Qədim yurd yerlərimiz: Aralıq - FOTOLAR

A- A A+

Şərur rayonunun Aralıq kəndi də qədim yaşayış yerlərimizdən biridir. Şərur düzündə “Aralıq” adında iki yaşayış yeri var: Yuxarı Aralıq və Aşağı Aralıq. “Azərbaycan toponimləri Ensiklopedik lüğəti”ndə göstərildiyi kimi, Aşağı Aralıq kəndini  keçmiş Aralıq  Başkənd (indiki Yuxarı Aralıq) kəndindən çıxmış ailələr salmış və Aşağı Aralıq  Başkənd adlandırılmışdır. Sonradan yaşayış məntəqəsinin adından Başkənd sözü düşmüş və indiki formada rəsmiləşdirilmişdir. Lakin müasir formanı alanacan hər iki Aralığın adında bu və ya digər səbəblərdən müəyyən dəyişiklik və fərqlər baş verib. Yeri gəlmişkən qeyd edək ki, 1724-cü ildə Osmanlı idarəçiliyinə tabe edilən İrəvan əyalətində 4 il sürən müfəssəl icmal dəftərləri hazırlanıb və 1996-cı ildə Azərbaycan dilinə çevrilən “İrəvan əyalətinin icmal dəftəri”ndə Yuxarı və Aşağı Aralıq adında iki kənd qeydə alınıb.

Aralıq kəndinin adındakı bəzi fərqlər və dəyişikliklərə bir çox tədqiqatçılar (Q. Qeybullayev, A. Bağırov, F. Rzayev) öz araşdırmalarında xeyli aydınlıq gətiriblər. Məlum olub ki, qeyd olunan iki Aralıq kəndi Naxçıvan xanlığının yaşayış məntəqələri siyahısında Aralıq-xan və Aralıq-bəy  adları ilə qeyd edilib. 1936-cı ildə Naxçıvan MİK-nin I çağırış IV sessiyasında bu adlar dəyişdirilərək Aralıq-xan “Yeni kurulum”, Aralıq-bəy isə “Qəmbərabad” adlandırılıb. Lakin sonralar kəndlərin ilkin adları özünə qaytarılaraq “xan” və “bəy” sözləri kənd adlarından götürülüb.

Aralıq kəndlərini fərqləndirmək üçün işlənən “xan”, “bəy”  sözləri  haradan gəlib?  Araşdırmalardan bəlli olur ki, vaxtilə  Şərur mahalında Aralıq-Kəlbəlixan və Aralıq-Məhəmməd Əlibəy  adlı iki kənd  adı qeydə alınıb. Çox güman ki, mülkədarlarının adları və “bəy”, “xan” mənsəbləri ilə fərqləndirilən kəndlər “Kəlbəli” və  “Məhəmməd Əli” sözlərinin tələffüzdən düşməsi nəticəsində sadəcə olaraq “Aralıq-xan”, “Aralıq-bəy”  formasını alıb və bir sıra sənədlərdə də beləcə qeyd edilib. Sonralar kənd adlarındakı “xan”, “bəy” sözləri götürülərək yaşayış yerləri Yuxarı Aralıq və Aşağı Aralıq formasında günümüzə qədər gəlib.

Aralıq oykonimini şəffaf toponimlər qrupuna daxil etmək olar. Çünki kəndin adı  dilimizin öz daxili imkanları əsasında yaranıb və mənası da aydındır, adətən, yaşayış məntəqələri arasında mövqe tutan kəndlər belə adlanır. Kənd adlarındakı “yuxarı”, “aşağı” sözləri yalnız fərqləndirici əlamət bildirir. Daha doğrusu, belə sözlər ərazi toponimiyasında təkcə kəndin coğrafi mövqeyini, relyef quruluşunu əks etdirmir, adətən, eyniadlı, identik səciyyəli yaşayış məntəqəsinin birini digərindən ayırmaq, fərqləndirmək məqsədi ilə kənd adlarına əlavə edilir.

Aralıq adının mənşəyini, etimoloji izahını dəqiqləşdirmək üçün onun əsas elementi, yəni başlanğıc sözü, toponimik kökü müəyyənləşdirilməlidir. Aralıq sözünün kökü, bizcə, nə “ar”dır, nə də “aral”dır, burada toponimik kök “ara” sözüdür. Bu söz (ara sözü) əski dövrlərdən türk dillərində, o cümlədən Azərbaycan dilində mövcuddur. Ara sözü “Kitabi-Dədə Qorqud”da da elə indiki anlamda işlənib. Mahmud Kaşqarlı ara sözünün “ara”, “arasında” mənalarında işləndiyini qeyd edib. Eynilə həmin söz türk dillərində də “ara”, “aralıq”, “iki ara” mənalarında işlənməkdədir.

Müasir Azərbaycan dilində “ara” omonim söz kimi aşağıdakı mənaları ifadə edir.

  1. Ara (isim)- iki şeyin arasındakı məsafə, boşluq, ortalıq. (Çalışaq girməsin yadlar araya - S. Rüstəm);
  2. Ara (isim)- əlaqə, münasibət, rəftar (Yoxdur sevən gənc könlümün bu hicranla arası – S. Rüstəm);
  3. Ara (isim) – fasilə (Kəndin aşağısında maşınların gurultusu ara vermirdi);
  4. Ara  (feil) – axtarmaq,  araşdırmaq (Mən üç gündür ki, at belində səni arayıram – C. Cabbarlı).

Əlbəttə, ara sözü geniş semantik çalarlara malikdir. Ərazi toponimiyasında daha çox “aralıq”, “ortalıq” anlamı üstünlük təşkil edir. Morfoloji yolla sözyaratma prosesi Azərbaycan dilinə xas olan əsas əlamətlərdən biridir. Ona görə də Azərbaycan, həmçinin  Şərur ərazi toponimiyasında şəkilçilərin (düzəltmə vasitələrin)  iştirakı ilə yaranan kənd adlarına (oykonimlərə) tez-tez rast gəlmək olur. Şərur oykonimlərindəki –lar, -lər; -lı, -lu, -lıq; -laq; -çı və s. bu kimi şəkilçilər ərazinin toponimik  fonunun məhz Azərbaycan dilinə məxsusluğunu bir daha təsdiq edir. Aralıq kənd adındakı –lıq hissəsi, əslində heç də düzəltmə vasitəsi kimi görünmür. Çünki “Aralıq” sözü semantik cəhətdən “ara” sözündən fərqlənmir. Təsadüfi deyil ki, “Azərbaycan dilinin sinonimlər lüğəti”ndə “ara” sözü bir məqamda “ortalıq” mənasında, eyni ilə “aralıq” sözü də “ortalıq” anlamında olan söz kimi verilib. Sadəcə olaraq “ara” sözü semantik çalarlığı baxımından daha geniş mövqeyə malikdir. Burada –lıq elementi sanki topoformant mövqeyində dayanıb, Aralıq oykoniminin formalaşmasında yaxından iştirak edərək “yer, məkan” məzmunu ifadə edir.

Beləliklə, Aralıq kənd adı “ara” sözünə məkan anlamı ifadə edən –lıq şəkilçisinin (topoformantının) artırılması yolu ilə yaranıb. Yaşayış yerinin adı “arada, ortada yerləşən (kənd)” mənasındadır.

                                                                             Akif İmanlı

                                      Naxçıvan Müəllimlər  İnstitutunun professoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: