Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib. Mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev bildirib ki, muxtar respublikanın bütün sahələrində əldə olunmuş yüksək nailiyyətlər-iqtisadi inkişaf əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müxtəlif məqsədlərlə Naxçıvan Muxtar Respublikasına gəlmələrinə geniş imkanlar yaradıb.
Bu baxımdan muxtar respublikaya gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı, müvəqqəti və daimi yaşaması, iş icazələrinin verilməsi, ölkədə olma qaydalarının tənzimlənməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə və miqrasiyanın mənfi təzahürlərinin qarşısının alınması Dövlət Miqrasiya Xidməti tərəfindən 2019-cu ildə də ciddi nəzarətdə saxlanılıb. Görülmüş tədbirlər nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində qanunvericiliyinin tələblərini pozan 202 əcnəbi aşkarlanıb ki, onlardan da 197-si barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla cərimə inzibati tənbeh növü tətbiq edilib, 56 nəfər tətbiq edilmiş cəriməni ödəmədiyindən, cərimə ödənilənədək ölkə ərazisinə girişinə məhdudiyyət qoyulub
Əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, iş icazələrinin verilməsi, vətəndaşlıq məsələləri və Xidmətin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı ümumilikdə Xidmətə 10613 müraciət daxil olub ki, həmin müraciətlərdən 8624-ü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlıdır.
Xidmət rəisi bildirib ki, muxtar respublikamızın sosial-iqtisadi inkişafı sayəsində burada yaşamaq, işləmək, təhsil almaq, ölkəmizin vətəndaşı olmaq istəyənlərin sayı ilbəil artır. Aparılan uğurlu siyasət vaxtilə respublikanı tərk edib digər dövlətlərə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtması tendensiyasına müsbət təsir edir. Reallaşdırılan tədbirlərin məntiqi nəticəsi olaraq, cari il ərzində muxtar respublikada 2 nəfər Azərbaycan vətəndaşlığına qəbul olub, 1 nəfərin isə vətəndaşlığı bərpa edilib.
Maarifləndirmə mövzusuna xüsusi toxunularaq qeyd edilib ki, Xidmət tərəfindən mütəmadi olaraq bu istiqamətdə müxtəlif məzmunlu tədbirlər reallaşdırılır. Tədbirlərin yekununda onların muxtar respublikada fəaliyyət göstərən muzeylərə, turizm məkanlarına ekskursiyaları da təşkil olunur.
Sonra məruzə ətrafında müzakirələr olub.
Kollegiya iclasında Xidmətin 2020-ci il üçün İş Planı təsdiq edilib.