Xalçaçılıq xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Xalça sənəti Naxçıvanda da geniş yayılan xalq yaradıcılığı növlərindən biridir. Bu mənada, “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” milli xalçaçılıq ənənələrinin qorunması, inkişaf etdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsində müstəsna rola malikdir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2019-cu ildə bu istiqamətdə bir sıra təşkilati işlər görülüb, əllə xalçatoxuma sənəti sahəsində unudulmaqda olan ənənələrin, bədii və texniki iş üsullarının, xalça çeşnilərinin bərpası, inkişaf etdirilməsi və gənclərin xalçaçılıq sənətinə marağının artırılması məqsədilə xalq yaradıcılığı emalatxanasının xalçaçılıq bölməsi bərpa olunub, xalçaçılar istifadə olunan xammal, xalçatoxuma məmulatları və hanalarla təmin edilib. Emalatxananın xalçaçılıq bölməsində və Cəlilkənd “Buzxana” Kompleksində müxtəlif ölçülərdə 44 ədəd xalça toxunub, 5 ədəd xalçanın toxunuşu davam etdirilib və toxunan 8519 manat dəyərində 41 ədəd xalçanın satışı həyata keçirilib.
Duzdağ, Təbriz və Qrand otellərində, Əshabi-Kəhfdə, Duzdağ Fizioterapiya Mərkəzində bütün yaradıcılıq sahələrini əhatə edən sərgi-satış xidməti obyektində əl işləri və yerli məhsulların sərgi-satışı təşkil edilib. “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” sosial layihəsi çərçivəsində 5 xalçaçı qadınla müqavilə bağlanılıb, milli çeşnilər əsasında evlərdə xalça toxunması məqsədilə onlar material və avadanlıqlarla təmin olunublar. Toxunuşu yekunlaşan 5 ədəd xalça satın alınaraq muxtar respublikada təşkil olunan sərgi-satışlarda nümayiş etdirilib. Bu, məşğulluğu təmin etməklə yanaşı, həm də xalçaçılıq sənətinin yaşadılması istiqamətində atılan mühüm addımlardandır.
“Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində əmək bazarının tələbinə uyğun milli və xalq tətbiqi sənəti növləri, unudulmaqda olan ənənələrin bədii və texniki iş üsullarının bərpası üzrə peşə kurslarının keçirilməsi məqsədilə “Tədris Planı” hazırlanıb.
Muxtar respublikada fəaliyyət göstərən 60-dan çox müxtəlif ağac üzərində oyma, misgər, xalçaçı, papaqçı, dulusçu, bədii incəsənət, dekorativ-tətbiqi sənət sahələri ilə məşğul olan sənətkarlarla əlaqə saxlanılıb, Azərbaycan Respublikasını, eləcə də Naxçıvan Muxtar Respublikasını tanıdan suvenirlərin, hədiyyəlik xatirə əşyalarının hazırlanması təmin edilib. Xalçaçılıq sənəti ilə bağlı yaşlı nəsillərin və sənətkarların ənənəvi xalçaçılıq sənətinin bədii və texniki iş üsulları xalq yaradıcılığı emalatxanasında 2 nəfər müdavimə, Naxçıvan Dövlət Universitetinin 15 tələbəsinə öyrədilib.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialında xalçaçı sənətkarlar tərəfindən 300 kvadratmetrdən çox xalça toxunub. Bundan əlavə, muxtar respublikada əllə toxunmuş xalçaların reyestri yaradılıb, 585 xalça haqqında məlumat reyestrə daxil edilib.
Naxçıvan xalçalarının dünya bazarında satışının həyata keçirilməsi üçün, ilk növbədə, onun təbliği və təqdimatı vacib şərtlərdəndir. Belə ki, cari ildə xalçalar haqqında məlumatlar hazırlanıb və biznesmerkez.info.az internet saytında yerləşdirilib və sayta nəzarət edilib. Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində, eləcə də sosial şəbəkələrdə xalçaçılıq irsinin təbliği məqsədilə fotoşəkillər, videoçarxlar və məqalələr yerləşdirilib. Muxtar respublikada istehsal olunan xalçaların xaricə aparılmasına müvafiq şərait yaradılıb, xalçaçılıqda istifadə olunan xammalın, avadanlıqların və alətlərin gömrük sərhədindən sadələşdirilmiş qaydada keçirilməsi təmin edilib.
Sərhəd-keçid məntəqələrində olan elektron məlumat guşələrində yerləşdirilən videoçarxlarda məlumatların muxtar respublikaya gələn turistlərə çatdırılması təmin edilib, infoköşklərdə şəxsi istifadə məqsədilə malların, o cümlədən xalçaların gömrük sərhədindən keçirilməsi qaydalarına dair qanunvericilik yerləşdirilib. Beləliklə, həm ölkə daxilində, həm də xaricdə satılacaq xalçalar iqtisadiyyata töhfə verməklə yanaşı, muxtar respublikada özəl sektorun inkişafına da əlavə stimul yaradacaqdır.
Xalçatoxuma sahələrini xammalla təchiz etmək və ixtisaslı kadrların hazırlanması, əllə xalçatoxuma sahəsində peşə təhsilinin dəstəklənməsi istiqamətində işlər davam etdirilib. Əllə xalçatoxuma sahəsində peşə təhsilinin dəstəklənməsi məqsədilə Naxçıvan Şəhər Peşə Liseyi, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəblərində xalçaçı peşəsi üzrə, ümumilikdə, 3 qrup üzrə 31 müdavim kursu başa vurub, 1 qrup üzrə isə 12 müdavim Ordubad Texniki Peşə və Sürücülük məktəbində təhsilini davam etdirib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qarışıq Cəzaçəkmə Müəssisəsində məhkum qadınlardan ibarət xalçaçı kursu təşkil olunub.
