Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasında kollegiya iclası keçirildi

1711

NUHÇIXAN xəbər verir ki, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə  Əməliyyat Briqadasının   2019-cu ildə  xidməti-döyüş fəaliyyətinin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrin icrasına dair iclası keçirilib. İclasda  Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri general-leytenant Fazil Ələkbərov bildirib ki, Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyev siyasi kursunun  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, möhkəm təməllər üzərində qurulan sabitlik, təhlükəsizlik, inkişaf və yüksək rifah dayanıqlı xarakter alıb. Ordu quruculuğu sahəsində aparılan məqsədyönlü islahatlar və mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində muxtar respublikada bütün hərbi hissələr yüksək standartlar səviyyəsində təchiz olunub, Naxçıvan ordusu regionun ən güclü ordularından birinə  çevrilib.

Qeyd olunub ki, muxtar respublikada Silahlı Qüvvələrin digər birləşmə və bölmələri kimi, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının da xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır, hərbi hissənin maddi-texniki bazası ilbəil gücləndirilərək, hərbi qulluqçuların sosial qayğıları tam şəkildə aradan qaldırılır. Son illər ərzində briqadanın fəaliyyətinin təşkili, idarə olunması və şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülərək, hərbi hissənin yerləşdiyi ərazidə geniş quruculuq işləri aparılıb, ən müasir infrastruktur və nümunəvi hərbi şəhərcik yaradılıb. Briqadanın maddi-texniki bazasının gücləndirilməsi sahəsində mühüm işlər görülərək hərbi hissə müasir texniki vasitələr, silah-sursat və nəqliyyat vasitələri ilə təmin olunub, hərbi qulluqçuların döyüş hazırlığı, fiziki hazırlığı, xidmət şəraiti, sosial müdafiəsi daha da gücləndirilib, nizam-intizam və qanunçuluq ciddi şəkildə qorunub. Bütün bunlarla yanaşı xidməti ərazi üzrə döyüş tapşırıqlarının operativ icrasının təmin edilməsi məqsədilə Şərur rayonu ərazisində inşa olunan Əməliyyat taborunun qərargah binası, əsgər yataqxanası və hərbiçi ailələri üçün yaşayış mənzilləri yüksək standartlar səviyyəsində inşa olunub. Hazırda inşaat işləri davam etdirilir.

Fazil Ələkbərov bildirib ki, bu gün Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında yüksək mənəvi-psixoloji hazırlığa malik əsgər və zabitlər xidmət edirlər. Bunun nəticəsidir ki, təkcə 2019-cu ildə hərbi hissə Naxçıvan Muxtar Respublikasında Türkiyə Respublikasının hərbiçiləri ilə birgə təşkil olunan  “Sarsılmaz qardaşlıq” adı altında keçirilən əməliyyat taktiki təlimlərdə, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əməkdaşları ilə birlikdə keçirilən “Sərhəd pozucularının axtarılması və tutulması” adı altında təlim məşqlərində, eləcə də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları ilə birgə təşkil olunan komanda qərargah təlimlərində uğurla iştirak edib. Bundan əlavə “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası son iki ildə ardıcıl olaraq Daxili Qoşunların Baş İdarəsi tərəfindən keçirilən inspeksiya yoxlamalarının nəticələrinə görə Daxili Qoşunların hərbi hissələri arasında 1-ci yeri tutub.

Nazir bildirib ki, əldə olunan  nailiyyətlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək 2019-cu il ərzində hərbi qulluqçulardan 1 nəfər  “Hərbi Xidmətlərə görə”, 12 nəfər “Hərbi Xidmətdə Fərqləndiyinə görə” medalları ilə təltif edilib, 2 nəfər hərbi qulluqçuya həvəsləndirmə qaydasında vaxtından əvvəl hərbi rütbələr verilib.

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə  Əməliyyat Briqadasının komandiri general-mayor Səlim Niftəliyev 2019-cu ildə görülən işlər barədə geniş məlumat verib .

İclasda əməliyyat briqadasının komandir müavinləri, xidmət və  bölmə rəislərinin  2019-cu ildə görülən işlərlə bağlı çıxışları da dinlənilib. 

Sonda  Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri general-leytenant Fazil Ələkbərov 2020-ci ildə qarşıda duran vəzifələrdən danışıb, onalrın uğurla yerinə yetirilməsi istiqamətində şəxsi heyətə tapşırıqlar  verib .

                                                              Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: