“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
NUHÇIXAN xəbər verir ki, iclasda cəmiyyətin direktoru Mahir Əliyev 2019-cu ildə dəmir yolunun ayrı-ayrı sahələrində sağlamlaşdırma işləri aparıldığını, qatarların hərəkətinin təhlükəsizliyinin təmin edildiyini bildirib. Həmin müddətdə muxtar respublika ərazisindəki tikinti təşkilatları üçün 283 min 497 ton müxtəlif təyinatlı yük daşınıb. Qatarlar vasitəsi ilə 158 min 875 sərnişin daşınıb. Ordubad-Culfa sahəsində hərəkət edən yük-sərnişin qatarlarında dartı vasitəsi kimi istifadə olunması məqsədilə bir ədəd yeni manevr teplovozu muxtar respublikaya gətirilib.
Mahir Əliyev bildirib ki, Naxçıvan stansiyası ərazisində sərnişin vaqonlarının yuyulması üçün uzunluğu 50 poqonometr olan yolun çəkilişi və hər iki tərəfdən estekada-körpünün quraşdırılması işi başa çatdırılıb. Vaqon və lokomotivlərin normal və fasiləsiz istismarının təmin olunması məqsədilə lazımi tədbirlər görülüb. Yol təsərrüfatında sağlamlaşdırma işlərinin aparılması məqsədilə lazımi yerlərə təzə dəmir-beton və ağac şpallar qoyulub.
İclasda dəmir yol stansiyalarının fəaliyyəti o cümlədən 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ətraflı təhlil olunub.
Məruzə ətrafında çıxışlar dinlənildikdən sonra Mahir Əliyev 2020-ci ildə arşıda duran vəzifələrdən danışıb və aid qurumlara müvafiq tapşırıqlar verib.
Əbülfəz Dünyamalıyev