Naxçıvanın müasir gömrük xidməti - FOTOLAR

A- A A+

Müasir gömrük xidməti anlayışı

Çağdaş dövrümüzdə elm və texnologiyanın, sənayenin sürətli inkişafına paralel olaraq qloballaşan dünyada zaman və vaxt məfhumları ən önəmli amillər sırasına yüksəlib. Dünya ölkələrində istehsal edilən məhsulların hər kəs üçün əlçatan olması isə ticarət və nəqliyyatın asan və sürətlə həyata keçirilməsindən asılıdır. Bu baxımdan, son illərdə  beynəlxalq müstəvidə gömrük işinin fəlsəfəsinin dəyişməsi də məhz bu amillə bağlıdır. İndi gömrük orqanları mənsub olduğu ölkənin önəmli gəlir mənbələri olmaqla yanaşı,  həm də beynəlxalq ticarətin asan və sürətlə həyata keçirilməsinə, malların və nəqliyyat vasitələrinin qısa vaxt ərzində, az məsrəflə mənzilbaşına çatdırılmasına xidmət göstərir. Tam əminliklə demək olar ki, ökəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan  Muxtar Respublikasında gömrük xidməti bu yeni missiyanı layiqincə yerinə yetirir. Bu isə tarixi ticarət yollarının üzərində yerləşən Naxçıvanın tranzit bölgə kimi əhəmiyyətini və istifadəsini artırır.

Müstəqilliyin ilk illərində Naxçıvan gömrüyü

Bu gün 3 ölkə ilə həmsərhəd olan Naxçıvan Muxtar Respublikasında müasir gömrük xidməti fəaliyyət göstərir. Təbii ki, müasir gömrük xidmətinin əsası ötən əsrin 90-cı illərinin əvvəlində qoyulub. Müstəqillik dövründə Naxçıvan gömrüyünün keçdiyi yola nəzər salsaq, görərik ki, xüsusilə 1992-1993-cü illər gömrük orqanlarının və sərhəd-keçid məntəqələrinin yaranma və formalaşma mərhələsi kimi böyük əhəmiyyət daşıyır. O dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu sayəsində İran ərazisindən keçməklə Azərbaycanın digər bölgələri ilə nəqliyyat əlaqəsinin qurulması, Sədərək-Dilucu və Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqələrinin yaradılması blokada da olan Naxçıvanın böhranlı vəziyyətdən çıxarılmasında, dövrün çağrışlarına uyğun gömrük və ticarət münasibətlərinin təşəkkül tapmasında, qonşu ölkələrlə qarşılıqlı əlaqələrin inkişafında mühüm mərhələni təşkil edir. Ulu öndərimiz tərəfindən muxtar respublikamızın iqtisadi təhlükəsizliyinin qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlər sırasında Dövlət Gömrük Komitəsinin yaradılması ilə bağlı qərar böyük əhəmiyyətə malikdir. 24 fevral 1992-ci il tarixdə yaradılan bu qurum iqtisadi inkişafın təmin olunmasına, qədim diyarımızda tarixən formalaşmış gömrük və ticarət əlaqələrinin inkişafına mühüm töhfələr verən önəmli dövlət təsisatlarından biridir.

 Cəmi 28 ildə əldə olunan nailiyyətlər

Ötən 28 ildə dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə böyük inkişaf yolu keçən muxtar respublika gömrük sistemi bu gün özünün modern infrastrukturu, möhkəm maddi-texniki bazası, regionun xüsusiyyətləri nəzərə alınmaqla formalaşdırılan idarəetmə modeli və ənənələri ilə seçilir. Son illər qonşu Türkiyə Respublikası və İran İslam Respublikası ilə imzalanmış sazişlər, həyata keçirilən rəsmi səfərlər sayəsində xarici əlaqələrin əhatə dairəsi ildən-ilə genişlənir. Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinə beynəlxalq statusun verilməsi, Sədərək və Culfa gömrük sərhəd buraxılış məntəqələrinin iş rejiminin 24 saata çatdırılması gömrük işi sahəsindəki hərtərəfli inkişafın əyani göstəricisidir. Culfa gömrük-sərhəd buraxılış məntəqəsinin 2018-ci ilin may ayından fasiləsiz olaraq fəaliyyət göstərməsi Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasının digər bölgələrinə və əks istiqamətdə yük və minik maşınlarının, o cümlədən avtobus reyslərinin müntəzəm hərəkətinə şərait yaradır. 2019-cu ilin yanvar ayında Şahtaxtı-Poldəşt gömrük sərhəd-buraxılış məntəqəsinin iş vaxtının əlavə 4 saat  artırılaraq 16 saata çatdırılması da öz növbəsində gediş-gəlişin və ticarətin artmasına, tranzit imkanlardan daha geniş istifadəyə imkan verir.

Yenilənən infrastruktur

Son illər muxtar respublika gömrük orqanlarının strukturunun genişləndirilməsinə xüsusi diqqət yetirilir. 2001-ci ildə Naxçıvan Şəhər, 2004-cü ildə Naxçıvan Hava Nəqliyyatında Gömrük idarələrinin, 2012-ci ildə Naxçıvan Gömrük Ekspertizası İdarəsinin və Gömrük Mühafizə Xidmətinin yaradılması, 2016-cı ilin sonunda Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə dəmir yolu nəqliyyatında gömrük nəzarətinin təşkili gömrük sisteminin böyüməsinə və səmərəliliyinin artırılmasına xidmət edir. 2018-ci ilin sonlarında Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin strukturunun dünya ölkələrinin praktikasına uyğun şəkildə yenidən formalaşdırılması gömrük xidmətinin keyfiyyətinin artmasına, əməkdaşlardan daha səmərəli istifadəyə imkan yaradır.

Naxçıvan gömrük sisteminin müasir infrastrukturu onun müasir simasıdır. Beynəlxalq standartlar və yerli şərait nəzərə alınmaqla 2007-ci ildə Culfa, 2009-cu ildə Şahtaxtı, 2012-ci ildə isə Naxçıvan Şəhər Gömrük idarələri üçün qurulan  gömrük kompleksləri, gömrük laboratoriyası, 2014-cü ildə Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi üçün istismara verilən inzibati bina, 2015-ci ildə “Naxçıvanterminalkompleks” Birliyi üçün tikilib istifadəyə verilən yeni inzibati bina və anbar kompleksi, 2018-ci ildə əsaslı şəkildə təmir olunan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin inzibati binası ən yüksək standartlara cavab verir.

Naxçıvanın Qərbə açılan qapısı olan Sədərək sərhəd keçid məntəqəsi bu gün infrastruktur islahatlarının yeni mərhələsindədir. 18 hektar ərazidə inşa olunan modern kompleks dünyada yeni gömrük modeli anlayışının bütün parametrlərini özündə ehtiva edir.

İstifadəyə verilən ən son texnoloji avadanlıqlar və idarəetmə sistemləri

Dövlətimizin yüksək diqqət və qayğısı ilə bu gün muxtar respublika gömrük sistemində ən müasir standartlar tətbiq olunur. Culfa, Şahtaxtı və Sədərək sərhəd keçid məntəqələrində quraşdırılaraq istifadə olunan rentgen-nəzarət qurğuları regiona bütün istiqamətlərdən gələn yüklərə və nəqliyyat vasitələrinə gömrük nəzarətini daha dolğun və sürətli şəkildə həyata keçirməyə imkan verir. Qeyd edək ki, Almaniya istehsalı olan bu avadanlıqlar dünyanın az sayda inkişaf etmiş ölkəsində tətbiq olunan ən müasir müayinə sistemidir. Bu qurğu yük maşınlarının içərisində istənilən yerdə gizlədilmiş əşyaların təsvirini 1 mm dəqiqliklə görməyə, əşyanın tipini, habelə onların təhlükəlilik dərəcəsini müəyyən etməyə imkan verir. Yoxlama X-Ray şüasının köməyilə aparılır. Təkcə ötən il ərzində də 13 ədəd Almaniya istehsalı olan yeni rentgen-nəzarət qurğusunun, vətəndaşların üzərində olan malların aşkarlanmasına imkan verən 2 ədəd müasir “B-skan” aparatının quraşdırılması gömrük nəzarətinin sürətli və mükəmməl formada həyata keçirilməsinə imkan yaradıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Hədəf mərkəzi”ndə muxtar respublika ərazisində malların və nəqliyyat vasitələrinin hərəkətinin izlənilməsi, gömrük əməliyyatlarının monitorinqinin aparılması və riskin idarəolunması sistemi əsasında effektiv gömrük nəzarəti həyata keçirilir. İndi xaricdən gələn avtonəqliyyat vasitələri muxtar respublikaya daxil olduğu andan təyinat gömrük orqanına çatana qədər gömrük nəzarətində saxlanılır. Bu məqsədlə qurulan  “GPS” naviqasiya sistemi avtonəqliyyat vasitələrinin müəyyən olunmuş marşrut üzrə hərəkətini izləməyə imkan verir. Gömrük orqanlarında qurulmuş rentgen-nəzarət qurğularının skan görüntülərinin mərkəzə ötürülməsi ilə bu sahədə ikili nəzarət təmin olunur. Müşahidə kameralarının imkanlarından istifadə olunmaqla “Hədəf mərkəzi”ndə tabeli gömrük orqanlarındakı iş prosesinə də 24 saat nəzarət edilir.

