Naxçıvan idmançıları ötən ili 369 medalla başa vurub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar kollegiya iclası keçirilib. İclasında nazir Azad Cabbarov qeyd edib ki, 2019-cu il ərzində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Vətən naminə” hərbi idman oyunu, gənclər arasında “Hədəf” adlı atış təlimi keçirilib. “Vətənpərvərlik nümunəsi” adı altında videoçarx çəkilib, “Şahin” və “Sərhəd” hərbi idman oyunlarının muxtar respublika birincilikləri keçirilib.

Vurğulanıb ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən yeniyetmə və gənclərin, həmçinin qadınların və gənc jurnalistlərin mükafatlandırılması mərasimləri keçirilib, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar Ağbulaq İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün qış və yay məktəbləri təşkil olunub, eləcə də yeniyetmələr arasında “İntellektual Oyunlar Olimpiadası”nın rayon, şəhər və muxtar respublika birinciliyi təşkil olunub.

Gənclərin intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq məqsədilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar gənc dövlət qulluqçuları arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə “Heydər Əliyev kuboku” keçirilib.

Nazir onu da qeyd edib ki, ötən dövr ərzində nazirlik tərəfindən muxtar respublikada idmanın kütləviliyinin təmin edilməsi də diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarının yekun iclasları təşkil edilib. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında  yeniyetmə və gənclər arasında boks, cüdo üzrə Naxçıvan şəhər açıq birincilikləri,  rayon və şəhər açıq birincilikləri, yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birincilikləri keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar muxtar respublikada “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalı, futbol üzrə Azərbaycan kubokunun final oyunu, kikboksinq, karate-do və cüdo üzrə Beynəlxalq turnirlər, “Heydər Əliyev kuboku” uğrunda yeniyetmə və gənclər arasında boks, futbol, karate-do, kikboksinq, sərbəst güləş, kişilər arasında voleybol, basketbol, sağlamlıq imkanları məhdud şəxslər arasında futzal, hüquq mühafizə orqanlarının əməkdaşları arasında peyntbol üzrə Naxçıvan Muxtar Respublika turnirləri keçirilib. Türkiyə və Naxçıvan alpinistlərinin həmçinin, Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrin iştirakı ilə Haçadağa yürüş təşkil olunub. Muxtar respublikada fəaliyyət göstərən dövlət və özəl təşkilatlar arasında futzal liqası, Naxçıvan Muxtar Respublika XVII Futbol çempionatının II dövrə oyunları, XVIII Futbol çempionatının I dövrə oyunları təşkil edilib.

Həmçinin Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində, İlham Əliyev adına Olimpiya İdman Kompleksində və Sədərək rayon Mərkəzi Stadionunda  yenidənqurma işləri aparılıb

Ötən dövr ərzində Naxçıvan Muxtar Respublika idmançılarının müxtəlif idman növləri üzrə ölkə və beynəlxalq miqyaslı idman yarışlarında iştirakının təmin edilməsi diqqətdə saxlanılıb, Makedoniyanın Skopiya şəhərində karate idman növü üzrə XI Avropa çempionatında, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində poverliftinq və bench press üzrə Dünya Çempionatında, Bakı şəhərində Azərbaycan Karate Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə karate idman növü üzrə “Azərbaycan Open” 1-ci beynəlxalq çempionatında, Bakıda yeniyetmələr, gənclər və veteranlar arasında qrapplinq üzrə dünya çempionatında, İsrailin Eylat şəhərində 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyində muxtar respublika idmançılarının  iştirakı təmin edilib.     

Vurğulanıb ki, 2019-cu il ərzində  idmançılarımız ölkə birinciliklərində 179, beynəlxalq turnirlərdə 165, dünya çempionatında 5, Avropa çempionatında 20  medal olmaqla, ümumilikdə 369 medal qazanıblar.

Sonra çıxış edənlər görülən işlər barədə ətraflı məlumat veriblər.

Sonda kollegiyanın qərarı qəbul olunub.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: