“2019-cu ildə rayonda quruculuq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilib”. NUHÇIXAN xəbər verir ki, bu fikirləri 2019-cu ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Şahbuz Rayоn İcra Hakimiyyətinin başçısı Rəfael Babayev səsləndirib.
Vurğulanıb ki, Şahbuz şəhərində Mədəniyyət Sarayı və Aviakassa binası istifadəyə verilib. Badamlı qəsəbəsində abadlıq işləri aparılıb, xidmət mərkəzi, Türkeş kəndində məktəb binası, kənd və xidmət mərkəzləri, 343 hektar ərazinin suvarılmasını təmin edən qapalı suvarma şəbəkəsi, Badamlı kəndində müharibə əlili üçün yaşayış evi tikilib. Türkeş kənd və Badamlı qəsəbə avtomobil yolu əsaslı şəkildə yenidən qurulub. Kolanı, Aşağı Qışlaq, Sələsüz, Mahmudoba kəndlərində isə mərasim evləri istifadəyə verilib. Hazırda Badamlı mineral sular zavodunda, Ağbulaq Xizək Mərkəzində, Şahbuz şəhərində çoxmənzilli yaşayış binasında son tamamlama işləri görülür.
Qeyd olunub ki, 2019-cu ilin ötən dövründə bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşunun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artıb.
Bildirilib ki, 2019-cu ilin ötən dövründə rayon üzrə 47 milyon 277 min 600 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur.
2019-cu ildə rayonda 17,1 hektar sahədə yeni bağlar salınıb.
Məruzə ətrafında rayon maliyyə şöbəsinin sektor müdiri Elçin Hüseynov, rayon statistika idarəsinin rəisi Xaliq Abdullazadə, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsinin müdiri Zamin Qurbanov çıxış ediblər.
Novruz Məmmədov