələrindən istifadə etməklə istehlakçı ona yazılmış bildiriş əsasında işlətdiyi təbii qazın dəyərinin ödənilməsini rahatlıqla həyata keçirir. İstehlak olunmuş təbii qazın dəyərinin vaxtında ödənilməsi isə qazdan istifadəni yaxşılaşdırmaq üçün müvafiq tədbirlərin yerinə yetirilməsi işini sürətləndirir.

 

“Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: