Naxçıvan Teleradiosu bu ildən 20 saat efirə çıxacaq

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kollegiya iclası keçirilib. Komitənin sədri Sahil Tahirli beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında Teleradio ilə bağlı məsələlərə də toxunulduğunu qeyd edib. Bildirib ki, dövlətin qayğısı ilə ötən il yeni çəkiliş və yayım avadanlıqları alınıb. Televiziya və radionun maddi texniki bazası, o cümlədən yaradıcı işin gücləndirilməsi üçün şərait yaradılıb. Bu isə imkan verir ki, 2020-ci ildən Teleradionun yayım fəaliyyəti 19 saatdan  20 saata qədər artırılsın. Qeyd olunub ki, yeni ildə televiziya və radio üçün  daha modern çəkiliş və yayım avadanlıqları alınacaq.

O da vurğulanıb ki, 2019-cu ildə televiziyada 32 yeni televiziya və sənədli film hazırlanıb. Ümumilikdə isə müxtəlif profilli 1600-ə yaxın yeni telematerial efirə təqdim edilib. İl ərzində 100 televiziya və sənədli televiziya filmi xarici dillərdən dublyaj olunub.

Muxtar respublikada baş verən mühüm və əhəmiyyətli hadisələr mütəmadi olaraq efirdə işıqlandırılıb. Qəbul edilən dövlət proqramları, elan edilən “Ailə təsərrüfatları ili” ilə bağlı maraqlı xəbərlər, verilişlər təqdim edilib.

Televiziyanın öz istehsalı olan videomaterialların sayının artması nəticəsində ümumi efirin 70,8 faizə qədərini televiziya öz məhsulları ilə təmin edib. Televiziyanın canlı yayımı Azərbaycan, Rusiya, Türkiyədə fəaliyyət göstərən yayım şirkətləri tərəfindən internet üzərindən təşkil edilib.

Həmçinin qeyd edilib ki, il ərzində “Nuhçıxan” İnformasiya Agentliyinə dünyanın 140-dan çox ölkəsindən giriş olub. Saytın məlumatları cari ildə ən çox Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə, İran, ABŞ, Kanada, Almaniya, Gürcüstan və Ukraynadan oxunub.

Naxçıvan Dövlət Radiosunda isə 2019-cu il ərzində 2488 yeni radiomaterial efirə təqdim olunub. Bu verilişlərin 1302-si canlı yayımlanan veriliş və proqramlardır. Radioda rus və ingilis dillərində xəbərlərin yayımına başlanıb. 

İclasda Komitənin Proqram Direksiyasının direktoru İlkin Rzayev, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri Rauf Kəngərli, Televiziyanın Sənədli filmlər və dublyaj redaksiyasının baş redaktoru Müzəffər Əsgərov, “Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru Səməd Canbaxşiyev, İctimai-siyası məsələlər redaksiyasının baş redaktoru Ramal Məmişov, Xəbərlər redaksiyasının baş redaktoru Rəmzi İbrahimov, Radionun Ədəbi-bədii və publisistik redaksiyasının baş redaktoru Nigar Məmmədova çıxış edərək görülən işlərlə bağlı məlumat veriblər.

Yaradıcılıqla bağlı geniş müzakirədən sonra Komitənin 2020-ci ilə aid Tədbirlər Planı qəbul edilib. 

 

                                                           Anar Tağıyev

                                                           NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: