Dünyanın “Naməlum incisi”- Naxçıvan - VİDEO
NUHÇIXAN xəbər verir ki, bu ilin yayında Naxçıvana səyahət edən 22 yaşlı Almaniya vətəndaşı, sosial şəbəkələrdə Lemon kimi tanınan videobloger Naxçıvanın gəzməli-görməli yerləri ilə bağlı Youtube kanalında maraqlı videomaterial yerləşdirib. Turist Naxçıvanı memarlıq abidələri və təbiətinə görə dünyanın ən gözəl bölgəsi kimi təqdim edir və hazırladığı videoçarxın bu yerlərə səyahət etmək istəyən turistlərə ilham verəcəyindən əmin olduğunu bildirir.
Bloqqer əvvəlcə Naxçıvanda olan məqbərələrin hər birini təqdim edir. Qarabağlar, Nuh peyğəmbərin məzarüstü, Möminə xatın, İmamzadə türbələri, Əlincə qalası, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Yusif ibn Küseyir türbəsi, Hüseyn Cavidin məzarüstü abidəsi ilə izləyiciləri tanış edir.
Gördüyü tarixi abidələrin nadir memarlıq inciləri olduğunu, burda gördüyü naxış və ornamentlərə isə heç yerdə rast gəlmədiyini etiraf edir. Əlincə qalasına səyahət edən turist bölgənin tarixinin zənginliyinə heyran qaldığını bildirir. “Qalaya çıxmaq üçün çoxlu sayda pillələrlə qalxandan sonra möhtəşəm bir görüntü sizi qarşılayır. Buradan görünən Haçadağın zirvəsinə isə təəssüf qalxa bilmədim. Amma çox istərdim ki, bu əzəmətli dağın zirvəsini də görüm”- deyə bloqqer bildirir.
Videoçarxda qonaq Naxçıvan təbiətinə vurğunluğunu gizlədə bilmir və Batabatın qonağı olaraq “Üzən ada”nın gözəlliyini izləyiciləri ilə bölüşür. Naxçıvanın həm tanışlıq, həm də dincəlmək və səyahət etmək üçün əvəzsiz bir yer olduğundan heyranlıqla danışır. Duzdağı isə “yeraltı möcüzə” adlandırır.
Bütün bu gözəlliklərin və qədim tarixi abidələrin adının dünya səviyyəsində ən məşhur abidələrlə bir sırada çəkilməli olduğunu deyir. Bloqqer Naxçıvanı “Naməlum inci” adlandırır və turistləri Naxçıvana dəvət edir.
Fizzə Bağırova