2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə icra hakimiyyətinin başçısı Mirsənani Seyidov bildirib ki, ötən il Naxçıvan şəhərində abadlıq-bərpa, tikinti-quraşdırma işləri ön plana çəkilərək yeni yaşayış binalarının tikintisinə, habelə mövcud binaların yenidən qurulmasına xüsusi diqqət yetirilib. 2019-cu ildə Naxçıvan şəhərində 2 nömrəli uşaq bağçası, 5 nömrəli tam orta məktəb, Orta İxtisas Polis Məktəbi, Saat Meydanı və 30 müxtəlif təyinatlı digər obyektlər istifadəyə verilib.
Qeyd olunub ki, ötən dövrdə Naxçıvan şəhərində 6 yeni istehsal və xidmət obyekti yaradılıb ki, bu da 1171 yeni iş yeri deməkdir. Hazırda 10 istehsal və xidmət, 36 müxtəlif təyinatlı obyektin yaradılması istiqamətində işlər davam etdirilir.
Ötən il aqrar sahədə də müvafiq tədbirlər həyata keçirilib, nailiyyətlər əldə olunub. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə” Dövlət Proqramına uyğun olaraq 69,2 hektar yeni meyvə bağı salınıb, 18 hektarda bərpa işləri aparılıb. Naxçıvan şəhərində yeni yaşıllıq zolaqlarının yaradılması istiqamətində müvafiq tədbirlər görülüb.
Mirsənani Seyidov qaz, energetika, mədəniyyət, gənclər və idman, rabitə və informasiya, nəqliyyat və digər sahələrdə görülən işləri də ətraflı təhlil edib və müşavirənin yekununda bildirib ki, kollektiv 2020-ci ildə də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində səylə çalışacaq.
Turab Hacızadə