Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2019-cu ildə də davam etdirilib. İl ərzində plan tapşırıqlara 100,9 faiz əməl olunub, tarif gəliri əlavə dəyər vergisiz 9 milyon 617 min 672 manat təşkil edib.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, bu barədə Nazirlikdə keçirilən kollegiya iclasında ətraflı danışılıb.
İclasda çıxış edən nazir Rövşən Məmmədov bildirib ki, il ərzində Ordubad rayonunun Dəstə kəndində 704, Şərur rayonunun Kərimbəyli kəndində 384, Alışar kəndində 384, Babək rayonunun Kültəpə kəndində 192, Şahbuz rayonunun Türkeş kəndində 96 nömrəlik avtomat telefon stansiyaları yeni tikilən kənd mərkəzlərinə köçürülüb, standartlara uyğun yenidən qurulub.
“Ötən il muxtar respublikanın quruculuq işləri aparılan bir sıra yaşayış məntəqələri müasir telefon stansiyaları ilə təmin olunub. Belə ki, Şərur rayonunun Muğanlı kənd rabitə evində 192, Yeni Havuş və Xətai kəndlərini əhatə edən rabitə evində 192, Xələc kəndində 256, Məmmədsabir kəndində 256, Muğancıq Mehrab kəndində 192, Babək rayonunun Gülşənabad kəndində 192 nömrəlik yeni nəsil avtomat telefon stansiyaları qurulub”, – deyən nazir vurğulayıb ki, həmçinin əhalinin tələbatı nəzərə alınaraq Babək rayonunun Nəcəfalıdizə kəndində 32 nömrəlik, Naxçıvan şəhərinin Hacıniyyət kəndində və Şəhriyar küçəsində hər birinin montaj tutumu 608 nömrə olan avtomat telefon stansiyaları açıq ərazilərdə qurularaq istifadəyə verilib.
Diqqətə çatdırılıb ki, il ərzində 2329 yeni telefon nömrəsi istismara verilib. “Evədək optika” layihəsi çərçivəsində 35 fərdi mənzilə fiber-optik kabel xətti çəkilib və GPON avadanlığı quraşdırılıb. Muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar 5-ci mərhələ üzrə işlər tamamlanıb, Culfa rayonunu əhatə edən bu layihə üzrə mövcud 21 ədəd Daewoo və Karel tipli avtomat telefon stansiyaları demontaj olunaraq yeni nəsil avtomat telefon stansiyaları ilə əvəz olunub. Ümumilikdə, bu layihə ilə Culfa rayonu ərazisində 28 yeni nəsil telefon stansiyasının quraşdırma-tənzimləmə işləri başa çatdırılıb. Bundan əlavə, rayonun Əbrəqunus və Ərəfsə yaşayış məntəqələri arasında çəkilən 28 kilometr uzunluğunda 48 lifli yeraltı fiber-optik kabel xəttinin tikintisi başa çatdırılıb və bu xətt üzərində 10 GB/s-lik telekommunikasiya sistemi qurulub.
Rövşən Məmmədov deyib ki, ötən il “Naxtel” mobil operatoru abunəçilərinin sayı 87 mini ötüb. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən genişzolaqlı ADSL texnologiyası vasitəsilə il ərzində 7000-dən artıq yeni istifadəçi internetlə təmin olunub, əhali üzrə genişzolaqlı internet paylayıcı nöqtələrin aktiv sayı 30 minə yaxınlaşıb. “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.