Naxçıvanda sığorta tədiyyələrinin toplanması həcmi 7,3 faiz artıb

A- A A+

Ötən il muxtar respublikada sığorta fəaliyyətinin daha da genişləndirilməsi, kütləviliyinin təmin olunması və vətəndaşlar arasında sığorta mədəniyyətinin inkişaf etdirilməsi üçün bir sıra işlər görülüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində keçirilən iclasda ətraflı danışılıb.

Agentliyin baş direktoru Hikmət Əsgərov çıxış edərək, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasından irəli gələn vəzifələr barədə məruzə edib.

Qeyd olunub ki, sığorta işinin daha da təkmilləşdirilməsi məqsədilə ötən il agentlik tərəfindən muxtar respublikanın hər bir rayon (şəhər) icra hakimiyyətləri ilə ayrılıqda “Sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələrə dair” müşavirələr keçirilib. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta olunmayan sürücülərin icbari sığortaya cəlb olunması məqsədilə agentliyin və Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə reydləri təşkil olunub. Həmçinin sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası və onun istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasının həyata keçirilməsi və sığorta etdirməyənlərin sığortaya cəlb olunması məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə sahibkarlıq subyektlərində maarifləndirici söhbətlər aparılıb.

“Görülmüş işlərin nəticəsində ötən il agentlik üzrə hüquqi və fiziki şəxslərdən sığorta tədiyyələrinin toplanması həcmi 2018-ci illə müqayisədə, ümumilikdə, 7,3 faiz artıb. Bu dövrdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bağlanılmış müqavilələrin sayında 1330 ədəd, daşınmaz əmlakın icbari sığortası üzrə toplanmış sığorta tədiyyələrinin həcmində 5,7 faiz, yaxud müqavilə sayında 1131 ədəd, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə toplanmış sığorta tədiyyələrinin həcmində 2,8 faiz artım olub” – deyən Hikmət Əsgərov bildirib ki, əmlakın yanğın və digər risklərdən sığortası üzrə toplanmış tədiyyələrin həcmi 9,3 faiz artıb.

İclasda kənd təsərrüfatı sığortasının əhəmiyyətindən də bəhs olunaraq bildirilib ki, muxtar respublikada kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə 1652 sığorta müqaviləsi bağlanılıb.

Qeyd olunub ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə toplanmış tədiyyələrin həcmi 27,6 faiz artıb.

Tədbirdə mövcud çatışmazlıqlara da toxunularaq sığorta tədiyyələrinin toplanması işində rayon Dövlət Sığorta agentliklərinə qarşıdakı dövrdə daha səylə çalışmaq tapşırığı verilib.

Sonra məruzə ətrafında müzakirələr olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: