Kor əlifbası

A- A A+

Bu həyatda hər şeyin “bizim”i, “sizin”i var. Evimiz, elimiz, əşyalarımız, kitablarımız ən çox bizə aiddir, amma ən çox da bizə aid deyil. Lap elə dünyanın özü də,mənim olduğu qədər, sənin olduğu qədər heç birimizin deyil. Hər halda varlığın və yoxluğun bir mövcud fəlsəfəsi var. Bəzilərinin fərqindəyik, bəzilərini düşünmək, daha doğrusu bu haqda baş sındırmaq heç kəsə lazım deyil. Dil də elədi, əlifba da... Hər millətin özünün ayrılıqda öz dili ola bilər, var da. Ancaq bir evdə hərənin öz əlifbasının olması, bu bir tarix idi.

İnsanlar ən çox əlindən qocalır. Vallah. Baxmayaraq ki, qadınlar, hətta kişilər də güzgü qarşısında qocaldığını saçlarından, alnındakı qırışlardan qətiləşdirməyə çalışır. Ancaq əllərinə baxanda insanın qocalığı, cavanlığı, peşəsi-“kimliyi” haqda “yazılı” məlumat almaq olur.

...Əlləri-barmaqları, ovucları qırışmışdı. Əlimi ovcuna alanda sümük torbasına toxunurdum sanki. Əllərini yorğanın üstündə yorğun-yorğun gəzdirəndə, fikirləşirdim ki, nə isə yazır. Bəlkə də yazırdı, gündüz də, gecə də. Harasa elə hey “yol çəkirdi”, gedirdi, sanki heç qayıtmayacaqdı. Sonra yazdıqlarını ovcunun içi ilə silir, yenidən yazmağa çalışırdı. Gecənin hansı vaxtı oyanası olsam, başımı qaldırıb nə zaman odun sobasının  qaranlığı müşayiət edən pıçıltısını eşidirdimsə, onun da barmaqlarının yorğan üstündəki hərarətini eşidirdim. Bu onun özünü ifadə vasitəsi idi , deyəsən.

Mən gözümü açıb onu “gözsüz” görmüşdüm. Ağlım kəsəndən düşünürdüm ki, yəqin ki, gizlənpaç oyunu kimidir onunda korluğu, gözünü bir dəfə yumub, açmağı isə birdəfəlik unudub.    Qaranlıq bir dünyada yaşamaq necə bir hissdir yəqin ki, bunu heç vaxt bilməyəcəkdim. Ancaq elə uşaq ağlım darıxırdı, təngiyirdi  onun yerinə.

Elə mənim də ilk müəllimim o barmaqlar oldu. 10 ildən artıq idi ki, zülmət dünyanın sakini idi, özü belə deyirdi: “Allah gözümün işığını aldı”. O,  qaranlığa çoxdan öyrənmişdi, elə mən də nənəmin korluğuna. Yox, kor deyildi, sadəcə, Allah gözünün işığını almışdı... Niyəsini heç düşünmədim, nə onda, nə də indi…

Məktəbə Cumhuriyyət dövründə getmişdi. Orta məktəbi üçüncü sinfə qədər ancaq oxumuşdu. Keçənləri yada salıb danışanda elə bilirdim, nənəm bu dünyaya kor gəlib. Heç görməyib, tanımayıb dünyanı. Amma az qalırdı bir əsrin canlı şahidi ola, müharibə, qırğın, aclıq, yetimlik əlifba kimi sıralanmışdı ömrünə. Ancaq bütün olub keçənlərin içində ilk öyrəndiyi əlifbanı yaddaşında ən qiymətli miras, ata evindən gətirdiyi “cehizi” kimi qoruyurdu. Qoruyurdu da sözdür, həm də yaşadırdı. Məndən böyük olan bacılarıma da bax eləcə yorğanın üstünə yaza-yaza öyrətmişdi.

Vətəndə latın əlifbasını öyrənənlərin birincilərindən idi. Yaddaşına bolluca nağıl, dastan, hekayə, əfsanə, bayatı, ağı yığmışdı. Uzun qış gecələrində o dastanlar, nağıllar  “qoşununu” bizim qapımıza çəkərdi. Təkcə əlifbanı heç unutmurdu. Bəzən ən doğmalarını, nəvələrinin adını unudurdu. Ancaq əlifbanı unutmurdu... Şəhadət barmağını yorğanın üstündə gəzdirirdi.

-“Bı” - bizim sovetin “vı”sı.

-Yox, ay bala, “bı”, Bəşirin “bısı”.

Gözümü barmaqlarının izindən ayırmırdım. Yorğan ilk dəftərim, ilk kitabım, ilk lövhəm  idi. Yazısını anlamayanda  biraz hirslənirdi.

-Gətir, ovcunun içinə yazım.

-Hə, bildim.

-Onda yaz əlimin üstünə görüm,  öyrəndin? (yazıram).

Qane olur.

-Yaz, indi dəftərinə, apar anan baxsın.

Sabah “dərsdə” başqa bir hərfi öyrənirik-“pı”. Rusun “rı”yı. Bizim “pı”. Papağın “pı”sı.

Sonra “y”, sonrakı dərsdə “s”. Beləcə  bir il boyunca “bizim” “sizin”, “rusun” deyə-deyə əlifbanı başa vururuq. “Əlifba bayramımda” ta əlinə hərflər yox,  sözlər yazmağa başlayıram barmağımla, ailədə hamının adını yazıram, birinci ən çox istədiklərimdən başlayıram. Sevinir “şagirdinin” uğuruna. Yastığının altındakı nanəli konfetinin biri ilə mükafatlandırır məni. Mənimsə hələ 5 yaşım var...

Nənəmin “kor əlifbası” məni işığa apardı...

                                                                  Fizzə Bağırova

                                                                  “Nuhçıxan”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: