Ötən il muxtar respublikaya 415 min 932 nəfər turist gəlib

A- A A+

23 sentyabr 2019-cu il tarixindən etibarən Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin, “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin və Departamentin nəzdində fəaliyyət göstərən Milli Dəyərlər Muzeyinin tarixi binada fəaliyyəti təmin edilib. NUHÇIXAN xəbər verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusuna həsr edilən  iclasda Departamentin direktoru Əkbər Novruzov bildirib.   

Turistlərə xidmət edən nəqliyyat vasitələrində xidmətin keyfiyyətinin yüksəldilməsi üçün taksi fəaliyyəti ilə məşğul olan seminar keçirilib. İctimai-iaşə obyektlərində xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Peşəkar ofisiant” layihəsi üçün sənəd qəbuluna start verilib.

Vurğulanıb ki, Departamentin əməkdaşları tərəfindən Şahbuz rayonunun Ağbulaq və Kükü kəndlərində turist qəbul edə və gələcəkdə hostel kimi istifadə edilə biləcək yerləri müəyyənləşdirmək məqsədilə fərdi yaşayış evlərinə baxış keçirilib. Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində xüsusi bölmə yaradılaraq həmin evlər haqqında ümumi məlumat və fotoşəkillər yerləşdirilib. Həmçinin, rayonun Biçənək kəndində kənd turizminin inkişaf etdirilməsi məqsədilə kənd sakinləri ilə maarifləndirici görüş keçirilib.

Muxtar respublikanın turizm potensialının təbliğində, keçirilən tədbir və festivallarda tələbələrin fəal iştirakını təmin etmək, onları turizm sektoru üçün peşəkar kadr kimi formalaşdırmaq məqsədilə 2019-cu ilin sentyabr ayından etibarən Departament tərəfindən “Turizm könüllüsü” layihəsinə start verilib.

 “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə”, “Göycə”, “Arıçılıq məhsulları-bal” və “Ailə təsərrüfatı məhsulları” festivallarında Departament tərəfindən yerli və xarici turistlərin iştirakı təşkil olunub və onlara əməkdaşlar tərəfindən bələdçilik edilib.

Reklam-informasiya materiallarının hazırlanması davam etdirilib, Departament tərəfindən Duzdağ Fizioterapiya Mərkəzinin və Darıdağ  Arsenli  Su  Müalicəxanasının bukletləri, Naxçıvan şəhərinin turist xəritəsi və Naxçıvan Muxtar Respublikasının Dini Turizm Xəritəsi  hazırlanıb.

2019-cu il ərzində Naxçıvan Muxtar Respublikasına ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 415 min 932 nəfər turist gəlib və bu göstərici 2018-ci ilə dair müvafiq göstəricidən 0,3% və ya 1244 nəfər çoxdur.

Tədbirin sonunda mövzuyla bağlı çıxışlar dinlənilib. Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov iclasa yekun vuraraq qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı 2020-ci ildə də kollektivin səylə çalışmasının vacibliyini vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: