Orta məktəb illərində məktəb kitabxanasının ən fəal oxucusu idim. Oradan aldığım kitabları “su kimi içirdim”. O qədər kitab oxuyurdum ki, oxucu kartım qalın bir kitabçaya dönürdü. Kitabxanaçı Məhsəti müəllimə əlimdən “bezara” gəlmişdi. Oxuduğum kitabları təkrar-təkrar mənə verməli olurdu. Sonra bir gün atamla kənd kitabxanasına getdim. Kitabxanaçı İbrahim əminin ixtisas təhsili olmasa da, 25 mindən çox kitabın qorunduğu bu sehrli məkanda hər kitabı öz əlilə qoymuş kimi, fikirləşmədən tapıb gətirirdi. İndiki kimi indeksləşmə kompüter sistemi ilə idarə olunmurdu. Gərək güclü yaddaşın olaydi ki, əlifba sırası ilə düzülmüş hər bir kitabı çətinlik çəkmədən oxucuya çatdıra biləydin. Burada istədiyim kitabı tapıb oxumaq imkanı əldə etdiyimdən uçmağa qanadım yox idi.
Evimizdə balaca bir kitabxanamız vardı. Söhbət XX əsrin 70-80-ci illərindən gedir. Dünya ədəbiyyatının şedevr inciləri, elmi kitablar, Azərbaycan və dünya klassiklərindən dəyərli nümunələr də atamın bu balaca xəzinəsində özünə yer almışdı. Bəzən fikirləşirdim ki, məktəb də daxil olmaqla kəndimizdə 4-5, bəlkə də daha çox kitabxana var ikən, atam niyə evdə özünə kitabxana yaradıb? Amma həyatı dərk etdikcə, başa düşdüm ki, “mənim kitabxanam” kimi dəyərli söz birləşməsini yaradan bu balaca dünya insana necə mənəvi həyat, zövq bəxş edirmiş. Atam istədiyi vaxt bu balaca dünyanın geniş fikir məkanına daxil olur, siyahıya aldığı kitablardan birini götürüb oxuyurdu. İlk vaxtlar o siyahıda 51 kitabın adını oxumuşdum. İllər keçdikcə kitabxanamiz yeni, nadir ədəbiyyatlarla daha da zənginləşmişdi. Hansı kitablar vardı burada?... Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, “ Dumanlı Təbriz”, Cəlal Bərgüşadın “Sıyrılmış qılınc”, “Bozatın belində”, Mir Cəlal Paşayevin “ Dirilən adam” romanları, Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “Koroğlu” dastanı, dünya ədəbiyyatından Teodor Drayzerin “Dahi”si, “Min bir gecə”nin səkkiz cildi, Mürtəza Kazimi Müşfiqin “Qorxulu Tehran”ı... Çox sevdiyim, dönə-dönə oxuduğum kitablar...
Bu kimi kitabları oxumaqla, mən əldə etdiyim biliklərə, dünyagörüşünə görə bütün bu kitabları yazanlara, kitabxanalara və təməlini atamın qoyduğu mənim kitabxanama borcluyam.
Bir də maraqlı bildiyim bir məqam da vardı. Qonşularımız tez-tez atamın kitabxanasına müraciət edirdilər. Kimisi bədii, kimisi elmi kitab alıb aparır, müəyyən vaxtdan sonra qaytarıb başqasını görürdülər. Atam kitabları göz bəbəyi kimi qoruyurdu. Özü şəxsən sevə-sevə onların tozlarını silir, cırılan yerlərini təmir edirdi. Üç hissəli “Azərbaycanca-rusca lüğət”, “Azərbaycanca-ingiliscə lüğət” kitabları, “Azərbaycanca-fransızca danışıq kitabçası”- kitabxanamızın qiymətli, dəyərli inciləri sayılırdı.
Uzun qış gecələrində atam “Koroğlu” dastanından nə isə oxuyar, biz hamımız diqqət kəsilərdik. Hətta qonşularımızdan da bu maraqlı mütaliə axşamına qonaq olanlar tapılırdı. Bir də şeir gecələrində Nizami Gəncəvidən, Məmməd Arazdan, Bəxtiyar Vahabzadədən və sevdiyimiz başqa şairlərdən oxuyardıq. Bu gün atam həyatda yoxdur. Amma onun gündən-günə zənginləşən kitabxanası bizə yadigar qalıb. Bu, atamın övladlarına miras qoyduğu mənəvi dünyanın ən zəngin sərvətlərindən biridir. İnsan yaxşıların, pislərin dünyasında özünə necə yer tapır, müsbətlər, mənfilər bizə həyatı necə öyrədir, sevgi nələrə qadirdir, biz niyə yaşayırıq, nədən nəfəs alırıq, dünyanın o bir üzündə nələr var?.. Bu kimi yüzlərlə, minlərlə sualların cavabını mən bu kitablarda tapdım.
Hər dövrün öz söz yükü var. Zamanın, məkanın, insanların daşıya biləcəyi bir yük... Hər kəs zamanında bu söz yükündən öz payını götürməlidir...
Bu gün muxtar respublikamızda nə qədər şəxsi kitabxana var? Evlərdə hansı mənəvi xəzinələr yatır? Bu məqsədlə “Mənim kitabxanam” adında bir radioveriliş layihəsi hazırladım və sosial şəbəkədə bir sorğu apardım. Nəticədə şəxsi kitabxanalar haqqında nə qədər maraqlı, dəyərli məlumatlar topladım. Ziyalılarımızla bərabər sadə peşə sahiblərinin də maraqlı fikirlərlə sorğuda iştirak etməsi məni çox sevindirdi. Ucqar dağ kəndlərimizdə də kitabı sevərək şəxsi kitabxanalarını yaradanlardan xəbardar olduq. Hətta xaricdə yaşayan naxçıvanlılar da bu təşəbbüsə qoşulub. Bu başladığımız işi davam etdirmək üçün bizə dəstək olanlara təşəkkür edirik. Artıq ilk verilişimiz efirə gedib və xəbardar olduğumuz bütün şəxsi kitabxanalar barədə sizlərə mütəmadi verilişlər hazırlayacağıq. Məqsədimiz budur ki, mənəvi dünyamızı zənginləşdirən kitabların oxunması və təbliği sahəsində az da olsa borcumuzu verə bilək. Bu muxtar respublika rəhbərliyinin bu yolda atdığı addımın bizə təlqin etdiyi gözəl bir təşəbbüsdür.
Təranə Arifqızı
Naxçıvan radiosunun əməkdaşı