NUHÇIXAN xəbər verir ki, 2019-cu ildə Kəngərli rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunan müşavirədə rayon icra hakimiyyətinin başçısı Kamal Ələkbərov məruzə edib.
Bildirilib ki, hesabat dövründə rayonda əsas kapitala yönəldilən vəsaitlər 0,6 faiz, sənaye məhsulu 0,7 faiz , kənd təsərrüfatı məhsulu isə 4,2 faiz artıb.
Qeyd olunub ki, 2019-cu ildə də rayonun Qabıllı kəndində 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası, həmin ərazidə yaşıllıqların suvarılması məqsədilə Günəş panelləri ilə işləyən subartezian quyusu, Qıvraq qəsəbəsində zirzəmi ilə birlikdə 7 mərtəbəli 48 mənzilli yeni yaşayış binası, binanın 1-ci mərtəbəsində Kəngərli Rayon Dövlət Sığorta Agentliyi üçün müasir iş şəraiti yaradılıb, yeni xidmət mərkəzi, mülki müdafiə anbarı istifadəyə verilib. Həmçinin bəhs olunan dövrə Yurdçu kəndində 60 hektara yaxın ərazini əhatə edən yeni qapalı suvarma şəbəkəsi, Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün 44 mənzilli, 5 mərtəbədən ibarət yaşayış binası və yeni istirahət parkı, Yurdçu kəndində 117 hektar sahədə qurulan ikinci yeni qapalı suvarma şəbəkəsi, Böyükdüz kənd tam orta məktəbi, həkim ambulatoriyası, kənd mərkəzi, kəndin əsas yolları və yeni tikilən xidmət mərkəzi açılıb. Qıvraq qəsəbəsində yeni mebel və qapı-pəncərə istehsalı müəssisəsi də fəaliyyətə başlayıb.
Kamal Ələkbərov diqqətə çatdırıb ki, Qıvraq qəsəbəsində "Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyətinin rayon filialı üçün inşa olunan yeni binada, Şahtaxtı hamamında son tamamlama işləri görülür. Hazırda Qabıllı kəndində yeni 3 meqavatlıq Günəş Elektrik stansiyasının tikintisi davam etdirilir. Böyükdüz kəndi ərazisində 700 hektarlıq ərazidə yeni qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb. Böyükdüz kəndi ərazisində illik istehsal gücü 15 min ton olacaq yeni duz istehsalı müəssisəsi də qurulacaq.
İcra başçısı həmçinin digər sahələrdə görülən işlərdən də danışıb.
Sonra məruzə ətrafında çıxışlar olub.
Röyal Kərimov