Naxçıvan xalçaçılıq məktəbinin elmi cəhətdən və sistemli şəkildə araşdırılması, yeni elmi nəşrlərin hazırlanması, xalçaçılıq sahəsində unudulmaqda olan ənənələrin bərpası istiqamətində Naxçıvan Müəllimlər İnstitutunda keçirilən “Naxçıvan xalçaçılığı: keçmişdən günümüzə” adlı konfransda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi seminarında “Naxçıvanda xalçaçılıq məktəbi”, AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında “Naxçıvanda xalçaçılıq sənətinin meydana gəlməsi və inkişaf yolları” mövzusunda məruzələr edilib.
Qeyd edək ki, ötən dövrdə Naxçıvan xalçaçılıq məktəbinin elmi cəhətdən və sistemli şəkildə araşdırılması, yeni elmi nəşrlərin hazırlanması məqsədilə AMEA Naxçıvan Bölməsində aparılan tədqiqat işləri ilə əlaqədar bir monoqrafiya nəşr olunub, üç elmi məqalə isə çapa təqdim edilib. Naxçıvan xalçaçılıq məktəbinə aid yeni nəşrlərin tədris planına salınması və tədrisin təşkili məqsədilə Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi və Rəngkarlıq ixtisaslarında buraxılış, elmi-tədqiqat, Tələbə Elmi Cəmiyyəti işlərinin mövzuları təyin olunarkən Naxçıvan xalçaçılıq tarixi, Naxçıvan xalçaçılıq məktəbi və Naxçıvanda xalçaçılığın inkişafı ilə bağlı mövzulara daha çox yer verilməsi nəzərdə tutulub. “Azərbaycan xalçaçılıq sənəti” adlı dərs vəsaiti nəşr olunub, magistraturanın Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üçün Xalçaçılıq fənnindən fənn proqramı tərtib edilib, bakalavr təhsil səviyyəsinin Təsviri incəsənət müəllimliyi ixtisasının tədris proqramına Xalçaçılıq fənni daxil edilib.
Naxçıvan Dövlət Universitetinin müəllimləri “Naxçıvan xalçalarında naxışların bədii xüsusiyyətləri”, “Tariximizin yun kitabələri – Naxçıvan xalçaları” adlı məqalələr və “Naxçıvan xalçası”, “Muğam üçlüyü” adlı əsərlərlə keçirilmiş tədbirlərdə iştirak edib. Xalça ornamentlərini öyrənən tələbələr Azərbaycan xalça məktəbinin ənənələrinə uyğun dekorativ-tətbiqi sənət nümunələri kimi tapşırıqlar yerinə yetirmiş, bu mövzularda təşkil olunan sərgilərdə iştirak ediblər. Memarlıq ixtisasında seçmə fənn olan Xalçaçılıqda memarlıq ornamentləri fənni tədris planına daxil edilmişdir. “İstedadlı xanımların əl işləri” sərgisində Təsviri incəsənət müəllimliyi və Rəngkarlıq ixtisaslarında təhsil alan tələbələr “Xalçaçılıq” mövzusunda yaratdığı əsərlərlə iştirak ediblər.
Naxçıvan Müəllimlər İnstitutunda “Naxçıvan xalçaçılığı: keçmişdən günümüzə” mövzusunda elmi-praktik konfrans keçirilib. Təsviri incəsənət müəllimliyi ixtisası üzrə bakalavr hazırlığı üçün mövcud tədris planının İxtisas-peşə fənləri bölümünün seçmə fənləri sırasına “Naxçıvan xalçaçılıq məktəbi” adlı seçmə fənn daxil olunmuş, uyğun fənn proqramı hazırlanıb təsdiq və çap edilib. “Naxçıvan xalçaçılıq məktəbi” fənninin təcrübi məşğələlərini səmərəli təşkil etmək, gənc tələbələrdə bu sənətə daha da maraq yaratmaq məqsədilə “Xalçaçılıq” tədris emalatxanası yaradılmış, emalatxana zəruri avadanlıqlar və toxuculuq materialları ilə təchiz olunub, mütəxəssislərin rəhbərliyi altında qısamüddətli toxuculuq kursları təşkil edilmiş, tələbələrin təcrübi məşğələlərinin təşkili ilə yanaşı, əməkdaşların və tələbələrin iştirakı ilə Naxçıvan Müəllimlər İnstitutunun loqosunu əks etdirən ilk xalçanın toxunuşu başa çatdırılıb.
Nəticə etibarilə muxtar respublikada Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi, təbliği və inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlər xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması, yeni iş yerləri yaradılması, xalçaçılıq sahəsində, o cümlədən yun tədarükü və emalı, yun ipliklərin istehsalı üzrə ixtisaslı kadrların formalaşması, Naxçıvan xalçasının rəqabət qabiliyyətinin və ixrac potensialının artması, Naxçıvanın tarixi xalçaçılıq mərkəzinə xas olan qədim çeşnilərin bərpa edilməsi və şöhrətinin özünə qaytarılması yeni mərhələnin başlanğıcına çevrilib. Şübhəsiz ki, bu mərhələ dekorativ-tətbiqi sənətimizin möhtəşəm nümunəsi olan xalçaçılığın Naxçıvan Muxtar Respublikasında inkişafına özünün böyük töhfələrini verəcəkdir.