NUHÇIXAN xəbər verir ki, Naxçıvanda növbəti humanitar tibbi aksiya keçirilir. Referans Medikal Qrupun daxilində fəaliyyət göstərən xəstəxanaların həkimlərinin iştirakı ilə təşkil olunan aksiyanın ilk günü 527 nəfər ambulator müayinə olunub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Türkiyə Respublikası Hacəttəpə və Ankara Tibb Universitetləri Endokrinologiya və Metabolizma kafedrasında, həmçinin ABŞ-ın Georgiya ştatındakı Emori Universitetində təhsil alan Rövşən Həsənovun rəhbərliyi ilə 12 nəfərlik yüksəkixtisaslı həkim heyəti Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində ikigünlük humanitar aksiyaya başlayıb. Müayinə olunmaq üçün xəstəxanaya müraciət edənləri tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Pasiyentlər müxtəlif xəstəliklər üzrə tibbi müayinələrdən keçiriliblər. Onlarda müşahidə olunan zob düyünlərinin biopsiyası və ultrason müayinələri aparılıb, şəkər xəstəlikləri və onların risk amilləri araşdırılıb, xəstələr həmçinin uroloji, kardioloji, ginekoloji və başqa müayinələrdən keçirilib, onlara tibbi məsləhətlər verilib.
Mədinə Rəhimli