Böyürtkən və onun faydalı xüsusiyyətləri

A- A A+

Bəşər cəmiyyətinin bütün tarixi inkişafında təbiətşünaslar və filosoflar həyatın yaranması və onun dərk olunmasının mənasının axtarılması yolunda çalışıblar. Riyaziyyat, fizika, kimya kimi fundamental elm sahələrində görkəmli ixtiraların olmasına baxmayaraq, canlı aləmin çoxlu sualları hələ də həll edilməyib. Həyatın müxtəlif formalarının anlaşılmasında canlı orqanizmin kimyəvi fəaliyyətinin təyin edilməsinin mühüm əhəmiyyəti vardır.

Bitkilər insan orqanizmi üçün bir çox, o cümlədən bir sıra faydalı, əvəzolunmaz təbii birləşmələrin mənbəyi kimi çox qədim zamanlardan bəri insanlar tərəfindən müxtəlif məqsədlər üçün geniş şəkildə istifadə edilib. Eyni zamanda bitkilər insan orqanizmini zərərli sərbəst radikallardan qoruyan başlıca təbii antioksidantlar olan vitaminlər, karotinoidlər, polifenollu birləşmələr və flavonoidlərlə olduqca zəngindir.

Meyvə-tərəvəzlər insan orqanizminin mineral maddələr və vitaminlərlə təmin edilməsində əvəzsiz qida məhsullarıdır.  Meyvə-tərəvəzin tərkibində orqanizmdə asan mənimsənilən karbohidratlar, o cümlədən nişasta, üzvi turşular, aşı və boya maddələri, pektin maddələri, ətirli maddələr və digər bioloji fəal maddələr vardır. Meyvə-tərəvəzin tərkibi onun növündən, sortundan, yetişmə dərəcəsindən, yığılma müddətindən, torpaq-iqlim şəraitindən, emalından və saxlanılma üsullarından daha çox asılıdır.

Rubus caesius L. və ya böyürtkən kol bitkisi olub, hündürlüyü 50-150 sm-ə bərabərdir. Gövdəsi silindrik, sarı-yaşıl və hamardır. Düz və ya tükcüklü gövdəsi üzərində çoxsaylı tikancıqları vardır. Yarpaqları üçbölümlü, neştərvari yalançı zoğlardan və 4-7 sm uzunluqlu saplaqdan, dişcikli kənarlardan ibarət olmaqla, tükcüklü və açıq-yaşıl rənglidir. Çiçəkləri böyük formalı, tükcüklü, yaşıl kasacıqlı olub, ellipsvari ləçəklərdən ibarətdir. Yumurtalığı hamar, erkəkcikləri demək olar ki, dişiciklərdən uzundur. Meşələrdə, kiçik yarğanlarda və çay sahillərində yayılır. İyun-avqust aylarında çiçəkləyir və iyul-oktyabr aylarında isə meyvələri yetişir. Meyvəsi forma etibarilə uzunsov və konusvari, rənginə görə qırmızı, qara, al-qırmızı və sarı olur. Böyürtkən bitkisi yabanı halda Avropa, Asiya və Amerika qitələrində geniş yayılıb. Azərbaycanın bütün zonalarında böyürtkən kolluqları vardır. Eyni vaxtda kollarda həm təzə açılmış çiçək və həm də yetişmiş meyvə olur. Meyvəsinin tərkibində şəkər (qlükoza, fruktoza, saxaroza), üzvi turşular (alma, limon, salisil və s.), müxtəlif vitaminlər, pektin maddələri, karotin, C və B qrupu vitaminləri vardır. Tərkibi eyni zamanda kalsium, mis, dəmir, maqnezium, manqan, fosfor, kalium, selen, natrium, sink və s. mineral elementlərlə zəngindir.

Azərbaycanın xalq təbabətində böyürtkənin meyvələrindən, yarpaq və köklərindən bir sıra xəstəliklərə qarşı tətbiq olunur. Qurudulmuş meyvələrindən və yarpaqlarından çay kimi dəmləyib hipertoniya xəstəliyində və sinə ağrılarında (stenokardiya) istifadə edilir. Eyni məqsədlə təzə dərilmiş meyvələrindən şərbət və ya mürəbbə hazırlanıb yeyilir. Ümmun sistemi və maddələr mübadiləsini gücləndirir. Aparılan araşdırmalar böyürtkənin yaddaş zəifliyindən ishala qədər bir çox xəstəliyə qarşı dərman olduğunu ortaya çıxarıb. Meyvəsi ilə yanaşı, böyürtkənin çiçəyinin də diabet və böyrək daşları üçün xeyirli olduğu müəyyənləşdirilib. Suyunun sıxılaraq içilməsi ishal xəstəliyində, qurudulmuş yarpaqları isə ağızdakı yaralar üçün faydalıdır. Bitki antosianlar və antioksidantlarla olduqca zəngindir. Qan təzyiqini nizamlayır, ayaqlardakı şişləri aradan qaldırır, ağız, dil və diş əti iltihablarına qarşı faydalı təsir göstərir. Göz zəifliyinə xeyirli təsir göstərir, maddələr mübadiləsini sürətləndirir. Aspirini təbii əvəz edən bitkidir və orqanizmə zərər vermir. Böyürtkən həm də sinir sistemi üçün çox faydalıdır belə ki, stresi azaldır, beyin qan dövranını yaxşılaşdırır, hafizəni gücləndirir, yuxunu normallaşdırır.

Antioksidantlarla olduqca zəngin olduğu üçün bitki yaşlanmanı zəiflədir, bir çox xroniki xəstəliklərin və xərçəngin qarşısının alınmasında faydalıdır. Ağızda xəstəliyə səbəb ola bilən bakteriyaları öldürür. Xərçənglə mübarizə qabiliyyəti ilə tanınan böyürtkən antioksidant sinifi olan polifenollarla zəngindir. Xüsusilə də antosianin bu meyvədə yüksək qatılıqda olur. Antosianinlər böyürtkən vasitəsilə xərçəngə qarşı istifadə edilən ilk silah hesab oluna bilər. Bir araşdırma zamanı böyürtkənin tərkibində olan xüsusi bir antosianin olan sianidin-3-qlükozidin ağciyərdə xərçəng hüceyrələrinin böyüməsinin qarşısını aldığı aşkar olunub. Böyürtkən həm də K vitamini ilə zəngindir ki, bu vitamin prostat, mədə, ağız və qaraciyər xərçənginin qarşısını alır və onlara qarşı mübarizə aparır. Eyni zamanda K vitamini çatışmazlığı sümükdə trofik pozulma nəticəsində incəlmə, sümük qırılmaları, göyərmə və s. hallara səbəb olur. Buna görə də böyürtkən, yaşıl yarpaqlı tərəvəzlər, kələm, soya və s. kimi K vitamini ilə zəngin olan qidaların istifadəsi unudulmamalıdır.

Surə Rəhimova

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: