Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2019-cu ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iclasda Komitənin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, 2019-cu il iyulun 1-nə olan məlumata əsasən muxtar respublikada 97358 ailə vardır ki, bu da keçən illə müqayisədə 699 və ya 0.72 % ailə çoxdur. Bunlardan 1384-ü qaçqın və məcburi köçkün ailə, 223-ü şəhid ailəsi, 430-u aztəminatlı ailədir ki, bu da keçən illə müqayisədə 95 və ya 18.10% aztəminatlı ailə azdır.
Aztəminatlı ailələrin sosial problemlərinin öyrənilməsi və həlli ilə əlaqədar tədbirlər görülüb, Komitə tərəfindən 10 aztəminatlı ailəyə baş çəkilib. Bildirilib ki, Komitə tərəfindən 2019-cu ildə bir sıra tədbirlər keçirilib.
Sonra şöbə müdiri Vüsalə Vəliyeva və baş məsləhətçi Zərnigar Orucəliyeva məruzə ətrafında çıxışlar edib, kollegiya iclasının qərarı qəbul olunub və Komitənin 2020-ci il üçün İş planı təsdiq edilib.