İndi sərhədi keçən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləş-dirilməsi və gömrük nəzarəti vahid elektron sistem halında həyata keçirilir. Gömrük xidmətinin modernizasiyası çərçivəsində inkişaf etdirilən Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) artıq kağızsız texnologiyaya keçid mərhələsindədir. Xarici iqtisadi fəaliyyət iştirakçıları gömrük bəyannamələri və digər mal-müşayiət sənədlərini elektron imza vasitələri ilə imzalanmaqla tam elektron mühitdə gömrük orqanlarına təqdim edirlər.

Gömrük nəzarəti ilə yanaşı, gətirilən mal və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi də beynəlxalq standartlar tətbiq edilməklə “bir pəncərə” prinsipinə uyğun şəkildə həyata keçirilir. Gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin təkmilləşdirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması məqsədilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsində "Yaşıl dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemləri tətbiq olunur. Xarici iqtisadi fəaliyyət iştirakçısı sənədlərini gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib və təqdim etdiyi təqdirdə rəsmiləşdirmə prosesi bir neçə dəqiqə ərzində başa çatdırılır.

Gömrük-sərhəd buraxılış məntəqələrində tətbiq olunan “Sərhədkeçmə vaxtının ölçülməsi” sistemi mal və nəqliyyat vasitələrinin sərhəddən keçmə və buraxılış vaxtlarının qeydiyyatının avtomatik qaydada aparılmasına və  sərhədkeçmədən buraxılışa qədər olan müddəti müəyyən etməyə imkan verir. Toplanan statistik məlumatların təhlili əsasında mal və nəqliyyat vasitələrinin sərhəd keçidinin daha keyfiyyətli idarə olunması təmin edilir.

Dövlət Gömrük Komitəsi, eyni zamanda hüquq mühafizə orqanı olaraq əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi ilə qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirir. Bu məqsədlə ən mütərəqqi üsullаrdаn istifаdə оlunur, kinoloji xidmətin keyfiyyəti yüksəldilir, digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyət təmin olunur. Gömrük xidmətində hədəflərin idarə olunması sistemi və müasir texnika və avadanlıqlarla təchiz edilən mobil qruplar fəaliyyət göstərir.   

Əldə olunan nəticələr

Qaçaqmalçılıqla mübarizə sahəsində görülən qabaqlayıcı tədbirlərin nəticəsi olaraq hüquqpozma faktlarının aşkar olunmasında artan dinamika müşahidə edilir. 2018-ci ildə muxtar respublika üzərindən tranzit hərəkət edən iki yük nəqliyyat vasitəsindən ümumilikdə 207,6 kiloqram, 2019-cu ildə isə qeydə alınan 2 cinayət faktı üzrə ümumilikdə 8,2 kiloqram narkotik vasitəni aşkarlanıb. Əlbəttə ki, bu texniki nəzarət vasitələrindən səmərəli istifadənin uğurlu göstəricisi olmaqla, Naxçıvan gömrükçülərinin transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində böyük nailiyyətidir.

Son illərdə muxtar respublika iqtisadiyyatının dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərir. Naxçıvan Muxtar Respublikası dünyanın 60-dan çox ölkəsi ilə ticarət əməliyyatları aparır. İxrac əməliyyatları əsasən Türkiyə Respublikası, İran İslam Respublikası, Gürcüstan, Rusiya Federasiyası və Yəmən Respublikası ilə həyata keçirilir. Xarici ticarət dövriyyəsində ixrac əməliyyatlarının həyata keçirildiyi ölkələrin miqyasının ilbəil genişlənməsi müşahidə olunan mühüm yeniliklərdəndir. Təbii ki, idxal-ixrac əməliyyatları artdıqca muxtar respublikaya keyfiyyətsiz malların gətirilməsi riski də artır ki, Naxçıvan gömrükçüləri belə hallara qarşı fəal mübarizə aparırlar. Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunur. Bu məqsədlə təkcə ötən il ərzində 40 tona yaxın ərzaq və qeyri-ərzaq məhsulu muxtar respublika ərazisinə buraxılmayıb, 20 tona yaxın mal isə məhv edilib.

Təbii ki, gömrük işi sahəsində muxtar respublikamızda əldə olunan uğurlar, yaradılan hərtərəfli şəraitdən səmərəli istifadə, əldə edilən təcrübə onu deməyə əsas verir ki, gömrük orqanları Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasının iqtisadi qüdrətinin artırılmasına, iqtisadi və milli təhlükəsizliyin təmin olunmasına, dövlətimiz tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət tədbirlərinin dəstəklənməsinə bundan sonra daha böyük töhfələr verəcəkdir.

                                      Nihad Bayramlı

Yazı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçündür

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: