Yengicə armudunun şirinliyi

A- A A+

Məlum olduğu kimi, 1990-cı illərin əvvəllərindən başlamış və bu gün də davam edən ağır blokada şəraiti muxtar respublikamızın təbiətinə də xeyli zərbələr vurdu. Həmin illərdə qışın sərt soyuğundan qorunmaq üçün köklü ağaclar doğrandı, hətta məcburiyyət qarşısında qalıb 50-60 yaşlı meyvə ağacları ilə bərabər bir neçə ilin tinglərinə də  qıydılar. Təbiət miskin görkəmə düşdü.

Bu dəfə də ana təbiətin harayına çatan ulu öndər Heydər Əliyev oldu. Ümummilli liderimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən 1993-cü il aprel ayının 2-də yaşıllaşdırma aylıqları keçirilməsi haqqında qəbul etdiyi qərar təbiəti qayğılar əhatəsinə aldı.

...Yaxın qohumumuz, Yengicə kənd sakini Həsən əmi ilə söhbətim bu yazını yazmağa bir əsas oldu. Həsən əmi söhbət əsnasında bildirdi ki, Şərur  öz milli adət-ənənələri, tarixi abidələri, gözəl təbiəti ilə tanındığı kimi, yalnız bu bölgəyə xas olan dadlı-tamlı meyvələri ilə də məşhurdur. Bu mövzuda söhbət düşəndə həmişə həmyerlimiz, şair Cavad Cavadlının «Azərbaycan təbiəti» jurnalında səksəninci illərin əvvəllərində dərc olunmuş bir yazısını xatırlayıram. Cavad Cavadlı yazırdı ki, Şərur rayonunda yetişən şalax əriyin, hülünün, Yengicə armudunun dadını-tamını, ətrini heç bir meyvədən almaq mümkün deyil.

Bilirdim ki, Yengicə tarixən dadlı-tamlı meyvələri ilə tanınıb, amma Yengicə armudu daha çox diqqətimi çəkdi… 

Həsən əmi ilə söhbətimiz həyətlərindəki bağçada, necə deyərlər, iş üstündə baş tutdu. Əlindəki bağ mişarı ilə ağacların quru budaqlarını təmizləyə-təmizləyə  söhbətinə davam elədi:

“Yengicə armudu” adı ilə tanınan meyvənin əsl adı “Gülabi”dir. Yengicədə “Mərəçə”, “Xan armudu” adında meyvələr də yetişir. Amma bu meyvə daha çox məşhurlaşıb. Yengicə armudunun tingini Bakıdan və digər yerlərdən istəyənlər də olur. Sözlərini yerə salmayıb, göndəririk. Lakin digər bölgələrdə əkilən tinglər böyüyüb bara düşsə də bu torpaqda yetişənlərin tamını, ətrini vermir. Yengicə armudu daha çox sulu və ətirli olması ilə də fərqlənir.

Söhbətin bu əsnasında Həsən əmi üzünü aynabənddə tutub nəvəsini  səslədi:

-Ay bala, armud damından bir milax gətir. Ehtiyatlı ol ki, tökülməsin.

Həsən əminin nəvəsi bir azdan milaxı gətirib babasına verdi. Milaxda 10-15 ədəd armud var idi. Söhbətimiz də milağın ətrafında davam etdi.

Yengicədə yetişən armud xəstələrə dərmandır. Əsl Yengicə armudunun ölçüsü nisbətən kiçik, yumru və qabığı nazik olur. Meyvələr payız aylarında dərilər. Əvvəllər hər bir yengicəlinin həyətində ən azı 5-6 armud ağacı, meyvəni saxlamaq üçün yardımçı dam var idi. Dam çiy kərpicdən tikilər, divarları və döşəməsi saman qarışdırılmış palçıqla suvanardı. Pəncərəsi isə döşəmədən 40 santimetr hündürlükdə qoyulardı. Armud damında meyvə saxlamaq üçün hazırlıq işlərinə bir-iki ay əvvəlcədən başlanardı. Damın içini tam şəkildə qurutmaq, rütubətini azaltmaq məqsədi ilə pəncərələr açıq saxlanardı. Damın içinə az miqdarda quru saman döşənər, armudları samanın üzərinə iki lay yığar, bir hissəsini də milax şəklində tavandan asardılar. Milaxlar yazın son aylarına qədər saxlanardı.

Onu da öyrəndim ki, armudu havanın yağmurlu vaxtında yığmazlar, ona görə ki, üzərindəki su damlaları saxlanma zamanı tez xarab olmasına səbəb olar. Damın döşəməsinə düzülən armudlara qulluq etmək üçün arada cığır qoyulurdu. Çünki vaxtaşırı baxıb yetkinləri götürmək, qalanlarına qulluq etmək lazımdır.

- Bilirsən ki, əvvəllər anbar yox idi. Armud samanın üzərində, yaxud milaxda saralardı, - deyib Həsən əmi armudlardan birini milaxdan qoparıb mənə sarı uzatdı:

 - Ye, qardaşoğlu, Yengicədə əziz qonağı burada yetişən armuda qonaq etmək adətimizdir.

Armud ağacının altındakı söhbətimizə də Yengicə armudunun şirinliyi qarışdı.

                                                                           Mehman  Məmmədov

“Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: