Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclas keçirilib.
NUHÇIXAN xəbər verir ki, iclasda xidmətin rəisi Ramin İsmayılov bildirib ki, muxtar respublikanın şəhər və rayonlarında ötən il ərzində daxil olan müraciətlərə əsasən 1133 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb. İstismarda olan təzyiq və qaz tənzimləyicilərinin, daşıyıcı və paylayıcı qaz kəmərlərinin, nəzarət-ölçü cihazlarının və digər texnoloji avadanlıqların yenilənməsi istiqamətində mühüm işlər görülüb.
Təbii qazdan qanunsuz istifadə hallarına yol verməmək üçün nəzarət gücləndirilib,- deyən Ramin İsmayılov bildirib ki, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanılması təmin edilib.
Qeyd olunub ki, muxtar respublikada həyata keçirilən quruculuq işləri ilə əlaqədar lazımi yerlərdə qaz xətləri yenilənib. Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smart-kart tipli qaz sayğacları ilə əvəz olunması istiqamətində işlər davam etdirilib. İstismarda olan yeraltı yüksək və orta təzyiqli magistral qaz kəmərlərinin üzərində quraşdırılmış katod elektrokimyəvi mübarizə qurğularına vaxtlı-vaxtında nəzarət olunub.
Sonda xidmətin 2020-ci ilə dair iş planı təsdiq edilib.
Əbülfəz Dünyamalıyev