Naxçıvan Şəhər İcra Hakimiyyətində İcbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində “Naxçıvan Muxtar Respublikasında İcbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 26 dekabr 2019-cu il tarixli Sərəncamından irəli gələn məsələlərlə əlaqədar müşavirə keçirilib.
Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov muxtar respublikada səhiyyəyə göstərilən yüksək diqqət və qayğıdan danışaraq bildirib ki, müvafiq sərəncama əsasən bu il yanvarın 1-dən etibarən Naxçıvan şəhərində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək diqqət və qayğısı ilə muxtar respublikada icbari tibbi sığortanın tətbiqi məqsədi ilə görülən işlər əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyənin sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edəcək.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq icbari tibbi sığortanın mərhələli şəkildə ilk olaraq Sədərək rayonunda sonra isə Şərur, Kəngərli, Şahbuz, Ordubad və Babək rayonlarında tətbiqinə başlanılıb. Bu məqsədlə rayon mərkəzi xəstəxanalarında və icbari tibbi sığortanın tətbiqində iştirak edən digər tibb müəssisələrində agentliyin qeydiyyat məntəqələri yaradılıb və fəaliyyətləri təmin edilib.
Agentliyin direktoru qeyd edib ki, Sərəncama uyğun olaraq Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq xəstəxanası, Naxçıvan Muxtar Respublika Xəstəxanası və Naxçıvan Muxtar Respublikası Kardiologiya Mərkəzinə publik hüquqi şəxs statusu verilib və tibb işçilərinin əməkhaqları 50 faiz artırılıb. Ümumilikdə Naxçıvan Muxtar Respublikası üzrə 459 min 64 nəfər, o cümlədən Naxçıvan şəhərində 94 min 390 nəfərə aid məlumatlar, şəxsin iş yeri və gəlirləri, pensiyaçılar, sosial müavinət alanlar, işsiz statusu olanlar, ünvanlı dövlət sosial yardımı alanlar, gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi üzrə məlumatlar, əyani təhsil alan tələbələr, tibb müəssisələri üzrə məlumatlar müvafiq icra hakimiyyəti orqanlarına müraciət edilərək toplanılıb. Toplanılan məlumatlar əsasında icbari tibbi sığortaya cəlb olunacaq əhali, tibb müəssisələri və işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları, proqram təminatları, reyestrlər yaradılıb.
Diqqətə çatdırılıb ki, müvafiq Sərəncamın icrasını təmin etmək üçün Naxçıvan şəhər əhalisinin “Tibbi Sığorta haqqında” Azərbaycan Respublikası
Qanununa əsasən sığortaolunanların tibbi xidmətdən istifadəsini təmin etmək məqsədi ilə müvafiq göndərişlər 0-18 yaş əhali qrupu üçün Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına, 18 yaşdan yuxarı Əhali qrupu üçün isə Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına, Təcili yardım üçün isə Naxçıvan şəhər Təcili Tibb Mərkəzinə təhvil verilib.
Sonra agentliyin İcbari tibbi sığorta işinin təşkili şöbəsinin müdiri Vüsal Məmmədovun “İcbari tibbi sığorta nədir?”, aparatın ümumi işlər üzrə baş məsləhətçisi Çilənay Qurbanlının “İcbari tibbi sığortada tibbi xidmətin təşkili” mövzularında çıxışları dinlənilib. Həmin mövzularla bağlı slaydlar nümayiş etdirilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Nurlan Sadiqov