NUHÇIXAN-ın yeni lahiyəsi: Sadə qəhrəman - FOTOLAR

A- A A+

Kimdir qəhrəman? At belində, döyüşdən döyüşə atılan cəngavərmi, yeddibaşlı əjdaha ilə əlbəyaxa olanmı? Adətən, qəhrəman deyəndə insanlar məhz onları düşünür. Bizim qəhrəmanlarımız  isə sadə insanlardır. Hər gün yolda qarşılaşdığımız, səndən, ondan, bizdən biridir. Halal zəhməti və əziyyəti ilə həyatın çətin sınaqlarında mübarizə aparanlardır  “Sadə qəhrəman”lar.

Çoxdan arzusunda idim bu söhbətin. Bəzən yanlarından ötüb keçəndə ayaq saxlayıb nə isə demək, soruşmaq istəmişəm. Amma özümə də aşkar olmayan  bir səbədən çəkinmişəm. Təkcə ona görə yox ki, suallarımla onları incitmək istəməmişəm, həm də ona görə ki, işlərinə maneçilik törətməkdən çəkinmişəm. Ancaq  onların iş başında olarkən aralarında olan səmimiyyət, xoş əhval-ruhiyyə mənə uzaqdan-uzağa cəsarət verdi. Axır ki, baş tutur söhbətimiz.

Onlar işlərinin başındadır, elə mən də.

-Salam, işiniz avand olsun.

Qamətini düzəldib salamımı alan kişi adının Rəşid olduğunu deyir.

-Biraz söhbət edə bilərəmmi sizinlə?

-Nə danışacam ki?

-Elə öz işinizdən...

-(gülür) Mənim işim süpürməkdi.

-Onda siz işinizi görün, mən də suallarımı verim.

(şəklimizi çəkən əməkdaşımızı görüb soruşur)

-Harda göstərəcəklər?

-Yazı hazırlayacam, NUHÇIXAN üçün.

Süpürgənin ucu ilə yerdə “cızma-qara” edir.

Aha, deyesən razı oldu. Yaranan qısa fasilədən istifadə edirəm.

-Gün Rəşid əmi üçün necə başlayır?(sualımı yarıda kəsir)

-O başdan, gün çıxmamışdan. Tezdəndən oyanıb biraz nəvələrimlə oynayıram, sonra sahəyə çıxırıq, uşaqlarla. (əliylə digər işçiləri göstərir).

Görünür, kollektivin ən yaşlısı özüdü.

-Sonra?..

-İşçilər qruplara bölünür, şəhərin müxtəlif yerlərində başlayırıq işə. Çətinliyi yoxdu. Vaxt keçdikcə öyrəşirsən  süpürgəyə də, yollara da, səkilərə də. Həm də çörək puludur, dolanışığımız burdandır. İl boyu işləməklə özümüzə ev almışıq, bu il oğlum əməliyyat olunub, onun xəstəxana xərclərin ödəmişəm.

 -Sizin üçün fərqi varmı?-deyirəm, şəhərin harasında işləməyinizin?

- Yo-o-xdu, deyəndəki, əslində hər yer eynidi mənə görə. Tapşırılan iş nədir onu görüb idarəyə qayıdırıq. Bir o institut olan yerlər... tələbələri deyirəm, süpürüb təmizləyirsən, bir də baxırsan odur ee, əllərindəki dönər, su, ayran  qutusunu, kağızını hara gəldi tullayır. Birdə başlayırıq təzədən süpürməyə..

-Ancaq səbrlisiniz,  görmüşəm yolda. Bəs o gəncləri saxlayıb nə isə demirsiniz?

-Yo-o-x, demirsiniz deyəndəki, desəm nə dəyişəcək. Heç nə demərəm, mən də, elə uşaqlar da. “Əşi” deyib keçirik. Fikirləşirəm ki,  cavandılar da. Bir də  onlar  ali təhsil alırlar axı... (gülür)

-Yorğunluğunuzu neçə çıxarırsınız

- Müəyyən vaxtlarda işə  fasilə verilir. Onda elə ağacların kölgəsində otururuq. İndi hər yer yaşıllıqdır da.  Bəzən yığışıb çay içirik. Yaxşı baməzə uşaqlar var (gülür). Olur da uşaqlarla olandan, keçəndən danışırıq, bir-birimizin dərdinə şərik oluruq. Uşaqlar çox yaxşıdı.

