Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Cəmşid Naxçıvanski Muzeyində “2020-ci ildə muzeylərdə mədəni-kütləvi tədbirlərin təşkili” mövzusunda seminar-treninq keçirilib.
Nazirliyin baş məsləhətçisi Qumral Əsədova tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirilib ki, hər il mütəmadi olaraq keçirilən seminar-treninqlərin əsas məqsədi muzey əməkdaşlarının vəzifə funksiyalarını dərindən öyrənməyinə şərait yaratmaq və onları muzey işi haqqında ətraflı məlumatlandırmaqdır.
Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyeva və muzeyin əməkdaşı Gülnaz Hüseynova mədəni-kütləvi tədbirlərin səmərəli təşkili və digər məsələlər barədə danışıblar. Mövzu ətrafında müzakirələr aparılıb.
Sonda muzey ekspozisiyasına baxış olub.