“Gələcəyini planlaşdır” adlı iki günlük təlimə yekun vurulub - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” adlı iki günlük təlim keçirilib.
NUHÇIXAN xəbər verir ki, təlim başlamadan öncə Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev maliyyə savadlılığının artırılması məqsədilə təşkil edilən tədbirlərin əhəmiyyətindən danışıb.
Bildirib ki, təlim məşğələləri tələbələrin müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünyagörüşlərinin genişlənməsinə, müasir informasiya cəmiyyətində tələb edilən səviyyədə hərtərəfli məlumata sahib olmalarına şərait yaradır.
Təlimin ümumi məqsədi fərdi büdcənin idarə edilməsi, qənaət vərdişlərinin yaradılması, ağıllı borcalma (kredit) üzrə düzgün qərarların verilməsi, maliyyə məqsədlərinin müəyyən edilməsi üzrə bilik və bacarıqların əldə olunmasıdır.
Qeyd edək ki, iki günlük təlim bu gün başa çatıb və sonda iştirakçılara sertifikatlar təqdim edilib.