Qara zirənin möcüzəvi müalicə bitkisi adlandırılması yəqin ki, çoxumuza tanışdı. “Duman icərisində sevgi” adı ilə də tanınan qara zirə elə bir dərman bitkisidir ki, onun şəfaverici xüsusiyyətləri hələ 3 min il bundan öncə Orta Şərqdə böyük rəğbətlə qarşılanırdı. Bitki analoji olaraq, tənəffüs sistemi patologiyaları, mədə və bağırsaq pozğunluqları, sirkulyator (qan dövranı) və immun sistem disfunksiyaları zamanı, eləcə də həmişə sağlam və cavan qalmaq üçün ümumi tonuslandırıcı vasitə kimi tətbiq edilirdi. Məhəmməd Peyğəmbər (s.ə.s.) hədislərinin birində onun ölümdən başqa bütün xəstəliklərə çarə ola biləcəyini söyləyib. Qara zirənin yağı, toxumları və çiçəyinin kömək göstərərək faydalı ola bildiyi, bir çox alimlər tərəfindən dəfələrlə söylənilib. Bu bitkinin sağaltma gücü tamamilə realdır. Tarixin müəyyən dönəmlərində qara zirə müalicəvi bitki və ədviyyat olaraq Avropada da yüksək dəyərləndirilirdi. Lakin zaman keçdikcə bu bitki unuduldu və XVIII əsrdə yalnız dekorativ bir vasitə kimi bağlarda yetişdirildi.
Haqqında söhbət gedən bitki hal-hazırda Qərbdə yenidən canlanma dövrünü yaşayır. Avropa və ABŞ tədqiqatçıları Orta Şərqə əsrlər boyu bu bitki haqqında məlum olan bilgiləri elmi şəkildə sübut etməyə başlayıblar.
İnsan orqanizmi hər gün çoxsaylı mikroorqanizmlərlə-patogen bakteriyalar, virus və göbələklərlə mübarizə aparmaq məcburiyyətindədir. Normal halda, biz bunu hiss edə bilmirik, çünki effektiv şəkildə fəaliyyət göstərən bir müdafiə mexanizminə-immun sisteminə malikik. Sağlam immun sistemi xaricdən gələn “hücumlara” reaksiya verir, zərərli "işğalçılar"la mübarizə aparır və mümkün olan ən tez müddət ərzində onları orqanizmdə zərərsizləşdirir.
Davamlı stress, ağır psixoloji və fiziki gərginlik halları, ətraf mühitdə olan toksiki maddələr, yuxusuzluq, orqanizmin gərginlik yükünə adekvat cavab verməyən qidalanma və bütün bunların hamısı immun sistemin zəifləməsini şərtləndirən bu halların artıq müasir cəmiyyətin ayrılmaz komponentlərinə çevrildiyini nəzərə alsaq, sənayeləşmiş dünyada insanlar getdikcə bu patologiyalardan daha çox əziyyət çəkirlər. Nəticədə isə iltihab əlamətləri olan temperatur, həssaslığın artması, dəri və tənəffüs pozğunluqları, orqanizmdə müxtəlif göbələklərin çoxalması, allergiyalar, eləcə də həzm sistemi pozğunluqları, xroniki yorğunluq və davamlı miqren kimi problemlərdən ibarət olan kompleks bir sistem yaranır.
Kimyəvi preparatlardan tez-tez istifadə olunması arzuolunmaz təsirlər meydana çıxarır. Məhz buna görə insan sağlamlığını kimyəvi yox, yalnız təbii müalicə metodlarında tapır.
Ağır bakterial infeksiyalar zamanı antibiotiklərin qəbulu insan həyatını xilasetmə imkanlarına malik olsa da müəyyən çatışmazlıqlar da yaradırlar. Onların tətbiqi yad bakteriyalarla yanaşı, bağırsaqlarda, tənəffüs yollarında və dəridə olan normal mikrofloranı da məhv edirlər. Orqanizmin təbii balansının pozulduğu belə hallarda digər yad cisimlərin yayılması və inkişafı üçün əlverişli şərait yaranır. Başqa sözlə, immun sistemin zəifləməsinə və passivləşməsinə səbəb olur. Yəni antibiotiklər orqanizmdə yaranan temperaturun qarşısını alsa da, müdafiə prosesi zamanı sintez olunmuş toksiki substansiyaları orqanizmdən kənarlaşdıra bilmirlər.
Qara zirə immun sistemini gücləndirərək antibiotiklərə olan həssaslığı qarşılamaqla, getdikcə məhv olaraq azalmaq məcburiyyətində qalan leykositlərin bir qolu olan limfositlərin bərpası prosesinə yardım edir. Belə bir halın yaranmasında bu bitkinin ecazkar şəfaverici xüsusiyyəti köməyə çatır.
Qara zirə birillik bitki olub Şərqi Asiya, Cənubi Avropa və Şimali Afrikada təbii şəkildə yayılıb. Əsasən Mərkəzi və Cənub-Şərqi Asiya, Misir, Yaxın Şərq və Şimali Amerikada becərilir. Bitkinin vətəni Aralıq dənizi əraziləri hesab olunur. Onun ən mühüm istehsalçıları Misir, Hindistan, Pakistan, İran və Türkiyədir. Arxeoloqlar qazıntı apararkən Misir fironu Tutanxamonun sərdabəsində qəbrin içərisindən bu qədim bitkinin məcununu aşkar ediblər. Bu tapıntı bitkinin qədimdən istifadə olunduğunu sübut edir.
Qara zirənin tərkibində 44%-ə qədər yağ, 1,5% efir yağı, 38% karbohidrat, 21% zülali maddələr, melantin qlükozidi, aşı maddələri, tannin, mineral duzlar və flavanoidlər (kverçetin və kempferol) vardır. Yarpaqlarının tərkibində 0,43%-ə qədər askorbin turşusu olur. Bir çox xarici ölkələrdə elmi araşdırmalarla təsdiq edilib ki, qara zirənin tərkibində aktiv təsiredici komponent uçucu yağ olan niqellon vardır. Bu maddə immun sistemi stimulə etməklə yanaşı, həm də bronxodilatordur (bronxgenəldici). Bu xüsusiyyətinə görə bronxial astma və göyöskürəyin müalicəsində müvəffəqiyyətlə tətbiq edilir. Eyni zamanda tərkibində linoleyn və qamma linoleyn turşuları da vardır. Linoleyn turşusu orqanizmin immun sistemində əsas rol oynayan limfositlərin T hüceyrələrini bərpa və sintez edir. Qamma linoleyn turşusu isə ürəyin qidalanmasına kömək etməklə, qan təzyiqini azaldır, xolesterini nizama salır, şəkərli diabet, revmatoid artrit və astma xəstəliklərini müalicə edir. Amerika və digər inkişaf etmiş ölkələrin tədqiqatçıları qara zirənin ingibitor kimi xərçəng hüceyrələrinin inkişafina mane olduğunu iddia edirlər. Tədqiqatçıların araşdıdmalarına əsasən öyrənilib ki, qara zirə toxumu sağlam hüceyrələrə deyil, yalnız xərçəng hüceyrələrinə təsir edərək onların inkişafını zəiflədir. Müalicə müddəti zamanı gündəlik doza 20-40 qram toxum təşkil etməlidir. Bu bitki eyni zamanda qrammüsbət və qrammənfi mikroorqanizmlərə təsir etməklə, antibiotik fəallığına da malikdir. Antibiotiklərlə yanaşı qoyulan sınaqlarda bu bitki nəinki onlarla yanaşı durmuş, hətta onları ötüb keçibdir. Qara zirə sinir sisteminə müsbət təsir etməklə, qan təzyiqini və xolesterini azaldır, iştahı yaxşılaşdırır. Bağırsaq disbakteriozunda və helmint xəstəliklərinin müalicəsində də olduqca faydalıdır. Yağı yüksək effektli sidikqovucu, ödqovucu, neyrohumoral və histamin çatışmazlıqları ilə bağlı olan müxtəlif dermatoloji (dəri) xəstəliklərdə və miqrenin müalicəsində gözəl nəticələr verir. Dərinin elastikliyini artırır, antibakterial, antiviral agent kimi dərini regenerasiya edir. Piylənmənin qarşısını alır və çəkisalıcı təsir göstərir. Xüsusilə qanda xolesterinin çox olması səbəbindən beyin və ürək-damarların tıxanmasında əvəzedilməzdir. İlan sancması zamanı da olduqca faydalıdır. Tədqiqatçılar qara zirənin təsir mexanizmləri barədə nə qədər çox məlumat əldə etsələr də hələ bu bitkinin tərkibində aşkar edilməmiş bir çox komponentlər qalmaqdadır. İllər keçəcək bu ecazkar bitkinin gizli sirləri açılacaq, müalicəvi imkanları hərtərəfli şəkildə araşdırılacaqdır.
Bu bitkinin immun sisteminin gücləndirilməsinə kömək edən bir resept nümunəsini verməyi məqsədəuyğun hesab edirik: 1 çay qaşığı toxumunu 1 stəkan qaynanmış suya (termosda) əlavə edib, 2 saat ərzində dəmləmək lazımdır. Gündə 3 dəfə hər dəfə 1/4 stəkan yeməkdən 30 dəqiqə əvvəl (uşaqlarda 1 çay qaşığı gündə 3 dəfə) qəbul edilməlidir. Müalicə kursu 4-6 həftədir. Apteklərdə bu bitkinin Black Seed Oil - Qara Zirə yağı adlı preparatı satılır. Olduqca faydalı olan bu preparatdan profilaktik məqsədlə də yararlanmaq mümkündür.
Ramiz Ələkbərov
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun
elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent