Əsrin dörddə biri - FOTOLAR
İndi qış günlərində Naxçıvan isti evləri, qızdırılan mənzilləri ilə əsl qış istirahətini yaşamalı bir yerdir. Bu gün isə Naxçıvan şəhərinə yağan qar mənzərəyə bir az da rəng qatıb. Axşamüstü hamı hələ günorta qardan təmizlənən yollara çıxıb parklardakı ağacların, kolların üzərində qalan qarın yaratdığı mənzərəni seyr edə-edə gəzir, dolanır. Bu soyuqda küçədə, xiyabanlarda dolanan insanlar bilirlər ki, soyuq olsa da bir azdan qayıdıb öz işıqlı, isti mənzillərində, evlərində qızınacaqlar, rahatca oturub televizora baxacaq, öz qayğıları ilə məşğul olacaqlar. Sakit, hüzr dolu bir şəhərdə, kənddə sabahkı planlarını quracaqlar. Amma deməsi sadə olsa da, bunlar asan başa gəlməyib.
25 il bundan əvvəl yəqin ki heç ağlımıza da gəlməzdi ki, 21-ci əsrin Naxçıvanı Avropanın, dünyanın ən möhtəşəm şəhərləri ilə müqayisə olunacaq. Bir zaman dolanışıq üçün üz tutduğumuz qardaş Türkiyənin Anadolusundan gələnlər “Biz indi doğuya, Naxçıvana gəlməklə Batını- Avropanı görürük” deyəcəklər”.
Bu bir həqiqətdir. Bəs bu həqiqətin arxasında hansı zəhmət və iradə dayanır?
Bunu hamı yaxşı bilir ki, 25 il əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən cənab Vasif Talıbov xalqın sabahı naminə şəxsiyyətin tarixi çevirib istədiyi istiqamətə yönəldə bilmək bacarığını hamıya sübut elədi. “O zaman -1980-ci illərdə Sovet hökumətinin bəzi rəsmiləri məni Naxçıvana göndərməklə sanki sürgün etmişdilər”,-bunu Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Naxçıvanda onun adına olan məscidin açılışında etiraf etdi. Deməli, hələ güclü Sovet İttifaqının “mənəm-mənəm” deyən vaxtında Naxçıvan çoxları üçün uzaq, gözdən, könüldən iraq bir əyalət idi.
...İndi isə tam əksinə, Naxçıvan Azərbaycanın qərbində doğan bir günəş kimi nəinki ölkəyə, regiona işıq salır. Naxçıvan öz iqtisadiyyatı, sənayesi, kənd təsərrüfatı ilə inkişaf edən ölkələrlə müqayisə olunur. Sual oluna bilər, -Necə? Cavab məlumdur, 35 yaşında öz taleyini Naxçıvana, naxçıvanlılara bağlayan Vasif Talıbovun şəxsi səriştəsi və iradəsi ilə biz bu günlərə qovuşduq. Ulu öndər Heydər Əliyev məktəbinin yetirməsi olaraq onun kimi həyatını xalqın taleyinə bağladı. 1990-93-cü illərdə Ulu öndər naxçıvanlılarla bir yerdə, problemlər, çətinliklər, müharibə, blokada şəraitində, gecələr lampa işığında necə yaşayırdısa, eyni addımları cənab Vasif Talıbov da 1995-ci ildə Ali Məclis Sədri seçiləndən atıb. Bu İnsan ona görə hər bir naxçıvanlının sevimlisidir ki, O, muxtar respublika insanının yaşadığı bütün çətinlikləri, blokadanı, müharibəni, fasilələrlə verilən elektriki, suyu, bir sözlə 1990-cı illərin “kabusunu” yaxşı bilir. Etiraf edək ki, eyni hissləri yerli insanlarla bərabər yaşayıb, onların dərdinə şərik çıxmaq hər bir rəhbərin səriştəsi deyil. Bunun üçün ürəyində Vətən, Xalq sevgisi və təəssübü olmalıdır. Ən çətin günlərdə Vasif Talıbov Naxçıvanı tərk etmədi. Halbuki onun Heydər Əliyev məktəbində qazandığı təcrübəsi və səriştəsi ölkə səviyyəsində ona təklif olunan istənilən vəzifəsinin öhdəsindən gəlməyə yetərdi. Amma O, ölüm-dirim döyüşündə öz ordusunu tərk etməyən sərkərdə kimi naxçıvanlılarla birlikdə ən ağır sınaqlardan çıxdı. Nəinki çıxdı, hətta sürətlə Naxçıvanı irəli apardı. Dövlət xadimi- bax bu söz məhz bu cür insanlara yaraşır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri isə Görkəmli Dövlət Xadimidir. Çünki onun nüfuzu təkcə ölkəmizdə deyil, Naxçıvanla qonşu regionda olan dövlətlərdə də yetərincə yüksəkdir.
Yanvarın 14-də Ali Məclis Sədrinin 60 yaşı tamam olur. Tanrının ona verdiyi ömür payının 25 ilini Azərbaycanın dövlətçilik tarixinin bir hissəsi olan Naxçıvana həsr edən muxtar respublika rəhbərinin , hər bir naxçıvanlının həyatında birbaşa və ya dolayı yolla əhəmiyyətli zəhməti, rolu var. 2000-ci ildə mənə də Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adını verib, 2004-cü ildə isə bu fəxri adı təsdiq edilən medalı və vəsiqəsini şəxsən özü təqdim edib. 2015-ci ildə Ölkə başçısı tərəfindən mənə verilən Prezident mükafatını yenə bu dəyərli insandan almışam. Sonra isə jurnalistlərlə keçirilən görüş və “Mən sizinlə qürur duyuram!” ifadəsindən sonra çəkilən xatirə şəkli...
60 yaşınız mübarək , cənab Sədr !!! Biz Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli Şəxsi ilə təkcə çəkdirdiyimiz şəkillə deyil, həmçinin sizinlə eyni dövrdə, Naxçıvanın bu gözəl, sakit, sabit, inkişaf dövründə yaşadığımızla qürur duyuruq!
Səməd Canbaxşiyev