“2019-cu il ərzində vergi orqanları tərəfindən məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə fondun xəzinə hesabına 77 milyon 807 min manat vəsait daxil olub”- bu fikirləri Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Fondun sədri Əli Quliyev səsləndirib.
NUHÇIXAN xəbər verir ki, fondun sədri qeyd edib ki, bu 2018-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 5 milyon 978 min manat və ya 8,3 faiz çoxdur.
O da vurğulanıb ki, fond tərəfindən müvafiq dövlət orqanları ilə birlikdə işçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət məqsədilə keçirilən monitorinqlər zamanı Naxçıvan Muxtar Respublikasında 355 sahibkarlıq obyektində 620 əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil olunmadığı aşkar edilib, 582 əmək müqaviləsində isə əməkhaqqı artırılıb.
Ötən il ərzində fondun yerli orqanları tərəfindən, ümumilikdə, 1431 nəfərə əmək pensiyası təyin edilib.
Hesabat dövründə 48 min 900 nəfərə yaxın əmək pensiyaçısının pensiyalarının sığorta hissəsi 3 faiz artırılıb və pensiyaların orta aylıq məbləği 237 manat təşkil edib.
Fondun sədri diqqətə çatdırıb ki, ötən il ərzində muxtar respublika üzrə kənd yerlərində yaşayan 190 əmək pensiyaçısının istəkləri nəzərə alınmaqla, onların pensiyaları poçt bölmələri vasitəsilə ödənilib.
Sosial sığorta şəhadətnaməsi ilə təmin edilmiş sığortaolunanların sayı 177 min 450 nəfərə çatıb.