Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Peşəkar ofisiant” startap layihəsinin təqdimatı keçirilib. Departamentdən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə Departamentin direktoru Əkbər Novruzov bildirib ki, layihədə iştirakla əlaqədar elan verilib, bir ay müddətində sənəd qəbulu aparılıb və müraciət edən 38 nəfər təlimdə iştirak edib. Layihə çərçivəsində ofisiantlara təlimlər keçiriləcək, təlimlər zamanı həm nəzəri biliklərin artırılmasına, həm də praktiki bacarıqların inkişafına xüsusi diqqət yetiriləcək. Təlimlərin sonunda keçiriləcək imtahanlarda müvəffəqiyyət qazanmış ofisiantlar isə Departament tərəfindən müvafiq Sertifikatlar veriləcək və bu da ofisiantların işlə təmin olunmasını xeyli asanlaşdıracaq.
Təqdimatda “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” MMC-nin iqtisadi məsələlər üzrə direktor müavini Rifat Mahmudov ictimai iaşə obyektlərində xidmətin təşkili ilə bağlı ümumi məlumat verib, Naxçıvan Muxtar Respublikasında turizm sektorunun sürətli inkişafı fonunda xidmət personalının peşə hazırlığının artırılmasına hesablanmış bu cür tədbirlərin xidmət keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcəyini bildirib.
Sonra təlimin qrafikinə əsasən “Ofisiant peşəsinə olan tələblər, vəzifə səlahiyyətləri” mövzusunda ilk təlim keçirilib. Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov mövzu haqqında ümumi məlumat verib və müvafiq slayd nümayiş etdirilib.