Naxçıvanda növbəti humanitar tibbi aksiya keçirilib - FOTOLAR
Yanvarın 14-dən başlayaraq həkim-endokrinoloq Rövşən Həsənovun rəhbərliyi ilə paytaxtda fəaliyyət göstərən xəstəxanaların bir qrup həkimindən ibarət briqada Naxçıvan Diaqnostika Müalicə Mərkəzində ödənişsiz həkim qəbulları keçirir.
NUHÇIXAN xəbər verir ki, iki günlük aksiyada neyrocərrah, terapevt, daxili xəstəliklər üzrə, aritmoloq-invaziv-kardioloq, ümumi cərrah, cərrah, uroloq-androloq, dermatoveneroloq, travmatoloq-ortoped ixtisaslı həkimlər iştirak edirlər. Həkimlər onlara müraciət edən xəstələri müayinə edir, alınan nəticələrə uyğun lazımi tövsiyələr verirlər.
Mərkəzin baş həkimi Nihad Seyidov keçirilən humanitar aksiya ilə bağlı fikirlərini bildirərək deyib: “Biz insanlara xidmət edir, onların sağlamlığı keşiyində dayanırıq. Bu işdə dövlətimizə arxalanırıq. Çünki sosial siyasətin tərkib hissəsi olan səhiyyə sahəsində aparılan islahatlar, qoyulan investisiyalar bir məqsədə xidmət edir: muxtar respublika sakinləri sağlam olsunlar, onlara ən yüksək səviyyəli tibbi xidmət göstərə bilək. Aparılan islahatlar, həyata keçirilən genişmiqyaslı layihələr də belə deməyə əsas verir ki, muxtar respublikada tibbi xidmətin səviyyəsi yeni, daha mükəmməl mərhələyə qədəm qoyub. Diyarımızda həm yerli, həm də Bakıdan gələn həkimlər tərəfindən keçirilən humanitar tibbi aksiyalar da görülən bu işlərin tərkib hissəsidir. Bu zaman həm də həkimlər arasında təcrübə mübadiləsi imkanı yaranır. Onu da deyim ki, xəstəliklərin müayinə və müalicəsində daim yeni metodların öyrənilməsi və tətbiq edilməsi hər bir tibb işçisinin gündəlik fəaliyyətinin tərkib hissəsi hesab olunur. Bu baxımdan da belə tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Yaradılan bu unikal şəraitə görə kollektivimiz adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığımı bildirirəm”.
Həkim-endokrinoloq Rövşən Həsənov isə qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin sosial siyasətinin bir qolu olan səhiyyə sistemində son illər uğurlu islahatlar aparılıb, tibb müəssisələrinin maddi-texniki bazası və kadr potensialı gücləndirilib, bütövlükdə, səhiyyə sahəsində böyük nailiyyətlər əldə edilib. Dövlət başçısının sosialyönümlü siyasətinin nəticəsi olaraq Azərbaycanda çoxsaylı səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqlarla təchiz edilməsi uğurla həyata keçirilir.
Rövşən Həsənov bildirib ki, tibbi müayinələr zamanı həkimlər tərəfindən profilaktik baxış keçirilir, sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilir: “Xəstəlik aşkar olunduğu halda pasiyentlər yerində, zərurət yarandığı halda isə bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunurlar. Baxmayaraq ki, bu qədim diyar 30 ilə yaxındır, blokadada yaşayır, muxtar respublika rəhbərinin sosial siyasətinin əsas prioriteti olan səhiyyə sistemində qarşıya qoyulan bütün vəzifələr uğurla yerinə yetirilir. Bu mənim humanitar aksiya çərçivəsində Naxçıvana üçüncü gəlişimdir. Hər gəlişimdə də bunu hiss etmişəm”.
Müayinə üçün müraciət edənlərdən Naxçıvan şəhər sakini 61 yaşlı Zenfira Məmmədova və 67 yaşlı Adil Səfərov bu cür humanitar tibbi aksiyaların keçirilməsində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.