Suallarımı yarıda saxlayıb, bayaqdan bəri diqqətlə qulaq asan digər bir işçiyə yaxınlaşıram.

-Sizlə davam edə bilərikmi söhbəti?

Balaca uşaq sadəliyi ilə başını tərpətməklə cavab verir.

-Adınızı bilmək olarmı?

- Vüsal. Soyadım da İsmayılov.

-Necə ildir burda işləyirsiniz?

-Hə, 4-5 il olar.

Yanımızdan ötən işçilərdən biri zarafatla deyir.

-Toya hazırlaşır...tədarük görür...

-Uşaqlardı da, baxmayın zarafatlarına, yaxşıdır hamısı. Dərdimiz sözümüz birdir. Xeyirdə şərdə sağ olsunlar əllərindən gələni əsirgəməzlər. (Yenə eyni səmimiyyətlə) Nişanlıyam, toyum olacaq.

Mövzunu dəyişirəm.

-Şəhərə gələn bütün qonaqlar səliqə-sahmandan  ağız dolusu danışır, hamı təmiz olduğunu deyir. Bu sizlərin əziyyətinizin bəhrəsidi...

- Hə, bizə də deyirlər, bəzən elə sizin kimi gəlib sual verənlər də olur, “yaxşı, təmiz şəhəriniz var”,- deyənlər çox olur. Xoşlarına gəlir, deyirlər hər yan evin içi kimidir, təmizdir də yəni. Televizorda göstərirlər də o birisi şəhərləri , nətəridi?..

Digər bir müsahibim Azər Allahverdiyevi tanıyıram. Deyir, bir neçə il olar burda işləyirəm. İşimdən də razıyam, elə kollektimizdən də, ailə kimi olmuşuq.

Sakitdir, təmkinli, suallarıma aram-aram cavab verir.

-Maraqlıdır,  hansı fəsildə işləmək daha çətindir. Naxçıvan təbiəti bir az şıltaqdır-yayı çox isti, qışı qarlı, soyuq, payızda  dəli küləklər xəzan yarpaqlarını  şəhərin bir başından o biri başına aparır.Yəqin ki , işi də çətinləşdirir?

-Torpağa qar düşər də. Düşməsə də quraqlıq olur. Təki yağan qar olsun (gülür). İsti yay da elə çətin gəlmir. Gün günorta olanacan çalışırıq bizdə işimizi yekunlaşdıraq. Sadəcə adamlar  çətindir.

-Nəsə deyirlər?

-Yoox. Bir də görürsən ki, odey bir qadın binanın beşinci mərtəbəsindən bir “sumka” zibili eləcə atır çölə. Qadın xeylağıdır, nəsə demək olmur. Polislər nəzarət edir, məsul şəxslər bu cür adamlara başa salırlar ki, olmaz. Necə deyərlər, maarifləndirirlər.  Amma gərək adamın özündə də ola..

Belə.. çalışıram qrupdakı bütün işçilərlə söhbət edəm, bəziləri həvəslə danışır, bəziləri suallarımdan yayınır. Ancaq hamısını birləşdirən bir cəhət var: yüksək əhval-ruhiyyə ilə, canla-başla calışmaq. Onlar bu qədim, bu gözəl şəhərin təmiz olmasının səbəbkarlarıdı.

Mehriban, səmimi  həmsöhbətlərimlə sağollaşıb ayrılıram. Gün hələ yeni başlayır, görəcəkləri işlər isə hələ çoxdu..

P.S. Bu insanlar qəhrəmandır. Şəhərimizin təmizliyini qoruyan qəhrəmanlar. Naxçıvan Şəhər  Təmizlik İdarəsinin işçiləri öz güzəranlarından da, gördükləri işlərdən də razıdırlar. Narazı olduqları isə sizsiniz-günəşdən öncə oyanıb, başdan ayağa bu şəhərin küçələrinə tumar çəkən bu insanların əziyyətini yerə vurub, əlindəki, evindəki tullantıları hara gəldi atanlar!                                                                                    

                                                                                    Fizzə Bağırova

                                                                                    NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: